Azad Hacıyev: "Aparılacaq monitorinqlər zamanı müəyyən olunacaq ki, ölkədə nə qədər qan xəstəliyindən əziyyət çəkən insan var” - Açıqlama

Azad Hacıyev: "Aparılacaq monitorinqlər zamanı müəyyən olunacaq ki, ölkədə nə qədər qan xəstəliyindən əziyyət çəkən insan var” - Açıqlama
Hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankında lazımi dərəcədə qan torbaları, tədarükləri var. Bu barədə SİA-ya açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev məlumat verib. O bildirib ki, 2006-cı ildən başlayaraq qan tədarükü üçün xüsusi dövlət proqramı hazırlanıb və bu proqram çərçivəsində qan xidməti üçün hər bir lazımlı avadanlıqlar alınıb. Ehtiyat yaratmaq üçün qanın uzun müddət saxlanılmalı olduğunu deyən A.Hacıyev vurğulayıb ki, ölkədə bunun saxlanması üçün şərait yoxdur.

"Demək olar ki, dünyanın heç bir yerində belə bir şərait yoxdur. Çünki qan tədarüklərini uzun müddətli saxlamaq olmur. Bəzi komponentlərin müəyyən saxlama müddəti var. Məsələn tronbositlərin hüceyrələri bir neçə saat ərzində məhv olur, ancaq leykositlər 1 aya qədər, plazmalar isə illərlə saxlana bilər. Təbii ki, hazırda yenə də qan çatışmamazlıqları olur. Ancaq bu vəziyyət keçən illərlə müqayisədə xeyli yaxşılaşıb", - deyə o əlavə edib.

Qan xəstəliklərinin artım və ya azalma tendensiyasına gəlincə, institut direktoru qeyd edib ki, hazırda bununla bağlı dəqiq statistik rəqəmlər hazırlanır. Onun sözlərinə görə, bu rəqəmlər bizdə nisbidir və faizlə götürülür: "Statistik rəqəmlər yaxın aylarda hazırlanacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. Monitorinqlər əvvəllər aparılmadığından hazırki rəqəmləri müqayisə etmək çətindir. Monitorinqlər başa çatdıqdan sonra dəqiq rəqəmlər söyləyəcəyik. Statistik rəqəmləri öyrənməkdən ötəri bütün respublika ərazisində aparılacaq monitorinqlər zamanı müəyyən olunacaq ki, oralarda nə qədər qan xəstəliyindən əziyyət çəkən insanlar var. Buraya leykozlar və digər qan xəstəlikləri aiddir".

A.Hacıyev sonda donorlara da müraciət edib. O bildirib ki, orucluq ayında Mərkəzi Qan Bankında donor qıtlığı yaranmışdı: "Çünki həmin dövrdə müraciət edən donorların sayı çox az idi. O donorlara müraciət edib deyirəm ki, onlar qan xəstəliyindən əziyyət çəkən insanlara kömək etməkdən çəkinməsinlər. Həmişə donor olsunlar ki, bizdə də heç vaxt qan qıtlığı yaranmasın. Biz isə hər zaman donorlardan o qanları qəbul etməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə