Nizami Cəfərov: “Ölkədə yaşayan ruslar və digər millətlərin nümayəndələri ənənəvi soyad və adlarını saxlayacaqlar”- Açıqlama

Nizami Cəfərov: “Ölkədə yaşayan ruslar və digər millətlərin nümayəndələri ənənəvi soyad və adlarını saxlayacaqlar”- Açıqlama

Azərbaycanda milli soyad sonluqlarının müəyyənləşdirilməsi ilə bağlı alimlərin görəcəyi işə yekun vurulub. SİA-nın məlumatına görə, bu sözləri millət vəkili, milli soyadlarla bağlı komissiyanın sədri Nizami Cəfərov açıqlamasında deyib. O bildirib ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış komissiya ümumi prinsipləri müəyyənləşdirib, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin xətti ilə Azərbaycandakı mövcud ad, soyad və ata adının siyahısı tutulub. Əlavə adlarla bağlı xüsusi bir siyahının hazırlandığını dilə gətirən millət vəkili söyləyib ki, soyad sonluqlarına keçid iki formada ola bilər: "Birincisi, bu, dövlət başçısının sərəncamı ilə, ikincisi isə Ailə Məcəlləsinə dəyişiklik formasında edilə bilər. Soyad sonluqlarının dəyişdirilməsi yalnız ölkə ərazisində yaşayan azərbaycanlılara şamil olunacaq. Ölkədə yaşayan ruslar və digər millətlərin nümayəndələri ənənəvi soyad və adlarını saxlayacaqlar. Burada bir problem ola bilər ki, o da fərdi qaydada həll olunacaq. Yəni, müxtəlif millətlərlə qarışıq ailələrin sayı artmaqdadır. Ona görə də müxtəlif soyad formasının götürülməsi imkanları yaranır. Düşünürük ki, burada da müəyyən demokratiya olmalıdır. Belə hallarda məsələ daha çox məhkəmələr vasitəsi ilə həll olunacaq".

 

N.Cəfərov bildirib ki, təhlillərdən sonra əsasən soyad sonluğu olaraq "lı", "li", "lu", "lü", "soy", "oğlu", "gil" və şəkilçisiz soyad təklif olunub. Bu gün yalnız "zadə" sonluğunda problem olduğunu dilə gətirən millət vəkili aparılan araşdırmalara görə, hazırda ölkədə soyadların 80 faizinin "ov" və "yev", 10 faizinin "zadə", qalan 10 faizinin isə "lı", "li", "lu", "lü" sonluğu ilə bitdiyini qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə şəkilçisiz soyadlar çox işlənməsinə baxmayaraq onların içərisində rəsmiləşənlər azlıq təşkil edir. "Yeni soyadlar yeni doğulan uşaqlara aid ediləcək. Amma bununla belə, istəyən şəxs öz soyadını dəyişə biləcək. Bunun üçün mövcud şərtlərin sadələşdirilməsi, müvafiq qanunvericilikdə müəyyən dəyişikliklərin aparılması mümkündür",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə