İngilis şairi Vilyam Şekspir vaxtilə qeyd edib ki, həyat bir tamaşadır, insanlar isə onun aktyorları.
Doğrudan da, həyatımız müəllifi məlum olmayan tamaşaya, filmə bənzəyir. Yaşam tərzindən asılı olmayaraq baş rolunda isə biz özümüzük. Hələ bu film nə qədər davam edəcək bilmirik. Bəzən özümüzlə təklikdə qalanda filmimizin kadrlarını göz önünə gətirir, keçmiş günləri xatırlayır, keçdiyimiz həyat yoluna nəzər salırıq. Dünənlə bu günü müqayisə edərkən nələri itirib, nələri qazandığımızı açıq-aydın sezirik.
Bu yazını qələmə almağa başlayarkən mən də bir müddət öz həyat filmimin ötən kadrlarını göz önünə gətirdim. Əbəs yerə demirlər ki, gənclik çağları, xüsusilə təhsil aldığımız illər insan yaddaşında silinməz illər buraxır. Unudulmaz məktəb illəri isə daha kövrək xatirələrlə doludur. Bu gün nə qazanmışıqsa, təməli 11 il ərzində bizi məktəbə aparan o yollarda qoyulub. Məktəb yolu... Həyat filmimi izləyərkən ağ-qara kadrlarla çəkilmiş o solğun yolu xatırlayıram...
“Yol əhvalatı”
1996-cı il. 4-cü sinifdə oxuyurduq. O zaman Naxçıvan şəhər 39 nömrəli, indiki 15 saylı tam orta məktəbdə təhsil alırdıq. Qapı bir qonşumuz, doğmaca əmioğlumla bir gedib-gələrdik məktəbə. İkimiz də elə bir sinifdə oxuyurduq. Yaşadığımız yer məktəbə çox uzaq idi. Ona görə də hər gün eyni yolu gedib-gəlmək yorucu gəlirdi bəzən. Dərsdən çıxıb evə gedərkən maraqlı bir əhvalat tapıb uzun yolumuza nərdivan atardıq...
Həmin gün yöndəmsiz budkaların arası ilə keçərkən yolda toz-torpağın içərisində boş bir butulka ayağıma ilişdi. Onu təpiklədik və bir-birimizə pas ötürə-ötürə yolumuzu yarı elədik. İki nəfərlik futbol oyunundan sonra yorulub butulkanı yolun kənarındakı tullantı təpəciklərindən birinə yuvarladım. Yolumuzun geri qalanında axşam televizorda birlikdə izlədyimiz futbol oyununu öz uşaq təxəyyülümüzlə müzakirə etməyə başladıq. Əfsanəvi Braziliya oyunçuları – Ronaldo, Roberto Karlos kimi oyunçular o vaxt hər bir oğlan uşağının idealı idi. Bir an hiss etdim ki, Anarın gözü uzaqlara çəkildi, düşüncənin dərinliklərinə getdi. Xəyaldan ayrılmadan soruşdu: Görəsən elə gün olacaq ki, bizdə də belə maraqlı idman yarışları, tədbirlər keçirilsin? Doğrusu, ani verilmiş bu sual mənim də fikrimi uzaqlara apardı. Şalvarımın balağının tozunu təmizləyə-təmizləyə fikrə daldım...
Düşündüm, xəyal etdim. Atamın bir sözü ağlıma gəldi. Pis günün ömrü az olar, bala. Hər gələn günümüz daha yaxşı olacaq. Yenicə müstəqillik qazanmışıq. Bax, dərsə gedəndə dövlət himnimizi oxuyub sonra məktəbə daxil olursan. Heç biz o günləri də görməmişik. Çörək növbələrindən yaxamız təzə qurtarıb. Axşam evə bir tikə çörəklə qayıtmaq üçün bütün gün əziyyət çəkirdik. İndi vəziyyətimiz düzəlir. Rusyetdən təzə qayıtmışıq, anan da, mən də işləyirik, qazanırıq. Sən də dərslərini yaxşı oxu, bir peşənin sahibi ol ki, gələcəkdə əziyyət çəkməyəsən. Bu vətənin gələcəyi siz balalarımızın əlindədir.
“Qızmar günəş altında”
Naxçıvanın yay aylarını yaşayanlar bilir buraların istisini. Mayın əvvəlləri, bəzən aprelin sonlarından başlayaraq bu diyarın quraq istiləri insanı kölgə axtarmağa vadar edir. Yaz, payız aylarında insanı yağışın damlalarından qoruyan çətirlər bu dövrlərdən başlayaraq günəş şüalarına qarşı yaxşı vasitə kimi yenidən dəbə düşürdü.
Tədris illərinin son günləri ilin bu vədəsinə düşdüyündən onsuz da bizi yoran uzun yol daha da çətinləşirdi. Yolumuzun üzərində dincəlmək, nəfəs dərmək üçün bir kola belə rast gələ bilməzdin. Küçələrdə, yol kənarlarında vaxtilə kəsilən ağacların qurumuş kötüyünü gördükdə sanki isti daha da pis təsir edirdi insana.
“Onu bağışlamaq olarmı?”
Yol kənarlarına, kəsilən ağaclardan xatirə qalan, susuzluqdan çatlayıb cadar bağlayan boş sahələrə atılan tullantılar və onların zamanla toplanaraq zibilliklər halına gəlməsi də ovaxtkı Naxçıvanın yay aylarının başqa mənzərəsi idi. Gündüzlər yol gedərkən insanları narahat edən tullantı iyi və bu iyə toplaşan, gecələri yatmağa aman verməyən ağcaqanadlar. Hər səfərində məktəbdə bizə aşılanan “ağacları kəsməzlər, bitkilər oksigen, həyat mənbəyidir”, fikrini xatırlayır,onları kəsənləri qınayırdım. Evdə atamdan da soruşmuşdum, bizdə ağacları niyə kəsiblər? Axı müəllimim deyir ki, ağacı kəsməzlər, o bizə həyat verir, ruzi verir.
İndiki kimi yadımdadı, atam da oğrun baxışlarını məndən gizlədərək cavab vermişdi bu suala. Sanki o baxışlarla məndən və eləcə də bütün gələcək nəsillərdən üzr istəyirdi. Axı o da zamanında ağaca, dolayısı ilə təbiətimizə, ekologiyamıza balta çalanlar sırasında olub.
“İnsanlar buna məcbur idi, bala. Gavur düşmənlərimiz qazımızı kəsib, bizi zülmətdə qoymuşdu. Qışın oğlan çağından sağ-salamat çıxmaq üçün başqa əlacımız yox idi”, - deyən atam bu işə məcbur olan ata-babalarımızı haqlı çıxartmağa çalışaraq sözünə davam etdi: “İndi-indi həyat canlanmağa başlayır. Bax, yeni-yeni ağaclar əkilir, bağlar salınır. Məktəbdə də iməcilik keçirirsiniz. Kəsilən hər ağacın yerinə beş ting salınır. Ağac əkmək, bağ salmaq savabdır. Bunu siz balalarımız edəcəksiniz”.
“Gün keçdi”
Artıq 13 il idi ki, məktəbi bitirmişdik. Bu uzun müddət ərzində ikimiz də öz müstəqil həyatımıza qədəm qoymuşduq. Uşaqlıqda bir yerdə oynadığımız, acılı-şirinli xatirələrlə dolu o məhəlləni, kirayə yaşadığımız evləri tərk etmişdik. Yeni tikdiyimiz fərdi evlərə köçdüyümüzdən köhnə qonşuluğumuz da, əvvəlki məhəlləmiz də xatirələrdə yaşayırdı. İndi o məhəlləni heç tapmaq da mümkün deyil. İndi o yöndəmsiz məhəllədə yüzlərlə insanın daimi yerinə çevrilən “Cahan Sənaye Kompleksi” Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərir. Məktəbi bitirdikdən sonra Anara ali təhsil almaq qismət olmasa da, indi o, yaxşı peşə sahibi kimi tanınır. Zamanında qazandığı peşəsi indi onun əlindən yaxşı tutur. Mebel fabrikində çalışaraq öz zəhməti hesabına yeni qurduğu ailəsinin xoş güzəranını təmin edir...
“Görüş”
Yeni iş günü başlamışdı. İnternetdən gündəlik məlumatları araşdırarkən, bir xəbər diqqətimi cəlb etdi: “Futbol üzrə Azərbaycan kubokunun final görüşü Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək”. Görüşün keçiriləcəyi zaman asudə vaxtıma düşdüyü üçün, düzü çox sevindim. Gərgin iş stressindən sonra ölkəmizin iki nüfuzlu komandası – “Qarabağ” - “Qəbələ” matçını stadionda izləməyə, canlı futbol həyəcanını yaşamağa, sözün düzü, ehtiyacım da var idi. Mobil telefonuma gələn zəng məni oyuna getmək planlarımdan müvəqqəti ayırdı. Zəng köhnə qonşumdan idi. Kef-əhval soruşmaq üçün zəng etmişdi. Çoxdandır görüşmürdük. Elə bu final oyunu da görüşmək üçün yaxşı bir bəhanə ola bilərdi. Onu da final matçını izləməyə dəvət etdim...
“İnsan məskən salır”
Matçı izləməyin xoş təəssüratları bir yana, illər öncə Anarla olan yol əhvalatını xatırladım. O dövrlə indiki zaman müqayisəyəgəlməz dərəcədə fərqlənir. Bu futbol matçı kimi bir zamanlar xəyal etdiklərimiz indi reallıqdır. Naxçıvan nəinki ölkə miqyaslı, hətta beynəlxalq yarışların təşkilatçısı olacaq qədər dəyişib, inkişaf edib. Hər il yüzlərlə turist burada istirahət etməyə, keçirilən yarışlarda, konfranslarda iştirak etməyə gəlir. Bir zamanlar qonşu ölkələrdən od bahasına elektrik enerjisi, mavi yanacaq idxal edən diyarımız indi əhalinin enerjiyə olan tələbatını yerli imkanları hesabına ödəyir. Üstəlik artığını da qonşulara ixrac edir. O zamanlar təsəvvürə belə gətirməyəcəyimiz Günəş Elektrik Stansiyası bir çox yaşayış məntəqələrimizi işığa, nura qərq edir.
İndi şəhər və kəndlərimiz müasir görkəmi, şəraiti ilə öz sakinlərinə, hətta turistlərə qucaq açır. Bir zamanlar güzəranını təmin etmək üçün qonşu ölkələrə işləmək dalınca gedən atalarımız, əmilərimiz, dayılarımız doğma torpaqlarına qayıdıb, hərənin öz işi, qapısının ağzında təsərrüfatı var. İndi onlar öz təsərrüfatının, müəssisəsinin başında duran sahibkar, torpaq mülkiyyətçisi, işinin peşəkarı olan sənətkar, övladlarının xoş güzəranı ilə öyünən təqaüdçüdürlər. Necə deyərlər, fərasəti olan çörəyini öz qapısında qazanır, həm ailəsi intizarda qalmır, həm iqtisadiyyatımıza öz töhfəsini verir. Bütün bunların nəticəsidir ki, son illər nəinki mərkəz ərazilərdə, hətta uzaq kənd yaşayış məntəqələrində belə məskunlaşma əhəmiyyətli dərəcədə artıb. Buna səbəb muxtar respublikada ən ucqar dağ kəndində belə şəhər rahatlığının, firavan həyatın təmin olunması, məşğulluq probleminin tarazlı şəkildə həll olunmasıdır.
“Bağ mövsümü”
Oyundan xoş təəssüratlarla ayrıldıq və qərara gəldik ki, bu gözəl günü çay süfrəsi arxasında söhbətlə davam etdirək. Şəhərimizin yay günləri üçün ən sərin məkanı, “Böyük bağ”dakı səliqəli çay evi bizi gözləyirdi. Orada dincəlmək xüsusi zövq yaşadır. Xalqımızın müqəddəs sayaraq heç zaman kəsmədiyi qoca çinarların məskəni olan bu məkan son illər aparılan yaşıllaşdırma tədbirləri nəticəsində daha da sıxlaşıb, kölgəsi altında sakinlərə, qonaqlara sərin yay günləri bəxş edir.
İndi bu sərinlik, bu abadlıq diyarımızın hansı ünvanına üz tutsan, səni gözləyir. Kütləvi şəkildə aparılan iməciliklərin iştirakçısı kimi indi bu yaşıllıqların bəhrəsindən hamımız yararlanırıq. Atamın qeyd etdiyi kimi, ötən dövrdə enerji problemi ucbatından kəsilən hər bir ağacın yerinə 5 deyil, yüzlərlə ağac salındı. Hər il park və xiyabanlarda, muxtar respublikamızın müxtəlif istiqamətlərinə uzanan magistrallar boyu ağaclar əkilir, meyvə bağları salınır. Ötən müddət ərzində diyarımızın yaşıl örtüyü 14 faizi üstələyib. Əbəs yerə demirlər ki, insan əli dəyən hər yer gülüstana çevrilir. Həyat filmimin solğun kadrlarında güclə xatırladığım toz basmış yolların ətrafında, boş sahələrin yerində hündür binalar ucalır, zavod və fabriklər, əyləncə məkanları fəaliyyət göstərir. Ağacları kəsilmiş, susuzluqdan çatlamış yerlərdə yüzlərlə hektar terraslar salınıb, damcılı suvarma şəbəkələri qurulub. İndi bu yerlərin əvvəlki görkəmini geniş meyvə bağları, park və xiyabanlar əvəz edir.
Naxçıvanın hər bir bölgəsində bir-birini tamamlayan bu yaşıllıqlar sadəcə gözəllik üçün deyil. “Yaşıl hasarlar”a bürünən yol kənarlarında sıravi əsgər tək nizamla düzülən çinarlar, ərik, alma, şaftalı ağaclarının məclis qurduğu gözəl meyvə bağları diyarımızın gözəl görkəmi ilə yanaşı, meyvəçiliyin də inkişafını təmin edib, Naxçıvan meyvələrinin şöhrəti özünə qayıdıb. Bu nemətin dəyərini sözlə ölçmək mümkün deyil. Bu ağacları əkən zəhmətkeş insanlarımızın çəkdiyi əziyyət indi keyfiyyətli məhsul, bol ruzi kimi süfrələrimizə qayıdır...
“Ən vacib müsahibə”
Yenə düşüncədən ayrılaraq fikirləşdim ki, bu, belə də olmalı idi. Axı bu cür olmasaydı, bir ağacın kəsilməsinə belə razı olmayan ata-babalarımızın ruhu necə dinclik tapardı?
Çayımı içərək sabahkı işim barədə fikirləşdim. Sabah daha bir gərgin iş günü var idi. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində daha bir maraqlı tədbir, “Kətə” festivalı keçiriləcəkdi. Qalada şahidi olduğumuz hazırlıq prosesindən də bəlli idi ki, festivala muxtar respublikanın ayrı-ayrı bölgələrində hazırlanan və milli mətbəximizin mühüm bir hissəsini təşkil edən müxtəlif kətə çeşidləri çıxarılacaq. Bu festivala da əvvəlkilərdəki tək böyük marağın olacağı gözlənilirdi. Yerli sakinlərlə diyarımıza səfər edən turistləri bir arada görmək işimiz adına çox yaxşı hal idi. Efir üçün hazırlayacağımız süjeti müxtəlif müsahibələrlə daha da maraqlı etmək imkanı yaranmışdı.
“Bir qalanın sirri”
Çay dəsgahı arxasındakı söhbət zamanı əmioğlum Anar da qeyd etdi ki, o da ailəsi ilə birlikdə sabahkı festivala gəlməyi planlaşdırırdı. Həm uşaqlar yaxşı vaxt keçirir, həm də festival sayəsində qorunub yaşadılan qədim adətlərimiz, milli-mənəvi dəyərlərimizlə əyani şəkildə tanış olurlar.
Söhbətin bu əsnasında yenə də həyat filmimizdən köhnə kadrlar göz önünə gəldi. Məktəb illərində bu qədim tarixi abidəmiz bizə “Köhnəqala” kimi aşılanmışdı. Sözün düzü bu ad o vaxtı görkəminə də uyğun gəlirdi. Uçub dağılmış qala divarlarının qalıqları ardında neçə “şir biləkli” oğlan “söhbət çürüdüb”. Kimin dolayı işi, çəp gələn məsələsi var idisə, burada həll edərdi. Muxtar respublikada geniş vüsət alan və tarixi abidələrimizə göstərilən həssas münasibət, diqqət və qayğı Naxçıvanqalanı da əsl görkəminə qovuşdurub, əsrlər öncəki şöhrətini özünə qaytarıb. Qədim dövrlərdə Naxçıvanı yadelli hücumlarından qoruyan bu tarixi ərazi artıq festivalların keçirildiyi məkan kimi böyük şöhrət qazanıb. Təkcə hər il keçirilən “Göycə festivalı”nın adını çəkmək kifayətdir. Bu festivallara turistlərin göstərdiyi böyük maraq Naxçıvanın, Naxçıvan məhsullarının geniş arealda tanıdılmasına böyük töhfə verir.
Bəli, inkişaf edən, müasir Naxçıvanımızın ötən günləri artıq geridə qalıb. Hər birimiz xatirələrimizdə yaşadır, unutmuruq o günləri. Keçmişimizi yada saldıqda bugünkü firavan yaşayışımızın dəyərini bilir, gələcəyə böyük ümidlərlə baxırıq. Necə deyərlər, dünəni unutma, bu günü yaşa, gələcəyi düşün.
Röyal Məmiyev
Naxçıvan televiziyasının baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB