"Erkən ailə həyatı quran qızlar psixolji cəhətdən natamam olur" - ARAŞDIRMA
Son dövrlərdə Azərbaycanda qızların vaxtından əvvəl ailə həyatı qurması ənənəviləşib. SİA bunun səbəblərini, müsbət və mənfi tərəflərini, fəsadlarını və üstünlüklərini, bu cür qurulan ailələrin aqibətini araşdırıb.
Qəribədir son dövrlərdə valideyinlərdə "qızımın başını tez bağlayım" kimi bir fikir formalaşıb. Bəs bu nə ilə əlaqəlidir? Valideyinlər qızlarının təhsil alaraq inkişaf etməsi, cəmiyyətə faydalı bir kadr kimi yetişməsi əvəzinə niyə onları ərə verməyə üstünlük verirlər? Onları qorxudan səbəblər nədir?
Bu barədə keçirdiyimiz sorğuda valideynlərin müxtəlif fikirlərinin şahidi olduq.
Sorğuda iştirak edən 50 yaşlı Əzimə xanım erkən evliliyin tərəfdarlarından biri olduğunu bildirib: "Mənim 50 yaşım var,qızım da artıq ailəlidir. Mən özüm 17 yaşda ailə həyatı qurmuşam. İndiki ailələr qızlarını daha tez ərə verirlər, çünki indi bizim zamənəmizdəki kimi deyil. Artıq gənclər bir-birini tanımaq adı ilə müəyyən vaxt ərzində görüşürlər, sonra da ən adi bir problemi bəhanə edib ayrılırlar.Çox keçmədən də yeni biri ilə tanış olurlar. Bu getdikcə adiləşir və gənclər ailə həyatı düşüncəsini özlərinə yadlaşdırırlar. Ona görə də nə qədər tez ərə getsələr o qədər yaxşıdır".
Digər bir valideyin olan 44 yaşlı Şahin Qəribov isə qız övladı yetişdirməyin çətinlikləri haqqında danışıb. Onun sözlərinə görə indiki zamanda qızları zəbt etmək getdikcə çətinləşir: "Zaman dəyişdikcə gənclərə hökm etmək mümkünsüzləşir. İstər qız, istər oğlan uşaqları böyüdükcə çox sərbəstliyə meyl edirlər. Oğlanları hardasa başa düşmək olur, amma qızları belə vaxtda ailə həyatına yönləndirmək daha doğrudur. Çünki, qızlara sərbəstlik vermək ağır nəticələrə gətirib çıxarır".
Bu valideyinlərin düşüncələrindən belə qənaətə gəldim ki, qızların taleyi haqqında nigarançılıq çəkmək istəməyən ailələr çarəni onları ərə verməkdə görürlər. Amma, buna nə qədər tənqidi yanaşsaq da bu valideyinlərin haqsız olduğu anlamına gəlmir, çünki heç kim taleyimizi valideyinlərimiz qədər düşünə bilməz.
Təbii ki, cəmiyyətimizdə bu cür düşünən ailələrə qarşı çıxanlar da olub. Bunlardan biri 41 yaşlı valideyn Şövkət Rəhimova olub. Valideyinin sözlərinə görə, qızların maariflənməsi daha doğru seçimdir: "Gənclərin ailə qurması gözəl seçimdir. Mən də qız anasıyam, amma bu cür düşüncələrə pis yanaşıram. Çünki indiki zamanda qızı oxutmamış ərə vermək onun taleyini düşünməməkdir. Qızlar oxumalı, ilk öncə sənətə, daha sonra ailəyə yiyələnməlidirlər".
Valideyinlərdən sonra, qızların erkən yaşda ərə verilməsinə oğlanların münasibətlərini araşdırdım. Qeyd edim ki, bu mövzuda bacısı olan oğlanlardan fikir öyrənmək bir qədər çətin oldu.
Mövzu ilə bağlı suallarımı cavablandıran ilk qardaş 26 yaşlı Fərid Hüseynov oldu. Fərid bacısının erkən yaşda sevgi əsasında ailə həyatı qurmasına tərəfdar olmadığını bildirdi: "Zəmanəmiz getdikcə o qədər dəyişilir ki, həm qız həm oğlan üçün ailə həyatı qurmaq çətinləşir. Qızların erkən yaşda sevib ərə getməyinə qarşıyam, çünki bir müddət sonra bu uşaqlıq hissləri ötüb keçir. Erkən yaşda olan heç bir qız gələcəyi ilə bağlı doğru seçim edə bilməz. Amma əgər bu ailələrin istəyi, məsləhəti, və ya məcburiyyəti nəticəsində olarsa bu zaman nikah uğurlu alınar. Çünki ailələr düzgün seçimi bilirlər".
Mənə çox maraqlı olduğu üçün müsahibimdən eyni vəziyyətin onun üçün də keçərli olub olmadığını soruşduqda aldığım cavab gözlədiyim cavab oldu: "Yox qız ilə oğlan arasında fərq var. Mən heç vaxt istəmədiyim qızı ailəmin məsləhətidir deyə almaram. Oğlanda sevgi olmalıdır ki, ailə xoşbəxt olsun. Ailəm mənim yerimə düzgün seçim edə bilməz".
Yəni, göründüyü kimi qızların yerinə qərar vermək onların həyatını düşünmək, oğlanların yerinə qərar vermək isə onların həyatını məhv etmək kimi qiymətləndirilir.
Mövzu ilə əlaqədar fikirlərini bildirən 24 yaşlı Ramin Qəribov qızların erkən yaşda ərə getməsinin tərəfdarlarından biri olub. Raminin sözlərinə görə, qızların erkən ailə həyata qurması ən doğru seçimdir: "Qızlar çox sərbəstləşməmiş ailə həyatı qurmalıdırlar. Çünki, qız böyüyür, ali məktəbə daxil olur, oxuyur, işləyir və belə qız həyatın hər tərəfini bilir. Belə qızların özləri də çətin seçim edirlər. Həmdə bu cür qızla ailə həyatı qurduqdan sonra onun həyat tərzinə, sərbəstliyinə müdaxilə etmək çətin olur. Qız nə qədər erkən həyat qursa, o qədər yaxşı yoldaş və ana olur. Çünki belə qızların başqa marağı olmur".
Qəribədir ki, qızların oxuyub savadlı bir kadr kimi cəmiyyətə yararlı olması oğlanların çoxunun gözünü qorxudur.
Bəs bütün bunlara mövzunun baş qəhrəmanları, yəni qızlar nə deyir? Onlar talelərinə hökm edilməsinə nə üçün razı olurlar? Səbəb qızlarda maariflənmə istəyinin az olmasıdır?
Bu barədə sorğu zamanı çox qəribə fikirlərlə qarşılaşdım. Məsələn 19 yaşlı Nəzrin Qurbanova bu cür həyatın qurbanlarından biri ola biləcəyini etiraf etdi: "19 yaşım var. Ailəm məni öz tanışları olduğu üçün 28 yaşlı bir oğlana ərə getməyimi istəyirlər. Əsas bu istək anamdadır. Oxumağıma qarşı çıxmırlar,sadəcə mən buna hazır olmadığımı,ailə məsuliyyətini daşıyacaq gücüm olmadığını onlara başa sala bilmirəm. Zamanla öyrəşəcəyimi, indiki zamanda yaxşı oğlan olmadığını deyirlər. Amma mənim ürəyimdə o oğlana qarşı heç bir hiss yoxdu".
Digər bir gənc gənc, qızları üsyan etməməklə günahlandırdı. 23 yaşlı Sevinc Xəlilovanın sözlərinə görə qızlar həyatlarını özləri korlayırlar: "Artıq köhnə dövrdə deyilik. Əgər ata-analar övladlarının həyatını bu üsulla düşündüklərini zənn edirlərsə qızlar qarşı çıxmağı bacarmalıdır. Bütün bunlar qızlarımızın maariflənməməsindən,hüquqlarını bilməməsindən irəli gəlir. Bəzən görürük ki, 18, 20 yaşlı qızlar 35-38 yaşlı kişilərlə ailə həyatı qurular. Sırf ailələr məsləhət bilir deyə bu cür bədbəxtliyə irəliləmək, valideyinlərin belə qərarlarının qulu olmaq düzgün deyil. Ailələr də bir az düşünməlidirlər. Düzdür, onlar övladlarının yaxşılıqlarını istəyirlər,amma qızı erkən yaşda ərə vermək doğru seçim deyil. Hələ də əgər qızın heç istəyi yoxdursa bu böyük fəlakətlərlə nəticələnə bilər".
Sorğumun ən son iştirakçısı isə erkən nikah qurbanlarından biri oldu. 33 yaşlı Nərgiz Allahverdiyeva ilə müsahibədən sonra "erkən ailə həyatı quran qızların ailədəki aqibəti" sualının cavabını tapmış oldum. 18 yaşında belə bir həyatın qurbanı olan Nərgiz taleyi haqda danışarkən göz yaşlarını da saxlaya bilmədi: "Mən ailə həyatı quranda 18 yaşım var idi. Ərə getməyimə ailəm qərar vermişdi. İlk dəfə elçiliyə gələndə mən anama istəmədiyimi desəm də qərarımın faydasız olduğunu, onların mənim üçün ən doğru yolu seçdiyini və mənim bunu zamanla anlayacağımı dedi. Taleyimdə dəyişiklik edə bilməyəcəyimi bildiyim üçün bəxtimlə barışmağı qərara aldım. Zamanla məndə də oğlana qarşı hörmət yarandı. Təhsilimi bitirəcəyimə söz verdiyi halda ailə həyatı qurandan 3 ay sonra məni universitetdən çıxartdı . Daha sonra isə mənə evdən çıxmağa, hətta anamgilə getməyə belə qadağalar qoydu. Davalarımız çox olurdu. Aramızdakı 15 yaş onu psixoloji cəhətdən narahat edirdi. Mənim onu aldadacağım şübhəsindən qurtula bilmirdi. Ailəmin məsləhət bildiyi bu insan hamilə vaxtı məni o qədər döydü ki. Övladım da şikəst doğuldu. İndi anam da, atam da vəfat ediblər. Mən isə hər gün onların həyatım haqqında verdikləri qərarda düzgün tərəfi axtarıram. Qızlarımıza məsləhətim, ailə həyatı qurmağa tələsməsinlər. Ailələr də nəzərə alsınlar ki indiki zamanda heç kimi tanımaq olmur. Heç olmasa qızlarını elə yaşda ərə versinlər ki ən azından rastlaşacaqları çətinliklərə dözə bilsinlər".
Bu gün bəlkə də Azərbaycanda vaxtından tez gəlin olub eyni taleyi paylaşan Nərgiz kimi yüzlərlə qız var. Bəs mütəxxəssislər bu barədə nə düşünür? Onların bu məsələyə münasibəti necədir?
Mövzu ilə əlaqədar olaraq suallarımızı cavablandıran ilk mütəxəssis sosial-psixoloq Naib Niftəliyev olub: "Bu çox maraqlı məsələdir. Qadınların erkən yaşda ailə həyatı qurması bir çox fəsadlar törədir. Bu ailənin həm psixoloji, həm sosioloji, həm də ailənin təsərrüfatı funksiyası və iqtisadi təminatı baxımından bir çox fəsadlar yaradır. Digər tərəfdən, belə ailələrdə intellektli, savadlı, yüksək dünyagörüşlü övlad tərbiyə edib yetişdirmək çətin olur. Bu isə gələcək nəsillərdə özünü göstərir. Düzdür, qanunla müəyyən olunmuş şəkildə ailə həyatı qurmaq üçün 18 yaş kanstitusiya yaşı kimi müəyyən edilib. Amma, mən düşünürəm ki heç 18 yaş həddi də münasib deyil, çünki çox şey həyat təcrübəsindən asılıdır. Fərdlərin peşə və ixtisasa yiyələnməsində və bir çox məsələlərdə ailədə güclü cins ilə zərif cins arasında sosial və psixoloji fərq olur. Bu, mənfi tərəflərini daha çox qadınlarda göstərir. Belə ki qadınlar erkən yaşda ailə həyatı qurduqda psixoloji yöndən uşaqları tərbiyə etməyə çətinlik çəkirlər. Ümumiyyətlə, ailədə ana təhsilli, dünyagörüşlü olduqda övlad da bu cür olur. Əks halda uşağın da dünyagörüşü və təsir dairəsi məhdudlaşır.Bu isə təbii ki, arzuolunmayan haldır".
Gənclər arasında tanışlıq dövrünün normal olduğunu bildirən sosial-psixoloq qızları bu dövrdə ehtiyyatlı və tədbirli olmağa çağırıb: "Əslində ünsiyyət mədəniyyəti deyilən bir anlayış var. Əgər qız ilə oğlan arasında tanışlıq üçün ünsiyyət yaranırsa buna normal baxmaq lazımdır. Amma, ünsiyyətdə etik qaydaların pozulması nə milli mentalitet baxımından, nə də müasir dünyagörüşlü ənənələrimiz baxımından düzgün deyil. Yəni qızlar açıqgözlü fikirləşməlidir, amma ehtiyyatlı və tədbirli olmalıdır. Qızlarda 13-17 yaş böhran yaş dövrü sayılır. Bu yaş dövründə sevmək və hansısa qərarla bağlı addım atmaq arzuolunan deyil . Çünki, bu yaşlardaki qız bir tərəfdən uşaqdır, digər tərəfdən də onun psixoloji və sosial baxımdan natamamlığı normal uşaq dünyaya gətirib tərbiyə etməsinə imkan verməyəcək. Düzdür, yetkin olsa belə bu yaşda qızların qurduğu ailədə mütləq fəsadlar olur. Ailənin geri qalması isə cəmiyyətin, dövlətin geri qalmasına gətirib çıxaran amillərdəndir. Ümumiyyətlə, qızlarda 21-25, oğlanlarda isə 25-32 yaşlarda artıq ailə düşüncələri formalaşır və qərarlar daha düzgün verilir. Fikrimcə, ailələr heç vaxt övladlarının pisliyini istəmir, amma qızlara da taleyi ilə bağlı qərarlarda müəyyən dərəcədə sərbəstlik verilməlidir. Valideyinlər qızlara seçimində kömək edə bilərlər, amma bu təzyiq yolu ilə deyil, ümumi razılıq əsasında olmalıdır".
Daha sonra bu məsələ ilə bağlı suallarımızı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı SİA-ya verdiyi ekslüziv müahibədə aydınlıq gətirib: "Erkən nikahların ziyanları haqda danışsaq da, erkən olmayan nikahların da fəsadları çoxdur. Heç bir ailə övladının taleyində onun pisliyi istiqamətində qərar verməz. Erkən yaşda qızlarının ailə həyatı qurmasına meyl edən valideyinləri qınamaq düzgün deyil. Çünki, maksimum 25 yaşdan sonra oğlanlar üçün seçmək şansı, qızlar üçün isə seçilmək şansı məhdudlaşır. Düzdür, bu o demək deyil ki ailə erkən yaşda qurulmalıdır. Ən azından qızlar sənətə yiyələnməmiş bu haqda düşünməməlidirlər. Amma, kariyera arxasınca gedib ailəni düşünmədikdə isə sonra artıq gec olur. Türkiyədə gənclər arasında apardığımız araşdırmada qızların evlilik yaşı olaraq 25 yaşı uyğun gördüyünün şahidi olduq. Amma medalyonun bir üzünə baxdıqda digər üzünü də nəzərdən keçirmək lazımdır. Bəzən erkən ailə həyatı qurulmaması, zamanla düşüncələrin dəyişməsinə, hətda əxlaqsızlığa qədər gətirib çıxarır. Buna görə də valideyinlərin nigarançılığı təbiidir".
Ailələrin qızların seçiminə müdaxiləsini düzgün qiymətləndirən icraçı direktor bunun təzyiq formasında həyata keçirilməsinə isə qarşı olduğunu bildirdi: "Ailələrin müdaxiləsi olmadan edilən seçimlər çox zaman ağır nəticələr verir. Gənclər gözləri pərdəli şəkildə seçimlərini edir, daha sonra isə bunun peşmançılığını yaşayırlar. Ailələr erkən yaşda qızlarını ərə verməyə meyl edirlər, çünki zaman keçdikcə istər qız, istərsə oğlan uşağı üçün ailə düşüncələri yadlaşır. Bu isə gələcəkdə fərqli tərzdə həyat tərzlərinin artmasına səbəb olur. Bütün bunlara baxmayaraq, ailələrin müdaxiləsi təzyiq əsasında olmamalıdır. Ailələr seçimin yanlış olduğunu övladlarına psixoloji və məntiqi baxımdan izah etməlidirlər. Amma, əgər qızlar yanlış seçimlər edirsə burada ətraf mühitin təsiri ilə yanaşı ananın da rolu böyükdür. Çünki, ana lazım olan vaxtda - sosiallaşma dövründə övladına lazımi qayğını göstərmir və bütün bunları KİV-in öhdəsinə buraxır. Nəticədə isə qızlarda bir çox fikir yanlış formalaşır, bu da özünü mütləq bəzi seçimlərdə biruzə verir. Amma, təbii ki, bunu bütün ailələrə şamil etmək düzgün deyil. Çünki elə ideal ailələrin elə qızları olur ki, ailədən heç bir ideal ünsürü daşımır. Burada ailələri günahlandırmaq olmur. Bəzən ətraf mühit, serial qəhrəmanları qızlara elə təsir edir ki, nəticəsi gözləgörünən faciə olur".
Bütün bu müxtəlif fikirlərdən sonra sonda onu demək istəyirəm ki, zorakılıq həyatda heç bir seçimdə düzgün deyil. Sərbəstlik gözəldir, ama bundan istifadə edərkən heç bir qız bir gün ana olacağını unutmamalıdır. Valideyinlərin xeyir-duası olmadan qurulan ailə deyil, atılan heç bir addım belə uğurlu ola bilməz. Amma, xeyir-dua təzyiqlə qarışdırılarsa ailə ilə övlad münasibətlərindəki mənəvi dəyərlər alt-üst olar!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB