Erkan Özoral: "15 iyul hadisələri zamanı xalqımız əsl demokratiya nümayiş etdirdi"

Erkan Özoral: "15 iyul hadisələri zamanı xalqımız əsl demokratiya nümayiş etdirdi"

"Keçən il iyulun 15-də Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərənlər, sadəcə, Pensilvaniyada yaşayan bir nəfərin əmrini yerinə yetirib. Amma həmin gün Türkiyə xalqı prezidenti ilə birlikdə əsl birlik nümayiş etdirdi. Türkiyə xalqı əsl demokratiya dərsi nümayiş etdirdi". Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə dövlət çevirilişinə cəhdin ildönümünü ilə əlaqədar təşkil etdiyi mətbuat konfransında deyib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə prezidentinə ilk zəng edib dəstək verənlərdən olduğunu xatırladıb: "Bununla əlaqədar Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Güclü Azərbaycan güclü Türkiyə deməkdir. Biz terrorla mübarizədə birgə səylər göstəririk. Lakin təəssüf ki, bu gün bir sıra ölkələr terrorçulara dəstək və sığınacaq verir. Amma bu ölkələr bilməlidir ki, bir gün terrorçular onlara da zərbə vuracaqlar".
E.Özoral dövlət çevrilişinin qarşısını almağa çalışarkən həyatını itirən 255 nəfər arasında bir azərbaycanlının olduğunu xatırladıb.

Səfir mətbuat konfransında iyulun 4-də ermənilərin açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı azərbaycanlı qızın və onun nənəsinin ölümü ilə əlaqədar başsağlığı verib və Ermənistanın belə hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyulun 4-də Azərbaycanın işğal olunan ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə