Bruklində Beynəlxalq Dostluq günü keçirilib FOTOLAR

Bruklində Beynəlxalq Dostluq günü keçirilib FOTOLAR

Bakının Səbail rayonu ilə dostluq və əməkdaşlıq əlaqələri olan Amerika Birləşmiş Ştatları Nyu-York şəhərinin Bruklin inzibati rayonunda 4-cü Beynəlxalq Dostluq günü keçirilib. Səbail RİH-dən SİA-ya verilən məlumata görə, bayram mərasimində dünyanın müxtəlif ölkələrindən Nyu-York şəhərinə köçmüş yüzlərlə insanlar iştirak ediblər.

Qeyd olunub ki, bu bayram Nyu-York şəhərinin müxtəlif etnik icmaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi işində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu gün Bruklində dünyanın müxtəlif ölkələrində anadan olmuş milyona yaxın insan yaşayır.

Səhər saatlarından ilk olaraq Beynəlxalq Dostluq gününə həsr olunan Birlik yürüşü başlayıb. Yürüş iştirakçıları 195 ölkənin dövlət bayraqlarını böyük qürur hissi ilə aparıblar. Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan Diasporunu təmsil edən 3 təşkilat – Marietta Rozertalın rəhbərlik etdiyi Bakı-Bruklin Dostluq Assosiasiyası (Brooklyn Baku Friendship Association), Oleq Mövsümovun rəhbəri oluduğu AZZEM Beynəlxalq Fondu Nyu Yorkdakı Azərbaycan təşkilatı və rəhbəri Alyona Bədəlova olan “Mənim Yolum” (My Way Development Centrer) uşaq və gənclərin Bədii İnkişaf Mərkəzinin nümayəndələri bu yürüşdə fəal iştirak ediblər. Azərbaycan Respulikasının Dövlət bayrağını Orxan Ağayev aparıb.

Bruklin sakinləri və rayonun qonaqları rəngarəng folklyor festivalının şahidi olaraq müxtəlif xalqlara məxsus milli geyimlərlə tanış olublar.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıdan göndərilən ölkəmizin mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folkloru, musiqisi, rəqsləri, idman uğurları və turizm obyektləri barədə məlumat və maraqlı materiallar Amerikalı tamaşaçılara təqdim olunub.

Qeyd olunub ki, artıq 3 ilə yaxındır ki, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakı şəhərinin Səbail rayonu arasında dostluq və əməkdaşlıq əlaqələri yaradılıb. Hər iki rayonun nümayəndə heyətləri həm ABŞ-da, həm də Azərbaycanda görüşlər keçirib, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı birgə tədbirlər təşkil olunur. Bu kimi bayramların keçirilməsi isə dost ölkə və xalqlar arasında əlaqələrin genişlənməsi, bir-birini yaxından tanımalarına şərait yaradır.

Boro-holl yaxınlığında Bruklin Administrasiyasının rəhbəri – Prezidenti cənab Erik Adams, vitse-prezident xanım Diana Reyna və Prezident ofisinin baş məsləhətçisi İnqrid Lyuis-Martin iştirakçılar və qonaqlar qarşısında çıxış ediblər. Çıxışlardan sonra qonaqlar və tədbir iştirakçıları müxtəlif ölkələrin milli mətbəx nümunələri ilə tanış olublar.

Dostluq günü bayramı Bruklində yaşayan xalqların mədəniyyətlərinin müxtəlifliyini nümayiş etdirərək müxtəlif icmalar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə köməklik göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə