Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanda rəhbərliyi ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində davamlı olaraq məqsədyönlü siyasət həyata keçirilir
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ilk növbədə, ölkədə siyasi xaosa son qoyaraq, dövlət idarəetməsini yenidən təşkil etdi. Bununla bərabər, ölkəni iqtisadi böhrandan çıxarmaq üçün konsepsiya hazırlandı. Bu konsepsiyanın əsasını yeni neft strategiyası təşkil etdi. Aparılan uğurlu siyasət sayəsində 1994-cü il sentyabrın 20-də dünyanın ən qüdrətli transmilli neft şirkətləri ilə "Əsrin Müqaviləsi" imzalandı. Ölkəmiz 1997-ci ildə ilk dəfə bu müqaviləyə əsasən, hasil edilən neftdən pay almağa başladı. Beləliklə, Azərbaycanın yeni inkişaf dövrü başlandı.
Görülən tədbirlər öz müsbət nəticələrini verir. Ölkədə sosial məsələlərin həlli ilə bağlı çoxsaylı dövlət proqramları və qlobal layihələr gerçəkləşdirilib. Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş üç Dövlət Proqramı qəbul olunub. Artıq üçüncü proqramın dördüncü ili yaşanır. 2004-cü ildən başlayaraq həyata keçirilməyə başlayan bu proqramlarda, qarşıya qoyulan vəzifələrin uğurlu həlli nəticəsində, ölkə iqtisadiyyatı xeyli güclənib, əhalinin sosial rifahı, güzəranı ildən-ilə yaxşılaşır. Bütün bunlar göstərir ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə də, sosial məsələlərin həlli daim diqqət mərkəzindədir.
Bu ilin əvvəlindən 122 min yeni iş yerinin açılması və onlardan 101 mininin daimi olması şərhə ehtiyacı olmayan faktdır. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu barədə demişdir: "Bu il 122
min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var, bu, əslində, daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla davam edir. Ona görə də, bizdə işsizlik aşağı səviyyədədir".
Əhalinin sosial vəziyyətini özündə əks etdirən başlıca amillərdən biri əldə edilən gəlirdir. Cari ilin birinci yarısında ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz artıb. Bu dövrdə əhalinin hər nəfərinə düşən gəlir orta hesabla 2422,9 manat təşkil edib. Əldə edilən gəlirin 86,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3 faizi yığıma yönəldilib. Beləliklə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21526,8 milyon manat pul qalır. Cari ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz artıb. Bu dövrdə özəl müəssisələrdə çalışan işçilərin əməkhaqları dövlət sektorunda çalışanlardan yüksək olub. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta nominal əməkhaqqı isə ölkə üzrə orta göstəricidən yüksəkdir.
Bütün bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin sosial problemlərinin həllinin vacibliyini vurğulayaraq deyib: "Bu il infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatmışdır. Biz qarşıya 95 faiz hədəfi qoymuşduq. Ölkəmizin relyefini nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı rəqəmdir. Artıq biz bu hədəfə çatırıq. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni "40 kənd yolu" layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İçməli su layihələri icra edilir. Kifayət qədər vəsait var və gələn il də bu proses davam etdiriləcək. Artıq bir çox şəhərlərimizdə içməli su məsələsi həll olunub".
Bir sözlə, ölkədə vətəndaşa qayğı kompleks şəkildə, hərtərəfli formada həyata keçirilir. Son illərdə maaşların, pensiyaların, digər sosial ödənişlərin dəfələrlə artırılması, aztəminatlı ailələrə göstərilən yardımlar və s. bunun daha bir təsdiqidir. Sadalananlar, bir daha göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB