Azərbaycan fındıqçılıq üzrə dünyada üçüncü yerə çıxa bilər TƏHLİL

Azərbaycan fındıqçılıq üzrə dünyada üçüncü yerə çıxa bilər TƏHLİL

Prezident İlham Əliyev: "Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır"

Fındıqçılıq son illər ərzində Azərbaycanda geniş inkişaf edib. Statistikaya əsasən, demək olar ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar idi, 2013-cü ildə bu, 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Bu da onun nəticəsidir ki, dövlət bu sahənin də inkişafını öz üzərinə götürüb. Lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda yetişdirilib və qısa müddət ərzində çox böyük işlər həyata keçirilib.

Əkin sahələri 32 min hektardan 55 min hektaradək artıb, yəni 23 min hektarda yeni fındıq bağları salınıb. 14 min 800 ton fındıq ixrac edilib. Fındıq ixrac edilən əsas ölkələr sırasında isə İtaliyaya (40 milyon dollar), Rusiyaya (30 milyon dollar), Almaniyaya (24 milyon dollar) təşkil edib. Amma bütövlükdə, 25 ölkəyə fındıq ixrac edilir. Yəni bu, onu göstərir ki, həmin ölkələrdə tələbat var, sadəcə olaraq, bu ölkələrə çox az həcmdə fındıq ixrac edilir. Bu statistika onu göstərir ki, fındığın ixracı ilə bağlı gələcəkdə heç bir problem olmayacaq.

Qarşıya məqsəd qoyulub ki, fındıq bağlarının sahəsi 80 min hektara çatdırılsın. Bu, aparılmış təhlil əsasında formalaşmış real rəqəmdir. Əgər 1-2 il ərzində 32 min hektardan 55 min hektara artırmaq mümkün olmuşdursa, 80 min hektarda bağların salınması tam real rəqəmdir. Məhz Prezident İlham Əliyevin tapşırığı, bundan ibarətdir ki, Azərbaycan növbəti bir neçə il ərzində buna nail olmalıdır: "Fındıq keçən il kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən məhsul olmuşdur. Ancaq onu da deyim ki, məncə, fındıqçılıq bu liderliyi saxlaya bilməyəcək. Çünki Azərbaycanda indi çoxlu istixanalar salınır və pomidor istehsalı sürətlə artır. Gəlir gətirən ixrac kənd təsərrüfatı məhsulları arasında pomidor indi birinci yerdədir. Ona görə, fındıqçılar gərək çalışsınlar ki, liderliyi əldən verməsinlər.

Keçən il fındıq satışından ölkəyə 105 milyon dollar valyuta gəlib. Ancaq satış qiyməti aşağı olub. Məndə olan arayışda göstərilir ki, keçən il bir kiloqramın qiyməti 4,8 manat olub, 2017-ci ilin aprel ayında 6,2 manata satılıbdır. Dünya üzrə qiyməti isə, hazırda bizim pulla 10 manatdır. Ona görə, hesab edirəm ki, fındığın satış qiyməti ilə bağlı artım üçün imkanlar var. Hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır. Bizim tövsiyəmizlə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı ki, bu işlər mərkəzləşmiş qaydada aparılsın, fermerlərə kömək göstərilsin, onların məhsulu mərkəzləşmiş şəkildə alınsın və ixrac edilsin. Fındığın əsas alıcıları böyük şokolad fabrikləridir. Biz də fındığı daha çox oraya satırıq. Amma çalışmalıyıq ki, birbaşa müqavilələr bağlansın. Yəni burada vasitəçilər az rol oynasınlar. Çalışmalıyıq ki, fındığın çeşidi də artsın. Çünki biz bunu xaricə daha çox vakuum şəklində satırıq. Xaricdə isə, ya fabriklərdə istifadə olunur, ya da orada paketləmə aparılır. Biz paketləməni də, çeşidləməni də Azərbaycanda aparmalıyıq. Ona görə, yeni avadanlıq gətirilməlidir ki, biz hazır məhsulu dünya bazarlarına çıxara bilək. Bizdə yetişdirilən fındıq sortları çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir".

Qeyd edək ki, hazırda xarici ölkələrdə Azərbaycanın ticarət evləri yaradılır. Birinci ticarət evi yaradılıb. Xarici ölkələrdə ticarət nümayəndəlikləri yaradılır, bir çox ölkələrə ticarət missiyaları göndərilib və fındıq ixracatı orada həmişə qeyd olunur. Ölkələr bu məhsulu qəbul etməyə hazırdır, sadəcə olaraq, istehsalı artırmalı və hazır məhsul ixrac etməliyik. Fındıqçılar, onu da yaxşı bilirlər ki, Azərbaycan fındıq istehsalı sahəsində dünya miqyasında birinci yerlərdədir. Məhz bu baxımdan da, indi görüləcək tədbirlər nəticəsində, Azərbaycan dünya miqyasında üçüncü yerə çıxa bilər.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə