Avropada yaşayan bədbəxtlər

Hələ avtomobilin icad olunmadığı bir dövrdə ata öz oğlu ilə şəhərə gəzintiyə çıxır. Özü atın üzərində, oğlu isə piyada şəhərin küçələrində dolaşırkən, qarşılarına çıxan bir kişi onları məzəmmət etməyə başlayır ki, yekə kişisən, özü atın üstündə, uşaq isə piyada gedir. Kişi atdan düşüb, oğlunu mindirir. Bir az getdikdən sonra qarşılarına çıxan digər bir şəxs bığaltı gülümsəyərək, onlara söz atır ki, bunlara bax e, ağsaqqal kişi piyada gedir, oğlu atın belindədir. Bundan sonra ata-oğul birlikdə minirlər atın belinə. Bir az getdikdən sonra qarşılarına çıxan bir nəfər onların üstünə qışqırır ki, utanmırsınız, iki nəfər minibsiniz heyvanın belinə? Kişi ilə oğlu kor-peşman atdan düşürlər. Qarşılarına çıxan iki nəfər başlayırlar onlara lağ eləməyə ki, bunlara bax e, özləri piyada, at isə tullana-tullana gedir...
Hə, bu məsəli çəkməkdə sözümün canı odur ki, bu dünyada, bu ölkədə, bu şəhərdə istənilən bir işi ideal səviyyədə yerinə yetirsən belə, yenə də ona “qulp” qoşub, “mız” qoyan olacaq. İyulun 20-də 255 jurnalistə mənzil veriləndən sonra bəziləri elə həngamə qopardılar, elə qarğışlar yağdırdılar ki, ev alanlar bilmədilər “atdan düşsünlər, ya minsinlər”. Dövlət bu gün idmançıya, qaçqına, köçkünə, mədəniyyət və incəsənət adamlarına, müəllimə, ümumiyyətlə müxtəlif sahələrdə çalışan peşə sahiblərinə qayğı göstərir, onların mənzil-məişət şəraitinin yaxşılaşmasına, sosial-rifah halının yüksəldilməsinə xüsusi diqqət yetirir. Sözsüz ki, jurnalistlər də bu ölkənin vətəndaşı, cəmiyyətin bir parçasıdır. Yarıya qədər su ilə dolu stəkana boş tərəfindən baxanlar görəsən, niyə düşünmür və arzulamırlar ki, dövlət başçısı tərəfindən atılan bu xeyirxah addımın miqyası daha da genişlənsin, digər peşə sahibləri də bundan faydalansın. Başqasını sevincinə şərik olmaq böyüklükdür, görünür, cılız adamlar bunu bacarmır.
O ki qaldı Avropada oturub, öz “ağlı” ilə buradakı jurnalistlərin, medianın tanınmış nüfuzlu qələm sahiblərinin əməyini, fəaliyyətini, intellektini, şəxsiyyətini, sosial durumunu sorğulayan Orduxan Bəbirov, Həbib Müntəziri kimilərə, məncə, o adamlar Avropada yaşayan bədbəxtlərdir. Avropada sığındığı kəndin hamamını, zibil yeşiyini, camaşırxanasını çəkib sosial şəbəkələrdə qeyri-adi bir şey kimi nümayiş etdirərək, guya özünün orada xoşbəxt olduğunu göstərmək istəyir. Heç kim iddia eləmir ki, Avropadakılar xoşbəxt yaşamır, amma orada da hər şey ideal deyil. Orduxan Bəbirova bir vaxtlar xoşbəxtlik dalınca uzaqlara üz tutmuş yazıçı-jurnalist Murad Köhnəqalanın etirafı ən tutarlı cavabdır: “Avropa çox gözəldir. Hətta elə sahələr var ki, idealdır. Elektrik qatarı ilə gedirsən, saatda 300 kilometr sürətlə. Meşəliyin içi ilə. Hər şey tərtəmiz. İçəridə vaqonun biri bardır, o biri restoran. İçəridə ViFi var, düymənin birini basırsan, isti yemək gəlir, o birində soyuq yemək. Şəhərlərə gedirsən, qədim binaları saxlayıblar. Lakin bütün bunlar gözəl bir filmdir. Sən o filmdə iştirak edə bilmirsən. Faciə budur. Sən ora qarışa bilmirsən. Anlayırsınızmı? O filmdə sənə rol vermirlər. Fikir verin, indi Avropada yaşayan azərbaycanlıların hamısı bu kompüterin başında yatışır. Niyə? Niyə çölə çıxmırlar? Niyə biri bir alman qadınla evlənmir? Niyə birinin bir fransız dostu ilə qol-boyun şəkli yoxdur? Çünki hamısı oturublar, “çubuşlarını” içib dayanıblar. Qarışa bilmirlər, dil öyrənə bilmirlər. O kinoda tamaşaçıdırlar. Orda kədərdisə kədərlənirsən, sevincdirsə sevinirsən, o qədər. Azərbaycanın üstünlüyü odur ki, hamı doğma dildə danışır. Pisi pisdir, yaxşısı yaxşı”.
Bəli, bu ölkənin sevinci də, kədəri də, pisi də, yaxşısı da bizimdir. Sizə kimlər və niyə orada sığınacaq verib özünüz də, biz də yaxşı bilirik. Amma Avropa sizə heç vaxt əsl insan kimi dəyər verməyəcək və o filmdə heç zaman iştirak edə bilməyəcəksiniz. Faciə budur.

Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə