Bu gün Azərbaycan mətbuatı üçün tarixi bir gündür

Bu gün Azərbaycan mətbuatı üçün tarixi bir gündür

1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncam imzalayıb

Birmənalı şəkildə demək olar ki, Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il, avqustun 6-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam demokratik cəmiyyətin inkişafına yeni dəstək oldu. Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək, KİV-lərin inkişafına əlverişli şərait yaratmaqla, mətbuat işçilərinin maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, redaksiyaların texniki avadanlıqlarla təchiz olunması istiqamətində müvafiq qərarlar və sərəncamlar verir. Bu günlər 255 jurnalistin mənzillə təmin olunması deyilənlərə misal ola bilər. Söhbət etdiyimiz mətbuat nümayəndələri Ulu Öndərin Sərəncamı ilə senzuranın ləğv olunmasını dövlətin mətbuata göstərdiyi yüksək qayğının nümunəsi kimi dəyərləndirdilər.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:

- Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə media ilə bağlı düşünülmüş bir proqram vardı və Azərbaycanda müstəqil, demokratik medianın inkişaf etdirilməsi üçün mərhələli proqram vardı ki, bu proqramın həyata keçirilməsi nəticəsində ölkəmizdə media ən yüksək səviyyəyə çatdı və dünya informasiya məkanının bir tərkib hissəsinə çevrildi. Bu proqramın tərkibinə, ilk öncə senzuranın aradan qaldırılması müddəası daxid edildi. Senzuranın aradan qaldırılması müstəqil və demokratik medianın inkişafında ən mühüm və ciddi addımlardan biri idi. Təbii ki, bu addımı atmadan Azərbaycanda nə müstəqil demokratik medianın inkişaf etdirmək mümkün deyildi, nə də Azərbaycan mediası dünya informasiya məkanının tərkib hissəsinə çevirmək mümkün deyildi. Buna nəzərə alaraq Ulu Öndər Heydər Əliyev mətbuatın üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncam imzalamaqla demokratik müstəqil medianın inkişaf etdirilməsinə çox mühüm dəstək vermiş oldu. Bu baxımdan, Azərbaycan mediası bu günkü inkişafına görə, təbii ki, Ulu Öndər Heydər Əliyevə daha çox borcludur.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Ulu Öndər Heydər Əliyevin mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncamı önəmli bir hadisədir. Amma senzuranın aradan qaldırılmasına qədər də Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə Azərbaycanda mətbuatının və azad sözün və müstəqil mətbuatın inkişafı istiqamətində ciddi addımlar atılırdı. Təbii ki, senzuranın qanunvericilik səviyyəsində mövcudluğu mediaya, xüsusi olaraq, yazılı mətbuata ciddi problemlər yaradırdı. Həmin dövrdə bir çox qəzetlərin səhfələrinin ağ çıxması və yaxud ən son anda konkret bir şəxsin, yəni senzuranın düşüncəsi ilə ciddi şəkildə araşdırılmış materialların belə qəzet səhfələrindən çıxarılması mediaya çox ciddi təsir göstərirdi. Təbii ki, Ulu Öndər Heydər Əliyev mətbuatın üzərindən dövlət senzurasının ləğv edilməsi haqqında Sərəncam imzalayandan sonra Azərbaycanda müstəqil mətbuatın və söz azadlığının inkişafı istiqamətində ciddi addımlar atılmağa başladı və proses daha da intensivləşdi. Bu baxımdan, senzuranın ləğv Azərbaycan mətbuatının tarixində ən önəmli hadisələrdən biridir.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev:

- Senzura totalitar, qeyri-demokratik idarəetmə sisteminin hökm sürdüyü dövlətlərə xas olan cəhətdir. Azərbaycanda isə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra tədricən ölkəni totalitar sistemin buxovlarından azad etməyə başladı və demokratik idarəetmə prinsiplərini əsası qoyuldu. 1995-ci ildə müasir dünya standartlarına uyğun konstitusiya qəbul edildi. Mətbuat sahəsində senzuranın saxlanılması mütərəqqi Konstitusiyamızın prinsipləri ilə uyğun gəlmirdi. Digər tərəfdən də, qısa müddətdə Azərbaycan dövləti o qədər gücləndi ki, artıq senzurasız yazılar onun dayaqlarını sarsıda bilməzdi. Bir sözlə, zamanın çağırışlarını anında duya bilən dahi siyasətçi, eyni zamanda, azad mətbuatın tərəfdarı olan Ulu Öndər Heydər Əliyev senzuranı ləğv etdi. Onun bu tarixi addımı Azərbaycan milli mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə