Bu gün Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, cari ilin 6 ayı ərzində baş verən yol-nəqliyyat hadisələrinin 88,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artaraq 223 nəfər, yaralananların sayı isə 13,7 faiz azalaraq 779 nəfər olub. Yaşayış məntəqələrində məhdud sürət olduğu halda, qəzalara şərait yaradan səbəblər nədir. Qəzaların qarşısını almaq mümkündürmü?
“Sürücülərin məhdud sürət həddini nəzərə almaması qəzaya səbəb olur”
Məsələ ilə bağlı SİA-ya açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəqəmlər heç də təsadüfi deyil: “ Çünki dünyanın hər yerində yaşayıq məntəqəsi ən təhlükəli, həssas, diqqət tələb edən və mürəkkəb hərəkət şəraiti olan yol sahələri hesab olunur. Bu baxımdan da yaşayış məntəqələrinə sürət məhdudiyyəti qoyulur. Sürücülər bu şəraiti nəzərə almadıqda yol nəqliyyat hadisələri baş verir”.
“Piyada vurulma hallarının 90 faizində günahkar məhz piyadaların özləridir”
Ə. Hüseynov təəssüflə qeyd edib ki, hələ də Azərbaycanda nə sürücülərin, nə də piyadaların yol hərəkəti ilə bağlı məsuliyyəti, intizamı qaneedici deyil: “ Belə olan halda, qəzaların baş verməsində həm sürücülər, həm də piyadalar günahkar olur. Burada tək sürücüləri günahlandırmaq mümkün deyil. Çünki, yaşayış məntəqələrində baş verən qəzaların statistikasının incələsək görərik ki, baş verən hadisələrin 34-40 faizi məhz piyada vurulma halından ibarətdir. Piyada vurulma hallarının demək olar ki, 90 faizində yol hərəkət qaydalarını pozan məhz piyadalar olur. Nəticə etibarı ilə belə qəzalar piyadalar üçün yaxşı nəticələnmir. Çünki belə hadisələr zamanı avtomobilə heç nə olmur, bir qayda olaraq ya piyada həyatını itirir, ya da əlil olur. Bu baxımdan belə hər iki hərəkət iştirakçısı diqqətli, məsuliyyətli olmalı, yol hərəkət qaydalarına riayət etməlidir”.
“Cərimələr problemi kökündən həll etmir”
Azərbaycanda yol-hərəkəti ilə bağlı qanun pozuntularına görə cərimələrin tətbiq edildiyini deyən Ə. Hüseynov söyləyib ki, bunun özü də qəzaların qarşısının alınmasında müəyyən rola malikdir: “Lakin tək cərimə problemi kökündən həll etməyə qadir deyil. Burada insanların, sürücülərin dünya görüşünü dəyişəcək tədbirlərin görülməsinə ehtiyac var. İnsanlarımız yol hərəkəti qaydalarını həyatı dəyər kimi qəbul etməlidirlər. Bir sözlə desək qəzaların qarşısının alınması üçün digər, dünya təcrübəsinə əsaslanan mexanizmlərdən istifadə etmək olar”.
“Dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda qəzaların sayını azaltmaq mümkündür”
Ekspertin fikrincə, sistemli, əsaslandırılmış, konseptual yanaşma ortaya qoymaqla qəzaların qarşısını almaq mümkündür: “Bütün məsələlərlə bağlı çıxış yolları var. Burada dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən də istifadə etmək olar. Belə ki, 10 il öncə BMT-nin rəhbərliyi altında bir çox inkişaf etmiş ölkələrdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət proqramları qəbul edilib. Həmin proqramda bütün məsələlər incələnərək elmi əsaslarla əsaslandırılıb, insanların davranışında, fikirlərində dönüş yaradacaq məqamlar öz əksini tapıb. Bu proqram sayəsində sözügedən ölkələrdə qəzaların qarşısının alınması ilə bağlı xeyli irəliləyişlər var. Hətta bəzi Avropa ölkələrində qəzaların sayı 1970-ci illə müqayisədə 5 dəfə azalıb. Bu baxımdan belə təcrübələrdən istifadə etməklə Azərbaycanda da qəzaların sayını azaltmaq mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB