Sarkisyan anadan uşaq qatil kimi doğulub

Sarkisyan anadan uşaq qatil kimi doğulub

"Azərbaycan Silahlı Qüvvələri balaca Zəhranın, bütövlükdə şəhidlərimizin qanını yerdə qoymayacaq"

Məlum olduğu kimi, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artilleriya qurğularından atəşə tutub. Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilmişdir. Söhbət etdiyimiz müsahiblərimiz 2 yaşlı Zəhranı qətlə yetirməklə Sarkisyan terrorcu və uşaq qatili olduğunu bir daha nümayiş etdirdiyini bildirdilər.

Politoloq Elçin Mirzəbəyli:

- Mülki şəxslərin öldürülməsi bir daha Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin bariz bir nümunəsidir. Bu fakt sübuta yetirilir ki, Ermənistanın hərbi cinayətkar rejimi Azərbaycan xalqına qənim kəsilib və onların məqsədi bu regiondan azərbaycanlıları təmizləməkdən ibarətdir. Çünki yalnız soyqırımı törədənlər uşaq qətlinə yol verə və mülki vətəndaşları öldürə bilərlər. Təbii ki, bu ilk hadisə deyil və ermənilərin bütövlükdə bu günə qədər həyata keçirdikləri siyasətin mahiyyətində azərbaycanlılara qarşı nifrət dayanıb. Bu proses 1915-ci ildən başlayan bir prosesdir. Azərbaycan torpaqlarına ermənilərin sahiblənməsi və Azərbaycan torpaqlarında erməni dövlətinin qurulması ilə nəticələnib. Növbəti dəfə də ermənilər Azərbaycan ərazisində erməni dövləti qurmaq niyyəti güdürlər. Şübhəsiz ki, Azərbaycan tərəfi buna qarşı adekvat addım atacaq. Burada hər kəsi narahat edən məqamlardan biri də ATƏT-in Minsk Qrupunun vasitəçilərinin ikiüzlü və riyakar davranışları fonunda Ermənistanın mülki

vətəndaşları qətlə yetirilmələrinə görə konkret addımlar atmamasıdır. Burada həm ATƏT-in Minsk Qrupuna, həm də, bütövlükdə ayrı-ayrı beynəlxalq təşkilatlara münasibətdə Azərbaycan ictimaiyyəti özünün açıq etirazını çatdırmalı və bütün istiqamətlərdə Ermənistana qarşı mübarizəmizi davam etdirməliyik. Azərbaycan Silahlı Qüvvələri balaca Zəhranın, bütövlükdə şəhidlərimizin qanını yerdə qoymayacaq.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli:

- Atəşkəs müqaviləsinin bağlanmasından sonra erməni tərəfinin bu razılaşmanı pozması halı dəfələrlə baş verib. Azərbaycan Müdafiə Nazirliyi hər gün xəbər yayır ki, atəşkəs rejimi gün ərzində 100 dəfədən çox pozulur. Amma son vaxtlar bu cür təxribatlar daha intensiv və aqressiv xarakter alıb. Məncə, bunun səbəbi 2016-cı ilin aprel olaylarıdır. Aprel olayları Azərbaycan Ordusunun gücünü, əzmini, məğlubedilməzliyini, Ermənistan ordusunun isə zəif, bacarıqsız, başqalarının hesabına ayaqda duran bir ordu olduğunu təsdiqlədi. Aprel hadisələri ermənilərin 20 illik "qalib ovqatı"nı məhv etdi, onları rüsvay və rəzil günə saldı. Təbii ki, onlar qisas almaq, əvvəlki ovqatlarını bərpa etmək istəyirlər, amma bu, mümkünsüzdür. Erməni ordusu indi hər hücumuna qarşılıq olaraq 10 qat ağır zərbə alır, hər gün məğlub edilir və sındırılır. Buna görə də aqressivləşir. İndi onlar ordu kimi yox, oğru, quldur, qaçaq dəstəsi kimi davranırlar, gecə xəlvətcə hücum etməyə, qadın və uşaq demədən kimisə öldürməyə çalışırlar ki, təskinlik tapa bilsinlər. Erməni təxribat qrupunun Füzuli rayonuna atdığı mərmilərdən iki nəfərin öldürülməsini də bu qəbildən izah etmək mümkündür. Beynəlxalq təşkilatların mövqeyinə gəlincə, təbii ki, həm təəccüblüdür, həm də başadüşülən. Onların öz missiyalarını yerinə yetirməmələri, Ermənistanın hərəkətlərinə lazımi qiymət verməmələri ilk baxışdan təəccüblüdür. Dünyanın istənilən nöqtəsində baş verən ən xırda hadisələrə operativ reaksiya verən beynəlxalq təşkilatların Azərbaycana çatanda ləng tərpənmələri heyrət doğurmaya bilməz. Amma bu hərəkət həm də başadüşüləndir, ona görə ki, beynəlxalq təşkilatların belə davranışı ilk dəfə baş vermir. Zatən Ermənistanın zaman-zaman aqressiv və özbaşına davranışlarının kökündə, məhz bu amil dayanır. Ermənistan arxayındır ki, qanunsuz və təcavüzkar siyasətinə görə ona heç kim "gözün üstə qaşın var" deməyəcək. Amma bu davranışın da sonu çatıb. Artıq Azərbaycan diplomatları məsələləri yüksək səviyyədə təqdim etməyi və həqiqətləri isbatlamağı bacarırlar. XİN xarici KİV-lərin, diplomatların Alxanlı kəndinə

səfərlərini təşkil edib. Onlar həqiqətləri öz gözləri ilə görürlər. Beynəlxalq təşkilatlar qarşısında tələb qoyulur ki, məsələyə münasibət bildirsinlər. Yaxşı haldır ki, artıq Azərbaycan mediası, sosial şəbəkə, internet istifadəçiləri də səfərbər olmağı bacarırlar. Bir milli vahid olaraq problem üzərinə yeriməklə, düşməni məğlub edə biləcəyik.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:

- Cari ilin iyul ayının 4-də erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutmaları nəticəsində mülki vətəndaşların öldürülməsi ilk hadisə deyil. Artıq ənənə halını almış bu cür vandalizm halları azğınlaşmış düşmənin terrorçuluq mahiyyətinin göstəricisidir. 21-ci əsrdə mülki əhalinin qətlə yetirilməsi, ən dəhşətlisi isə 2 yaşlı körpənin həyatına son qoyulması bəşəriyyət üçün, beynəlxalq sülhün qorunmasına cavabdeh olan beynəlxalq qurumlar üçün utanc gətirən faktdır. Təsəvvür edin ki, BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınan Füzuli rayonunda uşaq qətlə yetirilir, buna BMT tərəfindən, onun insan hüquqları üzrə Ali Komissarlığı tərəfindən lazımi hüquqi qiymət verilmir. Bu faşizmin müdafiə edilməsi deməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bu məsələdə birlik nümayiş etdirəcək, dövlətin yanında olacaq və işğalçının cəzalandırılması istiqamətində informasiyaların dünyaya çatdırılmasına nail olacaq.

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:

- Xocalı qətliamını törədib heç bir qınaqla qarşılaşmayan erməni faşizmi, təkcə son bir neçə il ərzində, azyaşlı uşaqlar da daxil olmaqla, onlarla dinc Azərbaycan vətəndaşını qətlə yetirib. Əminik ki, belə bir vandal akt hansısa Avropa ölkəsində baş versəydi, bunu törədənlər ən ağır üsullarla cəzalandırılardı.Bir tərəfdə danışıqlar görüntüsü yaradaraq, özünü sülh istəyən kimi qələmə verib, digər tərəfdə dinc əhalinin yaşayış məntəqələrini ağır silahlarla atəşə tutan, iki yaşlı körpəni qətlə yetirən faşist xislətli erməni vandallarının əməllərinə nədənsə siyasi və hüquqi qiymət verilmir. Avropada sülhü və təhlükəsizliyi qorumaq adı ilə yaranan ATƏT-in, eləcə də, Avropa Şurasının, həmçinin, Qarabağ konfliktini həll etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk

Qrupu həmsədrlərinin bu ağır faciəyə də seyrçi münasibət bəsləməsi təəccüb və təəssüf doğuran faktdır. Beynəlxalq birliyin bütün bunlara laqeyd yanaşması Azərbayca xalqının hiddətini son həddə çatdırmışdır. Multikultural dəyərləri, tolerantlıq ənənələri, sülhsevərliyi ilə dünyaya nümunə göstərən bir xalqa qarşı belə münasibətin mövcudluğu, inanırıq ki, bəşəriyyətin gələcəyi ilə bağlı yaxşı nəsə vəd etmir. Dünya unudur ki, tarixən sülhsevər, tolerant dəyərlərə malik olan bu xalq, zaman-zaman bu cür vandalizmlərə qarşı mətanətlə mübarizə apararaq, ona lazımi dərs verməyi də bacarıb. Xalqımız erməni faşizmini yerində oturtmaq üçün bütün imkanlarını səfərbər etmək əzmindədir. O zaman baş verənlərin bütün məsuliyyəti erməni faşizminin və onlara havadarlıq edənlərin üzərinə düşəcək. Arzu edərdik ki, dünya birliyi bu həqiqəti qəbul etsin və nəhayət, hərbi qarşıdurmanın növbəti dəfə qanlı savaş mərhələsinə keçməməsi üçün lazımi qərarlar qəbul etsin.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə