Azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, həmişə öz mübarizliyi, işgüzarlığı və qonaqpərvərliyi ilə seçilir. Ukraynada yaşayan soydaşlarımız da, sadaladığım keyfiyyətləri qoruyub saxlamağa çalışırlar. Əlbəttə, hər yerdə olmasa da, bir çoxlarında bu xüsusiyyət var və bu, təqdirəlayiqdir. Ukraynanın Nikolayev şəhərində yaşayan azərbaycanlılar Azərbaycanı təmsil etdiklərinə görə qürur duyurlar. Belə ki, hələ sovetlər dönəmində Böyük Vətən Müharibəsi zamanı soydaşlarımızın çoxluq təşkil etdiyi “416-cı Taqanroq diviziyası” bu şəhərin azad olunmasında böyük şücayət göstərib. Bunu yerli xalqlar da bildiyi üçün, azərbaycanlılara xüsusi hörmətlə yanaşılır. Nikalayev şəhəri yaxınlığında “Qardaşlıq” qəbristanlığı var. Orada xeyli sayda həmvətənlimiz dəfn olunub. Bu şəhərdə diaspora işi ilə yaxından tanış olmaq üçün soydaşlarımızla görüşə gəldik. Əslində Nikolayev şəhərində fəaliyyət göstərən “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin” Nikolayev şəhər nümayəndəliyinin sədri Yunus Dəmir oğlu Alıyev haqqında məlumatlıydıq. Yunus müəllimi təkcə Ukrayna deyil, postsovet məkanında və Avropada yaşayan soydaşlarımız belə çox yaxşı tanıyır. Onun yaşadığı şəhər elə də böyük olmasa da, gördüyü işlər böyük şəhərlərə belə sığmır. Belə ki, Yunus Alıyev Nikolayev şəhəri yaxınlığındakı “Qardaşlıq” qəbristanlığını ziyarət edərkən orada dəfn edilmiş yüzlərlə azərbaycanlının, bu torpaqları alman faşistlərinin işğalından azad edərkən şəhid olan soydaşlarımızın məzarını görür. Yunus müəllim bu məzarlığın baxımsızlıqdan bərbad hala düşdüyünün şahidi olur, Bakı şəhərindəki şəxsi mənzilini sataraq həmin qəbristanlığı bərpa etdirir. Həmin xarabalıığın yerində əsil Azərbaycan qəhrəmanlarına yaraşan bir abidə komleksi tikdirir. Bəli, bu həqiqətən də, çox böyük işdir. Bəzən düşünürsən, görəsən bu nədir, vətənpərvərlik, millətinə, xalqına sevgi, yoxsa nə? Çünki Yunus müəllimdən qat-qat imkanlı iş adamları ilə görüşüb söhbət etmişəm. Bəzi varlı iş adamları utanmadan mənə deyir ki, bəs bizim dövlət nə vaxt bizə maddi kömək edəcək? Yunus müəllim isə, sanki öz övladı, və yaxud valideyni üçün edirmiş kimi, öz şəxsi mənzilini sataraq, millətinin adını uca tutmaq üçün oranı təmir etdirib.
Doğrudan da qürurverici hadisədir. Odur ki, onunla görüşə çox həyəcanlı getmişdim. Bəli, mənim onunla görüşüm Nikalayev şəhərinin dəmir yol vağzalında baş tutdu. Saçları tam ağarsa da, daxili cavanlığı, Vətən sevgisi, onu çox cavan göstərirdi. Yunus Alıyev əvvəlcə yaşadığı şəhərlə bizi tanış etdi. Daha sonra, onun evinə getdik. Bu həyətdə insan özünü azərbaycandakı kimi hiss edir. Həyətdəki bütün səliqə-səhman bu evin xanımının azərbaycanlı olduğundan xəbər verirdi. Çox keçmədi ki, Rəxşəndə xanımla da tanış olduq. Gəlişimizi eşidim dadlı təamlar hazırlayan Rəxşəndə xanım, sakit təbiətli, üzündə nur olan əsil Azərbaycan xanımıdır. Yunus müəllim yediyimiz təamların hamısını, öz bağçasında yetişdirdiyini dedi. Onun maddi imkanları yetərincədir ki, müxtəlif tərəvəzləri bazardan alsın, ancaq nəinki tərəvəzləri, hətta çörəyi də, Rəxşəndə xanım özü bişirir. Yunus müəllimin həyətində müxtəlif cürə meyvə ağacları, toxumu azərbaycandan gətirilmiş bir çox tərəvəzlərə, hətta kəklik otuna da, rast gəldik. Yunus müəllimin iki övladı var, hər ikisi ailəlidir və öz evlərində yaşayırlar. Onunla söhbət zamanı başa düşdüm ki, ürəyi Azərbaycan deyəndə daha da sürətlə döyünür. Söz arası sual verdim ki, niyə həmişəlik azərbaycana köçmür. Y.Alıyev sanki bu şəhərdə böyük öhdəlik götürüb və onu başa vurmamış heç yerə getmək istəmir. Bu öhdəlik, yaşadığı şəhərdə, Azərbaycan adını daima ucaltmaq, soydaşlarımıza maksimum, işlə, maddi-mənəvi, hüquqi və s. kömək etməkdən ibarətdir.
- Yunus müəllim necə oldu ki, Ukraynaya gəldiniz?
- Mən əsgərliyimi Ukraynada etmişəm. Kasıb bir ailənin uşağı idim, əsgərliyi bitirib evimizə dönəndə gördüm ki, atasız ailədə yaşamaq çox çətindir. Bacı, qardaş hamısının gözü mənə tikilib, odur ki, qərara gəldim Nikalayev şəhərinə gəlim. Hələ sovetlər birliyi dönəmində, kolxoz-sovxozun vaxtında, kolxozda işə düzəldim. Əvvəlcə fəhləlik, sonra bir sıra tikinti işlərində işləyib yaxşı maaş da alırdım. Aldığım məvacibi bacı-qardaşlarıma, anama göndərirdim. Daha sonra kolxozun torpaqlarını icarəyə götürüb, müxtəlif işlərlə, üzümçülük, tərəvəz və s. əkməklə öz maddi təminatımı həll etdim. Bu arada kolxozun sədri məni yanına çağırıb dedi ki, sən çox diribaş, bacarıqlı adamsan. Gəl sənədlərini Kənd Təsərrüfatı Texnikumuna ver və sonra mənim yanımda aqronom kimi çalış. Mən elə də etdim, sənədlərimi texnikuma verərkən, uşaqlar mənə dedilər ki, sənin şəkilin texnikumda Şərəf lövhəsindən asılıb. Gəlib gördüm ki, Lenin ordeni aldığım vaxtı çəkilmiş şəkildir. Texnikumun rəhbərliyi bəyan etdi ki, Lenin ordeni aldığın üçün, sən cəmi bir imtahan verməlisən. Beləliklə də, mən bir müddət sonra Aqronom işləməyə başladım. Sovetlər dağıldıqdan sonra, mən bizneslə məşğul olmağa başladım. Düzdür biznes haqqında heç nə bilməsəm də, öyrənməyə başladım. İnsan hər şeyə qadirdir.
- Konqresə nə vaxtdan gəlmisiniz?
- Mənim əvvəlcədən təşkilatı işlərdən xoşum gəlirdi. Pulumun çox olan vaxtı, o vaxtkı konqresimizə xeyli pul da verirdim. Məqsədim o idi ki, burada Azərbaycan məktəbimiz olsun, dilimizi, tariximizi unutmayaq, öz binamız olsun. Bir müddət sonra gördüm ki, pullar yoxa çıxdı və heç nə yaradılmadı. Bir müddət sonra Ümummilli lider Heydər Əliyevin adını daşıyan cəmiyyət açdım və onun adına məktəb, idman məktəbi və futbol komandası yaratdım. Əslində uzun illər idi ki, burada Konqres yox idi. Çox sağolsun Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev. O, bu Konqresə yeni nəfəs gətirdi. Nikalayev şəhərində də öz nümayəndəliyini açdı və buradagördüyüm işlərin qarşılığında soydaşlarımız məni sədr seçdilər. Bilirsinizmi R.Tağıyev yetişmiş, hazır bir siyasətçidir. Onun yeri Ali Rada və yaxud hər hansı bir nazir postudur. Bu gün Ukraynanın dövlət rəsmiləri tərəfindən peşəkar siyasətçi kimi qəbul edilən bir rəhbər konqresimizə yalnız başucalığı gətirə bilər. Bizlərin də borcudur ki, belə bir şəxsiyyətin ətrafında sıx birləşək və onu qoruyaq.
- Qardaşlıq məzarlığı abidəsi haqqında nə deyə bilərsiniz? Necə oldu ki, bu məzarlığı bərpa etdirdiniz?
- Bizim konqresin çox savadlı, fəal bir üzvü var, Anar Axundov. O, mənə zəng edərək dedi ki, bəs eşitdiyimə görə bura bir veteran gəlir, keçmiş konqres rəhbərlərinin yanına və onlara deyir ki, mən arxivdən sənəd çıxartmışam "416-cı Taqanroq diviziyası"nın yüzlərlə azərbaycanlı əsgərləri burada dəfn olunub. Keçmiş konqres rəhbərliyi isə ağsaqqal kişini təhqir edərək, onu başı xarab adlandırıb və bu məsələyə çox da, ciddi yanaşmayıblar. Mən Anar Axundova dedim ki, o adamı tap. Biz onu tapan vaxtı Nikolay Nikolayeviç Korpotenko öz şəxsi vəsaiti hesabına taxta lövhəyə bütün vəfat etmiş əsgərlərin adını yazdırmışdı. Onun bu hərəkəti mənə çox xoş oldu. Nikolay Nikolayeviç mənimlə söhbət etmək belə istəmirdi. Deyirdi ki, sizinkilər məni təhqir edib, ələ salırdılar. Sonra gördü ki, yox mən daha ciddi adamam və onun çəkdiyi xərci dərhal ödədim, təqaüdçü ağsaqqal sevindiyindən ağladı. Biz həmin yerə baxış keçirdik. Xarabazarlığa oxşayan bir yer idi, 11 min azərbaycanlı burada döyüşmüşdür. Mən əlil polkovnikə söz verdim ki, burada hökmən abidə qoyacağam. Mən həmin yerdə altı sot torpaq aldım, magistral yolun üstündə olduğu üçün, çox çətinliklə sənədləşdirdim. Daha sonra yolun üstündə böyük bir tanıtım işarəsi də qoydurdum, əlbəttə ki, buna da ayrıca icazə aldım. Həm fiziki, həm də maddi gücümün hesabına bu abidəni təşkil edə bildim.
- Maddi vəsaiti haradan aldınız?
- Bilirsinizmi, mən bu barədə heç kimə ağız açmadım, öz şəxsi vəsaitimlə etdim. Bakıda evim var idi, onu satdım və həmin pula “Qardaşlıq məzarı“ abidə komleksini inşa etdirdim. Yerli əhali deyir ki, buradakı balaca göl, altı ay qırmızı rəngdə olub, su al qana bürünüb. Bizim üç yüzədək Azərbaycan xanımı həmin yerdə döyüşüb. İçərilərində snayperçilər, qırıcı təyyarəçilər, tibb bacıları və s. xanımlarımız olub.
- Qarşıda görəcəyiniz işlər, planlarınız haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi həmin Qardaşlıq məzarı abidə kompleksi şəhərdən yetmiş kilometr aralıda yerləşir. Mənim məqsədim budur ki, həmin komleksin başqa bir formasını da şəhərin mərkəzində təşkil edim. Artıq park salmaq üçün yer də tapmışıq, layihəmizi də bu günlərdə təsdiq edəcəklər. Bilirsinizmi o abidə şəhərdən uzaq olduğu üçün yalnız yoldan keçənlər onu görür. Ancaq şəhərin mərkəzində belə bir abidə qoyularsa, yerli sakinlər xalqımızın qəhrəman övladlarının bu şəhər uğrunda canından keçdiklərini öyrənmiş olarlar. Çox istəyirəm ki, bu layihəmi də başa çatdıra bilim. Qaldı mənə, inanın mən millətimi, dövlətimi çox sevirəm. Onun yolunda xərclədiyim maddiyyatı elə də böyük saymıram. Əgər imkanım çox olarsa daha da böyük işlər görərdim. İstəyirəm biləsiniz, Vətənim, xalqimdan üçün canımı da fəda edərəm.
Daha sonra BUAK-n Nikalayev şəhəri üzrə sədr müavini Anar Axundovla görüşdük. Anar müəllim rus dillidir, Azərbaycan və Ukrayna dillərini də mükəmməl bilir. A.Axundov Nikalayev şəhərinin meri Aleksandr Fyodroviç Senkeviçin milli məsələlər üzrə köməkçisidir. Bundan əlavə Şəhər sovetində Millətlər cəmiyyətinin sədridir. Cavan olmasına baxmayaraq, şəhərdə həm iş adamı kimi, həm də konqresdəki fəaliyyətinə görə böyük nüfuz sahibidir.
Bundan əlavə iş adamı, kiçik çörək zavodunun sahibi Fərrux Şahbaba oğlu Poladovla da görüşdük. O, yanında xeyli soydaşımızın da işlədiyini söylədi. Fərrux da konqresin işlərində fəal iştirak etdiyini və millətimizin başını uca etmək üçün əlindən gələni əsirgəmədiyini dedi.
Nikalayev şəhərinin gözəlliyi və Azərbaycan konqresinin gördüyü işlər sözün əsil mənasında adamı valeh edir. Hesab edirəm ki, hər bir vilayətdə bir insan Yunus Alıyev kimi olarsa burada Azərbaycanı layiqincə təmsil edərsə, biz çox qısa zamanda Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıra bilərik. Biz sənədlərə, şəkillərə baxarkən, bir daha əmin olduq ki, Nikalayev şəhərində bütün milli bayramlarımızı və matəm günlərimiz layiqincə qeyd edilir. Azərbaycan həqiqətləri, milli adət-ənənələrimiz lazımi səviyyədə təbliğ olunur.
Əlmaniz Ələkbərli
Şərqi Avropa ölkələri və Ukrayna bürosu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB