"Fizuli rayonunun Alxanlı kəndində erməni işğalçılarının nənə və nəvəni hədəf seçərək qətlə yetirmələri heç bir insanlıq, heç bir humanizm dəyərlərinə sığmayan bir terrordur, vəhşilikdir". SİA xəbər verir ki, bu fikirləri İçərişəhər Cümə məscidinin dini icma rəhbəri, ilahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli çıxış etdiyi cümə xütbəsində bildirib. Onun sözlərinə görə, balaca Zəhranın və nənəsinin erməni işğalçıları tərəfindən qətlə yetirilmələri artıq bütün dünyaya bir təhlükə mesajı olmalıdır: "Artıq bütün dünya, beynəlxalq aləm dərk etməlidir ki, Ermənistan terrorçular ölkəsidir və bu ölkənin başında dayanan güclər hər an insanlığa qarşı istənilən qanlı cinayətlər törədə bilərlər. Çünki erməni qəsbkarları istər ötən əsrin əvvəllərində, istər ortalarında və sonlarında dəfələrlə bənzər əməlləri həyata keçirərək, dinc sakinlərimizi, qadın və uşaqlarımızı, qocalarımızı amansızcasına öldürüblər".
Hacı Surxay Məmmədli bu mövzuda digər bir məqama da toxunaraq, son günlər sosial şəbəkələrdə baş verən hadisə ilə bağlı insanlarımızın hiddət bildirmələrini, bu olayın dünyaya çatdırılması üçün ölkə mətbuatının fəaliyyətinin alqışlanmalı olduğunu deməklə yanaşı, bəzi özünü bilməzlərin fərqli mövqe sərgiləmələrindən təəssüf hissi keçirdiyini vurğulayıb. SİTAT: "Vətənini, dövlətini, millətini sevən hər bir azərbaycanlı bu hadisəyə ürək yanğısı ilə ağlayarkən, bəzi dırnaqarası insanlar bu olay üzərində heç bir mənəviyyata, ləyaqətə sığmayan hərəkətlərə yol verdilər. Xüsusilə, sosial şəbəkələrdə hadisəyə etinasızlıq sərgiləyən ifadələrlə çıxış edən həmin qeyri-insanlar əslində, terroru törədən ermənilərdən də təhlükəlidirlər. Mən, heç də çəkinmədən, qorxmadan onlara erməni sifətlilər deyirəm! Həmçnin, ürəklərə dağ çəkən hadisə üzərindən öz məqsədləri üçün siyasət quran bir sıra siyasətbazlara da səslənərək deyirəm ki, bəsdirin ölkə maraqlarını erməni lobbisinin maraqlarına, Qərb maraqlarına satdınız. Çünki vaxt gələcək, hər kəs öz əməlinə görə Allah Subhəna Taəla qarşısında cavab verməli olacaq!"
"Mənim yaxşı yadımdadır, bəzi xarici qüvvələr Azərbaycana qarşı çirkin niyyətlərini reallaşdırmağa cəhd göstərdikləri vaxt mən üçrəngli dövlət bayrağımızı məscidimizin ən görkəmli yerinə qaldırdım. Bu gün də bu bayraq ən yüksək mövqedə dalğalanmaqdadır"-deyə qeyd edən Hacı Surxay Məmmədli həmin mənfur qüvvələrin ölkədə məzhəb ayrıseçkiliyi, qarşıdurmalara yaratmaq istədiklərini, lakin xalqımızın vəhdət şəkildə birləşərək onları rədd etdiklərini deyib: "O vaxt mənə çox iradlar bildirildi, hətta dövlətimi sevdiyimə görə, bəzi qondarma dindarlar tərəfindən mənə qarşı kampaniyalar aparılmağa başlandı. Ancaq onların çirkin niyyətləri baş tutmamış qaldı. Çünki bu gün Azərbaycan dövləti ən möhkəm təməllərə söykənərək vətənsevərləri ilə bu düşmənlərin arzularını puç edir. Vətəni sevmək imandandır. Biz də imanımızı, dini təməllərimizi bu kamillik üzərində qururuq. Bizlər – dövlətini və Vətənini sevənlər, milli mənliklərini qoruyub-inkişaf etdirənlər Azərbaycanın ucalması üçün, dünya müsəlmanlarının bir olması üçün hər zaman namazlarımızda Allahımıza dualar etməyi əsirgəməməliyik. Belə olarsa, Azərbyacan dövləti daxili və xarici düşmənlər üzərində hər vaxt qələbə qazanmaqda davam edəcək".
Cümə xütbəsinin sonunda iyulun 4-də erməni terrorçuları tərəfindən şəhid edilmiş balaca Zəhranın və nənəsinin qatillərinə - erməni qəsbkarlarına və onları dəstəkləyənlərə lənətlər oxundu, şəhidlərimizin ruhuna Uca Allahdan rəhmətlər diləndi.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB