Prezident: "Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır"

Prezident: "Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır"

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yeni inşa edilmiş bina haqqında dövlət başçısına məlumat verib.

Bildirilib ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. Bildirib ki, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır: "22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Bu gözəl peşə bayramı ərəfəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışına toplaşmışıq. Bu, sayca ikinci binadır. Birinci binada artıq neçə ildir ki, jurnalistlər yaşayırlar. İndi də ikinci binanın açılışını qeyd edəcəyik. Birinci binada 156, ikinci binada isə 255 mənzil var. Eyni zamanda, biz bu gün üçüncü binanın təməlini qoyacağıq. Üçüncü binada da 255 mənzil nəzərdə tutulur".

İlham Əliyev bildirib ki, beləliklə, qısa müddət ərzində yüzlərlə jurnalistə dövlət tərəfindən mənzil verilir və bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətin təzahürüdür: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır".

Bütün xəbərlər Facebook səhifəmizdə