Hayko Langner AAKM-də işğal edilmiş Azərbaycan ərazilərindən 2010-cu ildə çəkilmiş fotoları nümayiş etdirəcək

Bu gün Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin ofisində Bundestaqın elmi işçisi, siyasi elmlər üzrə mütəxəssis Hayko Langner "Geopolitik təsir və gərginləşən təhlükəsizlik mühitində Dağlıq-Qarabağ münaqişəsi" adlı mühazirə təqdim edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə həmçinin Hayko Langner işğal edilmiş Azərbaycan ərazilərindən 2010-cu ildə çəkilmiş fotoları nümayiş etdirəcək.

Hayko Langner şimal-şərqi Avropa, Rusiya, Türkiyə, Qafqaz regionu üzrə mütəxəssisdir, bu bölgələrdəki proseslərə dair çoxlu məqalənin müəllifidir. 2009-cu ildə "Şərqi Qafqaz, Dağlıq Qarabağ, Abxaziya, Şərqi Osetiya-identitet, xalq hüquqları, geostrateji maraqlar mühitində" adlı kitabı nəşr olunub.

Bugünkü mühazirədə alman siyasətçisi son vaxtlarda Qarabağ cəbhəsində atəşkəsin müntəzəm pozulması hallarının çoxalması, bunun yeni silahlı münaqişəyə çevrilməsi qorxusunun getdikcə artması, regionda geosiyasi maraqları olan ATƏT-in Minsk qrupundakı dövlətlərin münaqişənin həlli üçün vacib olan addımları atmamasına səbəb olan amillər, niyə məhz bu dövlətlərin münaqişənin həllinə təsir göstərə bilməsi imkanları, habelə hələ də həlli tapmamış və dondurulmuş bu vəziyyətin zəbt olunmuş torpaqların humanitar və iqtisadi duruma təsiri və digər məsələlərdən danışılacaq.

Mühazirə bu gün Almaniya vaxtı ilə saat 19.00-da (Baki vaxtilə saat 22.00) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə