Rövşən Tağıyev: "Məqsədimiz Azərbaycanla Ukrayna arasında yeni körpülər yaratmaqdır" MÜSAHİBƏ
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ulu Öndər bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Qısa bir müddət keçdikdən sonra, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi.
Bu gün dünyanın bir çox ölkələrində, ümumi baxdıqda, diaspora işinin yüksək səviyyədə qurulması, lobbiçilik fəaliyyəti arzuolunan səviyyədə olmasa da, elə təşkilatlarımız vardır ki, onlar sözün hər mənasında Azərbaycan xalqını yaşadıqları ölkələrdə yüksək səviyyədə təmsil edirlər. Belə təmsilçilərimizdən biri də “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin” sədri, “Dünya Diasporlar Assambleyasının” həmsədri, “Ukrayna Millətlər Assambleyasının Prezidenti, Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti, Ukrayna Dövlət Komissiyasının üzvü Rövşən Tağıyevdir.
- Rövşən müəllim, niyə məhz “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi”? Başqa konqres və digər təşkilatları birləşdirmək üçün belə bir konqres yaratdınız?
- Öncə onu qeyd etmək istəyirəm ki, “Ukrayna Azərbaycanlıları Konqresi“ 1999-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyyəsi və xeyir-duası ilə yaranıb. Mən o zaman Azərbaycanın Ukraynadakı səfirliyində işləyirdim. 1991-ci ildə Kiyev Dövlət Universitetinin Tarix fakültəsini bitirdikdən sonra 1997-ci ilədək “Millətlər Təşkilatlar Şurasında” və onun rəhbərliyində çalışmışam. Hələ sovetlər birliyi dövründə “Türkdilli Xalqlar Cəmiyyətinin idarə heyətinin üzvü və bir müddət sədri də olmuşam. Həmin dövrdə bütün bu sadaladığım təcrübəni əsas gətirən Azərbaycanın Ukraynadakı keçmiş səfiri Nazim İbrahimov Konqresin yaradılması işini səfirlikdə bir diplomat kimi mənə həvalə etmişdi. Biz o zaman Ukraynanın vilayət və şəhərlərində müxtəlif adlar altında fəaliyyət göstərən və yeni yaratdığımız təşkilatları da birləşdirərək “Ukrayna Azərbaycanlıları Konqresini” təsis etdik. Tam əminliklə deyə bilərəm ki, bu proses nəinki uğurlu alındı, həmçinin dünyanın müxtəlif ölkələrində, mütəşəkkil Azərbaycan diaspor təşkilatlarının yaradılmasında təkanverici bir amil oldu. Təbii ki, hər bir təşkilatın təşəkkül və tənəzzül dövrü olur. Çox təəssüflər olsun ki, ilk fəaliyyətini uğurlu gedişatlarla başlayan UAK-ın fəaliyyətində 2011-12-ci illərdə ciddi problemlər yarandı. Mən o zaman bizneslə məşğul olduğum üçün bu proseslərdən kənarda idim. 2011-ci ildə “Ukrayna Azərbaycanlıları Konqresinin” regional təşkilatlarının sədrləri mənə müraciət edərək, Konqresin fəaliyyətinə əsassız müdaxilələrin olunduğunu və bu qurumun vaxtlı-vaxtında Ukraynanın ədliyyə orqanlarına hesabat vermədiklərinə görə, ciddi problemlərlə üzləşdiklərini bildirərək, bu işdə təcrübəsi olan bir şəxs kimi məndən kömək istədilər. O zaman Ukraynada milli azlıqlar siyasətinə dəyişikliklər olduğu üçün, “Ukrayna Azərbaycanlıları Konqresinin” adını dəyişib, “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” adı ilə fəaliyyətimizi davam etdirmək qərarına gəldik . Yəni Ukraynanın 24 vilayət təşkilatından 18-i fövqəladə konfransını keçirib təşkilatın adının əvvəlinə “Birləşmiş” sözü əlavə edərək Ulu Öndərimizin bizlərə ərmağan qoyub getdiyi konqresin fəaliyyətini davam etdirməyə müfəvvəq olduq. O zaman konfransda BUAK-a rəhbərlik də yekdilliklə mənə həvalə olundu. Özünüz bir araşdırma aparın və baxın, Diasporla iş üzrə Dövlət Komitəsinin arxivinə də müraciət etsəniz görərsiniz ki,1999-cu ildə yaradılmış Konqres bu gündə eyni tərkibdə fəaliyyət göstərir. Bu isə təbii bir prosesdir. Amma bir həqiqəti vurğulamaq istəyirəm ki, o zaman konqresi parçalamaq və ləğv etmək üçün çox böyük qüvvələr fəaliyyət göstərirdi. Mən qürur hissi keçirirəm ki, Konqresin fəalları və region sədrləri biraraya gələrək bu yaramaz planı alt-üst etdilər. Nəzərinizə çatdırmaq istəyirəm ki, BUAK-ın regional təşkilatları bu gün çox böyük əzmlə fəaliyyət göstərir. Xalqımızın qədim və zəngin mədəniyyətini, yaşadığımız ölkədə layiqincə təmsil edirlər. Demək olar ki, Ukraynanın əksər vilayət və şəhərlərində fəaliyyət göstərən Azərbaycan diasporunun nüfuzu, bir çox təşkiltlardan qat-qat üstündür, bunu danmaq olmaz.
- Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən konqres üzvləri digər diaspor təşkilatları ilə müqayisədə nə ilə fərqlənirlər?
- Ən başlıcası bizdə demokratiya var. Yəni mənim rəhbərlik etdiyim qurumun ətrafına birləşənlərin hamısı müstəqil fəaliyyət göstərən təşkilatlardır. Çalışmışam ki, bu gün mənim imzamla hər hansı bir region rəhbərini vəzifəsindən azad etmək olmasın. İstəyimiz bu idi ki, BUAK-a yeni idarəçilik sistemi gətirək. Yəni, asılılıq, mənəmmənəmlik olmasın. Regionda elə nüfuzlu rəhbərlərimiz vardır ki, onun şəxsi nüfuzu qarşısında heç bir Azərbaycan əleyhinə işləyən təşkilat, dayana bilməz. Odur ki, regiondakı konqres rəhbərlərinin gücündən düzgün istifadə olunmalıdır. Ancaq əvvəllər bu belə idi ki, əgər konqres rəhbərinin kimdən xoşu gəlmirdisə, onu vəzifəsindən azad edə bilirdi. Mən çox şadam ki, bu təklifim regionlar tərəfindən qəbul olundu. Biz hər kəsə fikir azadlığı, vermişik. Yəni bu bir yeni idarəçilik metodudur. Bilirsinizmi, əslində rəqabət olan yerdə keyfiyyət də olur. Mən daimi rəhbər olmayacağam ki, beş ildi rəhbərlik edirəm, istəyirəm ki, konqresimizə yeni simalar, yeni səslər gəlsin. Mənim əsas məqsədim demokratik və müstəqil şəkildə fəaliyyət göstərən təşkilatların işinə öz bilik və bacarığımla dəstək olmaqdır.
BUAK olaraq əsas məqsədimiz yaşadığımız ölkədə yerli dövlətin, millətin adət-ənənəsinə hörmət etməklə yanaşı, Azərbaycanla Ukrayna arasında yeni körpülər yaratmaq, millətimizin dinini, dilini, adət-ənənələrini qorumaq və yaşatmaqla yanaşı, vətənimizin mövqeyini öz hərəkətlərimizlə daha da ucaltmaqdır. Biz fəaliyyətimiz zamanı çalışırıq ki, kimdənsə asılı olmayaq, yəni haradansa tapşırıq gözləyən təşkilat deyilik.
Əlbəttə ki, əgər söhbət Azərbaycan dövlətinin maraqlarından gedirsə, burada nəinki hansısa təşkilat rəhbəri, mən deyərdim ki, hər bir vətənini sevən, sadə azərbaycanlı da öz dövlətinin maraqlarından çıxış etməlidir. Məsələn, biz fəaliyyətimiz dövründə Azərbaycan xalqının başına gətirilən bir çox müsibətlər, Xocalı soyqırımı, işğal altında olan torpaqlarımız, qaçqın və məcburi köçkün problemlərimizi daima gündəmdə saxlayırıq. Yəni burada, söhbət anım günləri ərəfəsində, tədbirlər xətrinə toplantıların keçirilməsindən getmir. Biz öz şəxsi nüfuzumuzdan maksimum istifadə edərək, yerli mətbu orqanlarda da bu problemlərdən geniş söhbətlər açırıq.
- Postsovet məkanında, ermənilərin kompakt yaşadığı ölkələrdə, onların böyük vəzifə tutduqlarının şahidi oldum. Ukraynada necə, azərbaycanlılar yüksək dövlət postlarında yer tuta bilirlərmi?
- Əlbəttə, bizim millətin nümayəndələri də, getdikcə ukraynanın Dövlət və hökumət strukturlarında müxtəlif vəzifələrə təyin olunurlar. Xüsusi xidmət orqanları, prokurorluq və digər hüquq-mühafizə orqanlarında işləyənlərimiz az deyil. Burada ad çəkmək istəməzdim, ancaq BUAK-ın bu istiqamətdə öz planları var. Yaxşı imkanı, potensialı olan gənclərimiz var, lakin bu işdə təcrübə də əsas yer tutur.
Biz konqresimizin nəzdində parlament də yaratmışıq. Bu gün BUAK-ın tərkibində dövlət məmurlarından başlamış, deputatlar, deputat köməkçiləri, hüquq-mühafizə orqanlarında çalışanlar, həkim və bir çox ziyalılarımız birlləşir, bu bir növ təbii bir birləşmədir.
BUAK ildə ən azı iki dəfə toplanır, bununla yanaşı hər həftə skayp üzərindən konfrans keçiririk . Mütəmadi olaraq, regionlara səfər edib, konqresin fəalları ilə görüşlər keçiririk. Bir sözlə koordinasiyamız yetərincədir. Bu il sentyabr ayında “Avropa Azərbaycanlıları Konqresinin” Kiyev toplantısı nəzərdə tutulur və həmin vaxt BUAK-ın geniş toplantısı keçiriləcək və diasporumuzun qarşıdan gələn altı ay ərzində həyata keçirəcəyi tədbirlər geniş müzakirə olunacaq.
- Rövşən müəllim, Azərbaycanın Ukraynadakı səfirliyi ilə əməkdaşlığınız necədir, birgə tədbir və layihələr həyata keçirirsinizmi?
- Azərbaycanın Ukraynadakı səfirliyi dövlətimizin, vətənimizin bir parçasıdır. Bu baxımdan vətənini, dövlətini sevən hər bir insan xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimizlə bir yerdə olmalıdır. Bu baxımdan biz də həyata keçirdiyimiz bir çox tədbiri səfirliyimizlə birgə keçirtməyə üstünlük veririk. Azərbaycanın ukraynadakı səfiri Azər Xudiyev peşəkar diplomatdır. Son bir ildə səfirliyimizlə birgə vətənimizlə bağlı bir çox tədbirlər həyata keçirmişik. Bununla yanaşı səfirliyimizin dəstəyi ilə Kiyev şəhərinin mərkəzində Azərbaycan parkı açıldı. Bu yaxınlarda isə mərkəzi parklardan birində Müslüm Moqamayevin abidəsi ucaldılacaq. Əlbəttə ki, bu işlər təqdirəlayiqdir. Biz də çalışırıq ki, öz növbəmizdə geniş potensialımızla səfirliyimizə dəstək verək.
P.S. Son dövrlər, diaspora və bu yöndə görülən işlər barəsində, müstəqil araşdırmalar apardığım üçün, Ukrayna və digər ölkələrdə yaşayan azərbaycanlılardan da Rövşən Tağıyev barəsində xeyli informasiyalar əldə etdim. Sonda belə qənaətə gəldim ki, bu insan sözün əsil mənasında, Ukrayna dövlətində, Azərbaycan xalqını layiqincə təmsil edir. Rövşən müəllim rus dillidir, bununla yanaşı Azərbaycan dilini də mükəmməl bilir. Vətənpərvərdir, həm də imkanlı iş adamıdır. Onun yerli televiziya kanallarına tez-tez dəvət alması, ictimai-siyasi xadim kimi, siyasi debatlarda iştirak edərək çıxışlar etməsi və hər bir çıxışında öz intellekti, dünyagörüşü ilə rəqiblərini üstələməsi Ukraynada yaşayan hər bir azərbaycanlının sevincinə səbəb olur. Ukrayna Ali Radasındakı (parlamentdə) və digər dövlət qurumlarındakı tutarlı çıxışları, Ukrayna dövlətinin siyasi həyatında Rövşən Tağıyevin nüfuzunu biraz da artırmışdır. Onun aparıcı siyasi partiya rəhbərləri, qubernatorlar, Ali Radanın deputatları, keçmiş və hazırkı Dövlət başçısı ilə səmimi münasibətləri təqdirəlayiq haldır. Təsadüfi deyil ki, ötən ilin iyul ayında, Ukrayna prezidentinin Azərbaycana rəsmi səfəri zamanı, nümayəndə heyətinin tərkibində Rövşən Tağıyev də var idi.
Bu gün R.Tağıyev Ukrayna vətəndaşı olaraq, bu dövlətdə sayılıb-seçilən bir siyasətçi kimi, dövlət qurumları, yüksək rütbəli məmurlar və aparıcı siyasi partiya rəhbərləri tərəfindən peşəkar siyasətçi kimi qəbul olunur. Rövşən müəllim uzun illər, diplomat kimi də fəaliyyət göstərib. Odur ki, onun hər hansı bir tədbirdəki çıxışında, peşəkar diplomat olması, özünü daha qabarıq biruzə verir.
Ötən il isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərancamı ilə R.Tağıyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Yazımın sonunda isə, regionlarda görüşdüyüm bir çox konqres üzvlərinin və fəallarının qeyd etdikləri bir fikri, xüsusi vurğulamaq istəyirəm: “Rövşən Tağıyev Ukraynada yaşayan azərbaycanlılar üçün bir tapıntıdır. O, həqiqətən də əsil liderdir. Öz savadı, vətənpərvərliyi, əxlaqı, mədəniyyəti və siyasəti ilə Azərbaycan xalqına Ukraynada başucalığı gətirən bir insandır”.
Əlmaniz Ələkbərli,
SİA-nın Şərqi Avropa Ölkələri və Ukrayna bürosunun rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB