Siyasiləşmiş mətbuat, yoxsa satılmış yazarlar? - ANALİZ (Layihə)

Siyasiləşmiş mətbuat, yoxsa satılmış yazarlar? - ANALİZ (Layihə)

Son günlər bəzi mətbuat orqanlarında jurnalistlərə təzyiqlər və ölkədə azad sözün boğulması kimi cəfəng iddialar yer almaqdadır. Cəmiyyətimiz belə böhtanlara artıq öyrəncəlidir. Əslində, hamı ölkədə jurnalistlərin azad söz demək, sərbəst və maneəsiz çalışmaq imkanlarının olduğunu bilir. O üzdən belə böhtanlar olduqca paradoksal təsir bağışlayır.

Peşəkar jurnalistlə məqsədli yazarın fərqi

Bütün dünyada media cəmiyyəti maarifləndirmək və obyektiv informasiya ilə təmin etməkdən ötrü fəaliyyət göstərir. Media da əsasən jurnalistlər və yazarlardan ibarətdir. Əslində bunlar ayrı-ayrı məfhumlardır. Jurnalist prefessional peşədir və bu peşənin spesifik xüsusiyyətləri var. Jurnalist etik normaları, qanenvericiliyi, obyektivliyi, dövlətçiliyi və s. humanist prinsipləri əldə rəhbər tutaraq maarifləndirici və məlumatlandırıcı fəaliyyət göstərməlidir. Jurnalistika bir ictimai elm sahəsidir və bu sahənin də spesifik yaradıcılıq texnologiyaları var.

Yazarlar isə, müxtəlif sahə (məs. siyasət, iqtisadiyyat, mədəniyyət, idman və s.) üzrə ixtisaslaşmış adamlardır və onlar müəyyən ideologiyalara xidmət edirlər. Yəni, bu aspektdən baxsaq, jurnalistin yayımladığı materialda şəxsi mövqeyi olmamalıdır. Bu gün mətbuatımızda çıxış edən yazarların isə, çox zaman konkret mövqeyi və subyektiv fikri olur. Və bundan başqa yazar öz düşüncələrini ortaya qoyur və bu da cəmiyyət üçün "Quran ayəsi" rolu oynamır. Bu konteksdən çıxış edib Azərbaycan medaisını nəzərdən keçirdikdə belə qənaətə gəlmək olar ki, bizdə peşəkar jurnalistlər azlıq təşkil edir, subyektiv və məqsədli yazarlar isə olduqca çoxdur.

Ölkədə mətbuata və jurnalistlərə təzyiqlər haqda nağıl danışıb xarici ölkələrdən sığınacaq istəyənlərə nə deyəsən? Dövlətin imicinə bundan böyük hansı zərbəni vurmaq olar? Yəni, bütün dünyaya mesaj göndərilir ki, bu ölkədə hakimiyyət öz millətinin hüquqları pozur, bəs ermənilərlə necə davranılacaq? Bu hərəkət erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Azad mətbuatla bağlı 5 sual

Cəmiyyətimiz belə böhtanlara artıq öyrəncəlidir. Çünki, hətta müxalifət qəzetlərinin oxucuları belə ölkədə jurnalistlərin azad söz demək, sərbəst və maneəsiz çalışmaq imkanlarının olduğunu bilir. Belə böhtanlar olduqca paradoksal təsir bağışlayır. Əgər ölkədə mətbuat azadlığı yoxdursa, onda sözügedən qəzetlər ölkə hakimiyyətinə, dövlətin yüksək rütbəli şəxslərinə qarşı ağlagəlməz iftira və ittihamları necə yağdırırlar?

Son illərdə müxalifət qəzetlərində hakimiyyəti təhqir və böhtan atəşinə tutan "jazar"ların adları çoxlarına tanışdır. Onlardan hansı birinə təzyiq göstərilib və ya həbs olunub? Bu adamlar uzun illərdir öz işlərindədir və bu gün də qərəzli yazılarla çıxış edirlər. Özü də maşallah olsun, pis dolanmırlar. Yazıların sifarişçiləri böhtanın dərəcəsinə görə, onlara yüksək qonarar verir. Bircə faktı deyim ki, müxalifət qəzetlərinin yazarları, digər qəzetlərin əməkdaşlarından ən azı iki-üç dəfə çox qonarar alırlar. Müxalifət qəzetlərinin təsisçiləri və baş redaktorları bahalı xarici avtomobillərdə gəzir, gözəl evlərdə yaşayır, restoranlarda nahar edirlər. Bu faktlar çoxlarına məlum olmasa da media sahəsində çalışanlara yaxşı məlumdur. Belə olduğu təqdirdə bunlar nədən və kimdən şikayətlənirlər?
Azərbaycanda təkcə qəzetin satışı ilə, belə imkanlar əldə etməyin mümkün olmadığını hamı bilir. Bəs bu pullar haradan gəlir? Deməli radikal müxalifətin rəhbərlərinin də etiraf etdiyi kimi, mediaya çirkli pullar axınının olduğu məntiqlə ortaya çıxır.
9 milyon əhalisi olan ölkədə 4 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib, kim necə istəyir qəzet-jurnal buraxır, kimin ağlına nə gəldi yazır, bəs bunlar mətbuat azadlığı deyil nədir?

Sərhədsiz böhtançılar

Hər dəfə beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları ilə, mətbuatın durumu ilə bağlı belə tənqidi hesabatlar yayanda müxalifət mətbuatı sevincindən yerə-göyə sığmır. Müxalifətyönlü media mənsubları Azərbaycan dövlətinin əleyhinə bəyanat verən istənilən beynəlxalq təşkilatı özlərinə dost görürlər. Bu təşkilatların bir çoxu isə, beynəlxalq aləmdə ermənilərin mənafeyini müdafiə edir və Türk dövlətlərinə qarşı iş görürlər. Məsələn, "Sərhədsiz Reportyorlar" təşkilatı uzun müddət Türkiyəyə qarşı mübarizə aparıb, bu ölkənin bayrağını Parisdə insanların ayağı altına ataraq tapdalayıb. Bundan başqa, həmişə Qarabağ münaqişəsi və erməni təcavüzü ilə bağlı qərəzli mövqe nümayiş etdirib. "Sərhədsiz Reportyorlar" erməni lobbisinin təsiri altında olan bir təşkilatdır.
Bu təşkilatın açıqlamalarının reallıqdan uzaq olduğunu Azərbaycan vətəndaşları da, jurnalistlər də yaxşı bilirlər. Təbii ki, bir-iki jurnalistlə qarşı şəxsi zəminlərdə baş vermiş hadisələri qətiyyən ölkənin söz, mətbuat və informasiya azadlığı sahəsindəki durumla eyniləşdirmək olmaz.
Şəxsən mənə elə gəlir ki, bu təşkilat Azərbaycanın dünyadakı müsbət imicini ləkələməklə Ermənistanın daha demokratik və sivil ölkə olması haqda beynəlxalq aləmdə rəy formalaşdırmaq istəyir. Bu isə, istər Qarabağ münaqişəsində, istərsə də digər məsələlərdə ermənilərin haqlı olması barədə fikir yaratmaq məqsədi güdür. Ehtimal ki, beynəlxalq erməni lobbisi bu çirkin kompaniyanın aparılması üçün ciddi məbləğlərdən keçməli olub.
"Soros" Fondunun PKK terror təşkilatı haqda sənədli filmi maliyyələşdirib ABŞ-da yayımlatdığı haqda isə danışmağa dəyməz. Təəssüf ki, bu qərəzli kampaniyada öz "ermənilərimiz" də önəmli dərəcədə rol oynayır. Ölkədə baş verən hər xırda məsələni, bəzəyib-düzəməklə və maksimum şişirtməklə beynəlxalq təşkilatlara və xarici ölkə səfirlərinə çatdırmaqla artıq onları da zinhara gətiriblər. Bu təşkilatların ofisləri ölkə müxalifətinə mənsub adamların məktub və teleqramlari ilə doldurulub.
Belə adamları sovet dönəmində "demoqoq", indiki dövrdə isə, rus dilindən götürülmüş dörd hərfli sözlə çağırırlar ki, bu sözü də mən qəzet səhifəsində işlətmək fikrindən uzağam. Əks təqdirdə, bu adamlardan fərqim olmazdı…
Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə