Azərbaycanın gənclər və idman naziri ilə qırğızıstanlı həmkarı arasında görüş keçirilib

Azərbaycanın gənclər və idman naziri ilə qırğızıstanlı həmkarı arasında görüş keçirilib
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə səfərdə olan Qırğızıstanın gənclərlə iş üzrə naziri Aliyasbek Alımkulovla görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı çıxış edən A.Rəhimov qonaqlara salamlayaraq iki ölkə arasında olan əlaqələrdən danışıb. Hər iki dövlətin gənc olduğunu dilə gətirən A. Rəhimov bildirib ki, hər iki ölkə əhalisinin əksər hissəsini gənclər təşkil edir. Daha sonra nazir qonaqlara Gənclər və İdman Nazirliyinin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, 1994-cu ildə yaranan qurum həm idman həm də gənclər sahəsini əhatə edir. Nazirliyin hər iki sahəni əhatə edən proqram əsasında fəaliyyət göstərdiyini vurğulayan A.Rəhimov hazırda yeni proqramın hazırlandığını dilə gətirib. Nazir söyləyib ki, ölkəmizdə gənclər sahəsini əhatə edən 200-dən çox təşkilat fəaliyyət göstərir ki, onlar da bu sahənin inkişafı ilə əlaqədar bir sıra işlər görürlər. O qeyd edib ki, nazirlik də öz növbəsində həmin təşkilatların həyata keçirdiyi layihələri maliyyələşdirir, qrant ayırır.

Daha sonra söz alan qonaq Azərbaycanın inkişafından danışıb. O bildirib ki, Azərbaycanın gün-gündən inkişafı, çiçəklənməsi qırğız xalqını sevindirir. Onun sözlərinə görə, Azərbaycan inkişaf etməklə yanaşı digər ölkələrin də inkişafına yol açır. Daha sonra ölkəmizə gəlişinin məqsədini açıqlayan A.Alımkulovla gənclər sahəsi üzrə təcrübə toplamaq niyyətində olduqlarını dilə gətirib. Görüşün davamında qonaq Qırğızıstanda gənclər sahəsi üzrə görülən işlərdən danışıb. O bildirib ki, hazırda Qırğızıstanda müəyyən çətinliklərin olmasına baxmayaraq bu sahənin inkişafına dair işlər davam etdirilir.

Görüş müzakirələr əsasında davam edib. Müzakirələr zamanı hər iki ölkə arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, ölkəmizə 3 günlük səfərə gələn Qırğızıstan rəsmiləri bu günlər ərzində Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Tələbə Gənclər Təşkilatları İttifaqı ilə görüş keçirəcək, Azərbaycan tarixi muzeyi, Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi, İçərişəhərlə tanış olacaqlar. Səfər 23 sentyabr tarixində başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə