Ağababa Əbülhəsənov: "Qaz olmayan kəndlərə yanacaq vasitəsi verilməsi ilə bağlı Nazirlər Kabinetinə müracətimiz hələ ki, cavabsız qalıb" - MÜSAHİBƏ

Ağababa Əbülhəsənov: "Qaz olmayan kəndlərə yanacaq vasitəsi verilməsi ilə bağlı Nazirlər Kabinetinə müracətimiz hələ ki, cavabsız qalıb" - MÜSAHİBƏ

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin baş məsləhətçisi Ağababa Əbülhəsənovun SİA-ya müsahibəsi:

- Meşələrin tikinti məqsədi ilə qırılmasının qarşısı alına bilinirmi?

- Meşələrdə ağacları qeyri-qanuni formada inşaat məqsədi ilə qıran sahibkarlar var. Təbii ki, belə vəziyyətlərə nəzarət edilməsi üçün nazirliyimiz tərəfindən tədbirlər görülür. Bu sahədə fəaliyyət göstərən qruplar yaradılır, bunun nəticəsində qismən də olsa bu cür qırımın qarşısını almaq mümkün olur.

- Ağacların tikinti məqsədi ilə qırılması daha çoxdur, yoxsa yanacaq vasitəsi məqsədi ilə?

- Maraqlı müqayisədir. Düzdür, inşaat məqsədi ilə meşələrin qırılması zamanı böyük sahəyə zərər verilir. Amma qış mövsümü ilə əlaqədar olaraq kənd ahalisi ağacları odun kimi istifadə etmək üçün qırır. Kəndlilərin ehtiyacını ödəməsi üçün qırdığı ağaclar çoxluq təşkil edir. Təbii ki, bütün bunların qarşısının alınması üçün nazirlik ciddi nəzarət tədbirləri görür.

- Məqsədli şəkildə meşə qırımları üçün hansısa şərtlər müəyyən edilibmi?

- Hər il meşə qırımı faiz göstəriciləri ilə müəyyən edilir. İstər inşaat, istərsə də yanacaq məqsədi ilə ağac qırımına icazə əraziyə və şərtlərə görə dəyişir. Yəni, bütün ağacların qırılmasına qadağa qoyulmur. Zaman keçdikcə bəzi ağaclar qocalır və təravətini itirərək qurumağa başlayır. Belə olduqda, bu cür ağacların meşədə qalması heç bir əhəmiyyət kəsb etmir. Çünki, zaman keçdikcə ağacda kökündən çürümə gedir. Belə ağaclar isə heç nədə faydalı olmur. Bucür ağacların da qırılmasına nazirliyimiz tərəfindən icazə verilir. Nəzarətimizin məqsədi isə əks halların, qeyri- qanuni qırımların qarşısını almaqdır.

- Nəzarət tədbirlərinin güclü olduğuna və tədbirlər sayəsində bütün meşənin nəzarətdə saxlanıla bildiyinə əminsinizmi?

- Biz bununla bağlı əlimizdən gələni edirik. Amma, bu heç də hər şeyin həll edilməsi demək deyil. Çünki, bütün meşələrə və ya bir meşənin hər yerinə nəzarət etmək qeyri-mümkündür. Bu, biraz da insanların ekoloji təfəkkürü ilə bağlı olan məsələdir. Biz qurumuş ağacların kəsilməsinə icazə veririk. Amma, buna baxmayaraq bəzən qurumamış ağacların kəsilməsi ilə də rastlaşırıq. Bu isə qeri-qanuni sayılır. Bununla bağlı bir sıra inzibati tədbirlər görülür. Yəni, əgər kimsə ehtiyaclarını ödəmək məqsədi ilə meşələrə zərər verirsə, bu zaman həmin şəxslər cəzalandırılır.

- Bir sıra ucqar kəndlərdə qaz olmadığına görə əhali ağacların qurumamasını nəzərə ala bilmir. Buna münasibətiniz necədir?

- Bəli haqlısınız. Bu barədə mən də kəndlilərə haqq verə bilirəm. Çünki, qabaqdan qış gəlir. Evində necə isinəcəyini düşünən kəndliyə meşələrə vurduğu ziyan əhəmiyyətsiz olur. Ona görə də kəndlilər çox vaxt əlacsız qalıb ağacların quruyub- qurumamasını nəzərə almadan kəsirlər.

- Bəzi ölkələrdə qaz olmayan kəndlərə xüsusi vasitələr verilir ki kəndlilər meşələrə zərər verməsin. Azərbaycanda da bu üsuldan istifadə edilməsi üçün tədbirlər görürsünüzmü?

- Bəli, bu mövzuda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra ciddi tədbirlər görür. Həqiqətən də əgər kəndlilər qaz və ya əvəzedici yanacaq vasitələri ilə təmin edilsə bizim üçün də nəzarət işi daha da asanlaşar. Bununla yanaşı, eyni zamanda təbiətə və meşələrə vurulan ziyanlar qismən də olsa azaldılmış olar. Biz bu mövzuda Nazirlər Kabinetinə müraciət edib yazılı surətdə təklifimizi bildirmişik. Danışıqların aparılmasına baxmayaraq hələlik heç bir müsbət cavab alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə