Səfər Alşarlı: “Jurnalistikamız dövlətimizin yanındadır” MÜNASİBƏT
“Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlər üçün inşa edilmiş ikinci binadan mənə də mənzil hədiyyə etdiyi üçün Allah dövlət başçımızın ömrünü uzun etsin, Tanrı Onun Azərbaycanla bağlı bütün arzularını çin etsin. Eləcə də bu işdə əməyi keçmiş bütün insanlara təşəkkürümü bildirirəm”. Bunu SİA-ya aşıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyəti” jurnalının Baş redaktoru Səfər Alşarlı deyib.
Baş redaktor bildirib ki, müasir və müstəqil Azərbaycan dövləti öz vətəndaşlarının, o cümlədən jurnalistlərin qayğısına qalır, onlara misli görünməmiş dərəcədə böyük sosial qayğılar göstərir: “Belə evlər təkcə jurnalistlər üçün deyil, o cümlədən əhalinin aztəminatlı ailələri, qaçqın və məcburi köçkünlər üçün də inşa edilir. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün təkcə Bakı yox, bütün regionlar yenidən qurulur, rayon mərkəzlərində abadlıq quruculuq işləri aparılır. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Mübaliğəsiz demək olar ki, bütün bunların memarı Ulu Öndərimiz Heydər Əliyevdir. Bu əsaslar üzərində bərqərar olan dövlətimiz ilk növbədə insanın qayğısına qalır. Cənab Prezidentin də bu gün jurnalistlər üçün inşa edilən binanın açılış mərasimində dediyi kimi, Azərbaycan sosial dövlətdir, onun bütün siyasətinin əsasında dövlətin və vətəndaşının maraqları dayanır. Prezidentin açılış mərasimindəki çıxışı bütün jurnalistlər tərəfindən böyük alqışla qarşılandı”.
S.Alşarlı əlavə edib ki, Prezident jurnalistlər inşa edilən sayca üçüncü evin təməlini qoydu və tikinti şirkətinin nümayəndəsinə də tapşırıq verdi ki, qısa müddət ərzində binanın tikintisi tamamlansın: “Belə ki, digər jurnalistlər də mənzillə təmin edilə bilsinlər. Dövlət başçısı əlavə etdi ki, tikintinin maliyyələşdirilməsi ilə bağlı dövlətin qarşısında heç bir problem yoxdur. Dövlət binanın inşası üçün nə qədər lazımdırsa vəsait ayıracaq. Yalnız tikinti şirkətinin işləri vaxtında tamamlaması lazımdır ki, digər jurnalistlər mənzillə təmin oluna bilsinlər. Jurnalistlər şəhərciyində digər işlərin görülməsinin vacib olduğu da prezidentin çıxışında vurğulandı. Burada yaşayan jurnalistlərin yol problemindən xəbərdar olduğunu deyən Prezident Bibi Heybət tərəfdən yeni yolun tikilməsi barədə də göstərişlər verdi”.
Vətəndaş cəmiyyətinin təmsilçisi bildirib ki, Cənab Prezidentin də dediyi kimi Azərbaycan jurnalistikası inkişaf edir: “Həyatımızın bütün sahələri kimi jurnalistikamız da dövlətin yanındadır və ölkəmizin inkişafı üçün əlindən gələni edir. Vətəndaş cəmiyyətinin təmsilçisi olaraq, jurnalist olaraq əlimizdən gələn hər bir şeyi etməyə hazırıq ki, Azərbaycan dövlətinin haqq səsi bütün dünyada eşidilsin, Azərbaycanda vətəndaş cəmiyyəti möhkəmlənsin və burada firavan həyat, ləyaqətli ömür sürmək hər bir insanımız üçün mümkün olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB