Yazıçı-publisist Afət Sadiq oğlu Məmmədovun növbəti kitabı belə adlanır
Nəinki ölkəmizdə, eləcə də, sərhədlərimiz xaricində tanınan və adı hörmətlə çəkilən yazçısı-publisist Afət Məmmədovun növbəti kitabı işıq üzü görüb. "Türk dünyasının Kıbrısı" adlanan kitabda türk dünyasının bir parçası olan Kıbrısın tarixi, mədəniyyəti, dini, dili, folkloru, elmi, tarixi şəxsiyyətləri və əhalisinin yaşayışı ilə bağlı geniş, əhatəli məlumatlar və şərhlər əks olunub. Sadə, oxunaqlı dildə yazılan kitabın ön söz müəllifi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuq Turganer, elmi redaktoru, tarix elmlər doktoru, professor Abbas Seyidov, redaktoru isə tanınmış yazıçı-publisist, Azərbaycan Respublikasının Əməkdar jurnalisti İttifaq Mirzəbəylidir.
Kitabda Kıbrıs tarixi və ilk insanların bu ərazilərdə məskunlaşmasından geniş bəhs olunur və qeyd olunur ki, bu torpaqlarda ilk insanın yaşayışı bizim e.ə. 8000-ci ildən başlamışdır. İnsanların məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kitabda bu füsunkar, gözəl diyarın eramızın 395-ci ilində Bizans, 648-ci ilində isə ərəblər, 965-ci ildə yenidən Bizans tərəfindən zəbt olunması vurğulanır. Müəllif tarixi faktlara və əldə etdiyi mənbələrə istinad edərək, bildirir ki, Azərbaycan və Kıbrıs arasında əlaqələr 15-ci əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyəti dövründə qurulub. XX əsrin 50-ci illərinən sonra Kıbrsla Azərbaycan arasında tarixi əlaqələr geniş xarakter alıb. Bu əlaqələr özünün pik nöqtəsinə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra çatmışdır. 1997-ci ilin avqust ayından Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi fəaliyyət göstərir.
"Türk dünyasının Kıbrısı" kitabında XX əsrin ikinci yarısından sonra Kıbrıs ərazisində baş verən ictimai-siyasi hadisələrə geniş yer verilir. Bildirilir ki, Kıbrıs 1960-cı ildən BMT-nin üzvü olsa da, bu adada yunanlarla türklər arasında müəyyən gərginliklər yaşanıb. Toqquşmalara baxmayaraq, nəhayət, 1975-ci il fevralın 13-də Kıbrıs türklərə aid hissəsində Kıbrıs türk fedarativ dövlətinin yaradılması və konstitusiyanın qəbul edilməsi və digər maraq doğuran məsələlər kitabda öz əksini tapıb.
Kitabın digər maraq doğuran cəhəti ondan ibarətdir ki, müəllif Kıbrıs Cümhuriyyətinin cumhur başqanları haqqında məlumatlar yer alıb. İlk cumhur başqanı Fazil Kiçik, eyni zamanda, Rauf Raif Denktaş, Mehmet Ali Talat, Dərviş Əloğlu, Mustafa Akınçı və cumhuriyyətin məclisin sədri Sibel xanım Siber və digər dövlət və ictimai xadimlər haqqında müfəssəl məlumatlar verilib.
Birmənalı şəkildə, demək olar ki, "Xalq" qəzetinin baş redaktorunun müavini, yazıçı-publisist Afət Sadiq oğlu Məmmədovun qələmə aldığı "Türk dünyasının Kıbrısı" kitabı maraqlı kitab axtarışında olan oxucular üçün bir məlumat bazası, informasiya mənbəyi olacaq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB