Dövlət qulluğuna dair konfrans keçirilib YENİLƏNİB

2017-ci il iyulun 10-da Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Pullman Bakı Hotelində “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermək, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparmaq olub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri daxil olmaqla ümumilikdə 150 nəfər iştirak edib.

Konfransda giriş sözü ilə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edib.

Məleykə Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyətinin mütəmadi öyrəniləcəyi, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcəyini, yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəyi və təqdim olunacaq illik hesabata daxil ediləcəyini, pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini qeyd edib.

DİM-in əməkdaşları tərəfindən Dövlət qulluğu haqqında Qanuna edilmiş son əlavə və dəyişikliklər, dövlət qulluğuna yeni qəbul qaydaları, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanların təşkilində tətbiq ediləcək yeniliklər barədə təqdimatlar edilib.

DİM-in Hüquqi təminat və insan resurları şöbəsinin müdiri Vüqar Əsgərov təqdimatında dövlət qulluğuna qəbulda və inzibati vəzifələrin tutulmasında edilmiş dəyişikliklər və qanunvericiliyin tətbiqi üzrə yol verilən pozuntular, həmin pozuntuların aradan qaldırılması üzrə Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, çıxışında bildirmişdir ki, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olub ki, əgər bundan qabaq müsabiqə ilə qəbul yalnız 5-7-ci təsnifata daxil olan inzibati vəzifələrə şamil olunurdusa, artıq yeni dəyişikliklərə əsasən dövlət qulluğuna qəbul 1-7-ci təsnifat inzibati vəzifələr üzrə aparılacaq. Yəni dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar. Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olmuşdur. Belə ki, müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək.

O, çıxışında vakant vəzifələrin tutulması üçün daxili müsahibə keçirildikdə və daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadığı halda, həmin vəzifənin 30 gün müddətində ümumi müsahibəyə çıxarılması və ümumi müsahibə yolu ilə ilə tutulmadığı halda isə mütləq qaydada müsabiqəyə çıxarılması barədə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, bu günə kimi vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda, yeni qaydalarla artıq bu məcburi norma olaraq müəyyən edilib.

Konfransda, həmçinin Dövlət İmtahan Mərkəzinin Litva Dövlət Katibliyi ilə birgə icra edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” Layihəsinin icra vəziyyəti və gələcək planlar barədə də iştirakçılara məlumat verilib.

Tədbirin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı verilən suallar DİM əməkdaşları tərəfindən cavablandırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə