Sona Vəliyeva: “Kaspi Təhsil Mərkəzi daim aktual və novator layihələri ilə Azərbaycan təhsil məkanında tamamilə fərqlənir” - MÜSAHİBƏ

Kaspi Təhsil Şurasının sədri Sona Vəliyevanın SİA-ya müsahibəsi

- Ölkəmizdə Kaspi Təhsil Mərkəzi hansı zərurətdən yarandı və neçə ildir fəaliyyət göstərir?

- Kaspi Təhsil Mərkəzi 2008-ci il mayın 5-də öz təsis yığıncağını keçirib. Mərkəz artıq iki ildir ki, fəaliyyət göstərir. Kaspi Təhsil Mərkəzi yarandığı vaxtdan ictimaiyyət və media qarşısında özünün imkanları və nəticələri barədə daim hesabat verib. Ötən il Kaspi Təhsil Mərkəzindən dövlət ali təhsil müəssisələrinə sənəd verənlərin 54 %-i tələbə adına layiq görülüb. Cari tədris ili üçün isə Azərbaycan ali təhsil sistemində Kaspi Təhsil Mərkəzinin "Abituriyent" bölməsini bitirən uşaqların 93 faizi təmsil olunur. Ən sevindirici hal ondan ibarətdir ki, bu gənclərin 10 faizi 600-675, 40 faizi isə 500-600 bal toplayanlardır. 2 il üçün bu böyük bir nailiyyətdir. Mərkəzin xaricdə təhsil bölməsindən isə 32 nəfər gənc bakalavr və magistr pillələri üzrə xaricdə təhsil almağa göndərilib. Gələcəkdə də Kaspi Təhsil Mərkəzinin nailiyyətlərinin davamlı olacağına inanırıq.

- Kaspi Təhsil Mərkəzinin ölkədə fəaliyyət göstərən digər müstəqil təhsil mərkəzlərindən fərqi nədir?

- Kaspi Təhsil Mərkəzinin digərlərindən fərqi böyükdür. Daim aktual və novator layihələri ilə Kaspi Təhsil Mərkəzi Azərbaycan təhsil məkanında tamamilə fərqlənir. Bu il yay mövsümündə 3 ay ərzində yeni layihə həyata keçirdik. Bu layihə ondan ibarət oldu ki, artıq gənclər xaricdəki yay məktəblərində təhsil almaq üçün xaricə getmir, əksinə xarici kadrlar bura gəlirdilər. Həftənin 5 günü dərslər, şənbə və bazar günü isə Azərbaycanın görməli yerlərinə səyahətlər, səfər təəssüratlarının ingilis dilində müzakirəsi və s. təşkil olunur. İkinci bir məsələ isə Kaspi Təhsil Mərkəzinin "Abituriyent" kurslarının təşkilidir. "Abituriyent" kursları bütün müstəqil təhsil mərkəzlərində yoxdur. Bu təhsil mərkəzinin fəaliyyəti xüsusilə onunla fərqlənir ki, burada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspert qruplarında çalışmış müəllimlərdən ibarət ən peşəkar kollektiv fəaliyyət göstərir. Mərkəz münbit dərs şəraiti, zəngin kitabxana və bütün tələbələrin təhsil alması üçün fərdi kompyuterə malikdir. Bütün bu zəngin dərs şəraiti, müəllim kollektivinin olması bütövlükdə Kaspi Təhsil Mərkəzini digər təhsil mərkəzlərindən fərqləndirir.

Azərbaycanda ilk dəfə olaraq Kaspi Təhsil Mərkəzinin "Abituriyent" hazırlıq kursları müəyyən olunmuş yüksək bal həddini keçən abituriyentlər üçün təqaüd təsis edib. Onlar bu təqaüdü müəyyən olunmuş sınaq balını əldə etdikdən sonra ala bilər. Bu, Azərbaycanda ilk dəfədir. Bir ildir ki, biz bu sistemi tətbiq etmişik. Hazırda şüarımız belədir: "Bu ilin kaspi abituriyenti sabahın universitet tələbəsi, sabahın universitet tələbəsi isə həm də prezident təqaüdçüsüdür".

- Hazırda bu mərkəzdə təhsil alan abituriyentlərin sayı nə qədərdir və onlar hansı qaydalarla buraya qəbul olunurlar?

- Ötən il mərkəzi bitirən 180 nəfər "Abituiryent" hazırlıq kursunu keçiblər. Bu il isə Kaspi Təhsil Mərkəzində 187 nəfər cari il təhsil alacaq. Onları buraya cəlb edən əsas səbəb sistemli dərs mühiti, zəngin dərs şəratinin olması və peşəkar müəllimlərin toplanmasıdır. Hesab edirəm ki, əgər bu mərkəzə insanlar gəlirsə, demək ki, onlar fərqliliyi hiss edirlər. Fərqliliyi əldə etmək üçün isə mərkəzdə gərgin iş vaxtı, ciddi nizam-intizam, bundan əlavə peşəkar kollektiv fəaliyyət göstərir.

Abituriyentlər mərkəzə qəbul olmaq üçün 2 mərhələli imtahan sınağından keçirilir. May ayından başlayaraq növbəti il üçün "Abituriyent" hazırlıq kurslarına gənclərin cəlb edilməsinə başlanır və onlar sınaq imtahanlarından keçirilirlər.

- Sizin mərkəzin abituriyentləri istədiyiniz nəticələri əldə edə bilirlərmi?

- 675 bal da yüksək bal hesab olunduğundan abituriyentlərin nəticələri bir tərəfdən bizi qane edir. Amma biz onlardan daha yüksək bal gözləyirik. Mümkün balın ən mümkününü toplamalarını arzulayırırq.

Bu il bizim qəbul prosesində hazırlıq prosesi keçən abituriyentlərin 94%-i dövlət ali təhsil müəssisələrində Kaspi Təhsil Mərkəzini təmsil edir. Bu mərkəzdə ən yüksək nəticə 675 baldır. 10 nəfər 600-675, 40%-i isə 500-590 arası bal toplayıb. Təbii ki, bu bir tərəfdən bizi qane edir, digər tərəfdən isə qane etmir. Çünki onlardan daha böyük uğurlar gözləyirik. Hesab edirəm ki, Kaspi Təhsil Mərkəzində təhsil alacaq builki gənclərimiz 700 imtahan balı toplaya biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə