Suraxanı rayonunda 2017-ci ilin 1-ci yarısına yekun vuruldu

Suraxanı rayonunda 2017-ci ilin 1-ci yarısına yekun vuruldu

Suraxanı rayon icra hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qarşıda qoyduğu vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən hesabat yığıncağında rayon icra hakimiyyəti başçısı İlqar Abbasov Nazirlər Kabinetinin iclasında dövlət başçısının proqram xarakterli nitqində vurğulanmış önəmli məsələlər və görülən işlər barədə iştirakçılara məlumat verdi.

Rayon rəhbəri daha sonra ötən 6 ayda rayonda görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələr barədə danışdı. Yarım ilin sosial-iqtisadi yekunları barədə məlumat verən rayon rəhbəri qeyd etdi ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da cari ilin 1-ci yarısında sürətli sosial-iqtisadi inkişaf davam etdirilmiş, bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur.

Rayonun küçələrinə və məhəllədaxili ərazilərə 100 min kv.m. asfalt örtüyü salınmış, uzunluğu 12,0 km. olan Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 3 kilometrlik hissəsində yenidənqurma işləri davam etdirilmiş, Etibar Bəkirli küçəsi (2 km.) və uzunluğu 8 km olan Zığ-Hövsan avtomobil yolu isə yenidən qurulur.

Bakı şəhər icra hakimiyyətinin mənzil-kommunal təsərrüfatı departamentinin dəstəyi ilə Suraxanı rayon MKTB tərəfindən Hövsan qəsəbəsi Elman Qasımov küçəsində 11, Oqtay Şabanov küçəsində 4 binanın həyətində 5100 p.m. yeni səki daşları qoyulmuş, 27700 kv.m. asfalt örtüyü vurulmuş, 65500 kv.m. ərazi abadlaşdırılmış, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "Q" yaşayış sahəsində 7 binanın həyətində abadlıq işlərinə başlanılmışdır. Ümumilikdə rayonda 6 ay ərzində 17 “Nümunəvi abad məhəllə” salınmışdır. Əmircan qəsəbəsində 18-ci əsrin sonlarında inşa edilmiş “Seyid qızı” türbəsi də əsaslı təmir olunmuş, ətraf əraziləri abadlaşdırılmışdır.

“Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Hövsan qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış “1941-1945” abidə kompleksi əsaslı təmir edilmiş, 1150 kv.m. ərazi abadlaşdırılmışdır. Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində 250 kv.m qazon əkilmiş, ağacların və yaşıl çəmənin suvarılması üçün 300 p.m. su xətti çəkilmişdir. Bülbülə kənd qəbiristanlığında yerləşən və sahəsi 350 kv.m. olan Şəhidlər xiyabanı əsaslı şəkildə yenidən qurulmuş, 11 şəhidin xatirəsi əbədiləşdirilmişdir. Ümumiyyətlə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.

Ekoloji məsələlərin həllinə diqqət artırılmış, keçirilmiş iməciliklərdə 5000 ədəd ağac əkilmiş, Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması işləri davam etdirilmiş, rayonda operator şirkətlər tərəfindən ümumi sahəsi 1,1 hektar olan 33 gölməçə müxtəlif növ tullantılardan təmizlənmiş, lay suları və neftlə çirklənmiş

9,68 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, 23 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, həmin ərazilərdə qazon və ağaclar əkilmişdir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, bu il həmin proqrama əsasən rayon üçün 1435 yeni iş yeri açılmış, rayonun ərazisində abadlıq, yaşıllaşdırma və təmizlik işlərinin görülməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə Rayon MKTB-yə 36-sı məcburi köçkün olmaqla cəmi 568 nəfər işaxtaran şəxs işə qəbul edilmiş, digər qurumlarda 662 nəfər vətəndaş işlə təmin edilmişdir.

Cari ilin mart ayının 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar rayonda konkret tədbirlər müəyyənləşdirilmiş və müəyyən işlər görülmüşdür.

2017-ci ilin 6 ayı ərzində RİH başçısı tərəfindən 293 nəfər vətəndaş qəbul edilmiş, 1585 nəfərin iştirakı ilə 27 səyyar görüş-qəbul keçirilmişdir.

Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayon icra hakimiyyətinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının iştirakı ilə rayonda ənənəvi olaraq dövlət bayramları qeyd edilmiş və müxtəlif tədbirlər keçirilmişdir.

İndiyədək Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 75 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 mindən artıq istifadəçi faydalanmışdır. Mərkəzdə 2017-cı ilin 6 ayı ərzində 11 ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar ilə birgə 2009-cu ildən bəri 200-dən artıq tədbir keçirilmişdir.

2017-ci ilin 6 ayı ərzində Suraxanı rayon gənclər və idman idarəsi tərəfindən aidiyyəti dövlət proqramlarının icrası, sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə ümumillikdə 138 tədbir və idman yarışı keçirilmiş, bu tədbirlərdə 25837 nəfər gənc, yeniyetmə və idmançı iştirak etmiş, bu il ölkəmizdə keçirilmiş Bakı-2017 IV İslam Həmrəylik oyunlarında rayon sakini Ayxan Mamayev karate idman növü üzrə çempion adını qazanmışdır.

Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları da müzakirə olunmuşdur. Yığıncaqda Milli Məslisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva və Fərəc Quliyev çıxış etdilər.

Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı: “Dövlətimizin başçısı Cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş dövlət proqramlarında müəyyən olunmuş iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi,

qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik”.

Sonda Suraxanı RİHB-nin birinci müavini Hacıyev Rəşad Zülfəli oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təqdim olundu, rayonun ictimai həyatında və əhalinin tibbi müayinəsinin təşkilində fərqlənən bir qrup şəxs rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə