Beynəlxalq Muğam Mərkəzində hind musiqisi uğurla səslənib

Beynəlxalq Muğam Mərkəzində hind musiqisi uğurla səslənib

Beynəlxalq Muğam Mərkəzində 15 avqust tarixində Hindistanın müstəqilliyinin 70-ci ildönümü qeyd olunub. İlk olaraq səhnəyə səfir Sanjay Rana çıxaraq Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu və əməkdaşlığın iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmləndiyini qeyd edib. SİA-nın məlumatına görə, 1991-ci ildə Hindistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr arasında yer alıb. Bu il Hindistan və Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyini Hindistan-Azərbaycan 'Dostluq Festival'-ı çərçivəsində hər iki ölkədə təşkil olunan bir sıra mədəni tədbirlərlə qeyd edib.

Səfir çıxışının sonunda tədbirlərin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Hindistan-Azərbaycan Assosasiyasına təşəkkürünü bildirib. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlarınada tədbirin təşkilində göstərdikləri səyə görə minnətdarlıq edib. Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissəsi başlayıb. Gecədə tanınmış Kathak klassik rəqsi istedadlı ifaçılar Anupama Kauşik və Tullika Pal tərəfindən nümayiş olunub, 6-cı Televiziya Muğam Müsabiqəsinin Qranpri mükafatçısı Almaxanım Əhmədlinin ifasında isə Azərbaycan muğamları səslənib. Gecədə bir çox ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, dövlət xadimləri iştirak edib. Gecə tamaşaçıların gur alqışları ilə başa çadıb.

Beynəlxalq Muğam Mərkəzi tamaşaçılarını gələcək aylarda da dünya etnik musiqiləri ilə Azərbaycan muğamının sintezindən ibarət "Etnik musiqi inciləri" adlı beynəlxalq layihələrlə sevindirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə