Zeynal Məmmədli: “Mətbuat azadlığı jurnalistin ağlına gələni yazması demək deyil” - MUSAHİBƏ (Layihə)

Zeynal Məmmədli: “Mətbuat azadlığı jurnalistin ağlına gələni yazması demək deyil” - MUSAHİBƏ (Layihə)

Mətbuatımızın bu günkü durumu ilə bağlı bu və ya digər sullara Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media-ekspert Zeynal Məmmədli ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq.

 

- Zeynal müəllim, son vaxtlar mətbuatın durumu ilə bağlı müzakirələr aparılır və bu sahədə yaranmış ziddiyyətli problemlər diqqət mərkəzindədir. Mili mətbuatın bu günkü durumu bir peşəkar media mütəxəssisi olaraq sizi qane edirmi?

- Burada iki vacib məsələ var. Medianın və cəmiyyətin bir-birinə qarşılıqlı təsiri faktorundan söhbət gedir. Media cəmiyyətin tərkib hissəsidir və buna görə də medianın durumu cəmiyyətdən asılıdır. Yəni, cəmiyyətdə baş verən ən xırda bir tendensiya sözsüz ki, mediaya da öz təsirini göstərir. Amma, gəlin görək mediada baş verən hadisələr cəmiyyəti düşündürürmü və ona təsir edirmi? Bu məsələnin ikinci tərəfi sual altındadır. Son vaxtlar mətbuatla bağlı ölkədə müşahidə olunan proseslər bir daha göstərdi ki, cəmiyyət öz həyatında medianın rolunu və təsirini sanki hiss etmir. İndi artıq mətbuatın durumu ilə bağlı müzakirələr yalnız mediada çalışanların daxili işi kimi qalır. Bu onu göstərir ki, Azərbaycan mediası cəmiyyətin ondan gözlədiklərini hələ etməyib. Etsəydi, dəstəklənə bilərdi və cəmiyyətin önündə gedərdi, amma bu tam tərsinədir. Belə davam etsə Azərbaycanda media cəmiyyətin nəinki önündə, heç arxasında da gedə bilməyəcək.

 

- Son vaxtlar səslənən fikirlərdə və irəli sürülən təkliflərdə qeyd olunur ki, mətbuatı siyasi təsir və tabeçilikdən çıxarmaq, onların maliyyə müstəqilliyini yaratmaq lazımdır ki, mətbuat bitərəf və obyektiv prinsiplərlə fəaliyyət göstərsin. Siz necə düşünürsünüz?

- Müstəqil mətbuatın olmamasının əsas səbəblərindən biri də qəzetlərin maliyyə azadlığının olmamasıdır. Cəmiyyətin özündə bütövlükdə durum dəyişməsə, bütün bunlar boş xəyal olaraq qalacaq. Əgər partiyalara elektron mediada və rəsmi dövlət qəzetlərində söz demək imkanı yaradılsa, təbii ki, bunlar özlərinin qəzetlərini buraxmaqda maraqlı olmayacaqlar. Azərbaycanda bu sahədə durum öyünüləsi olmadığından hər kəs ağlına və ağzına gələni yazır. Bu tendensiya da artıq mətbuat azadlığının başa düşülmə tərzinə çevrilib. Adamların köşklərdən həvəslə qəzetləri almasını görmürük. Əgər biz istəyiriksə qəzetləri müstəqil edək –müstəqil olmaq sözünün arxasında "mən necə istəsəm elə də yazaram" prinsipi dayanmır- onda onların maliyyə qaynağı şəffaf olmalıdır. Biz deyə bilərikmi ki filan qəzetin maliyyə qaynağı şəffafdır? Buna cəmiyyətdə ən azı şübhələr var...

 

- Bir media-ekspert kimi diffamasiya haqda qanunun qəbul edilməsi haqda müzakirələri necə qiymətləndirirsiniz? Böhtana, şərəf və ləyaqətin təhqirinə görə maddənin Cinayət Məcəlləsindən çıxarılması məsədə uyğundurmu?

- Azərbaycanın Avropa məkanına inteqrasiya faktorunu nəzərə alsaq Cinayət Məcəlləsində jurnalisti birbaşa həbsə göndərəcək maddələri dəyişdirmək olar. Amma, bu o demək deyil ki, jurnalist ağlına və ağzına gələni yazmalıdır və heç bir cəza almamalıdır.

 

- İnzibati qaydada tədbir görülməlidir ?..

 

- Məsələn, yüksək cərimə tətbiq etmək olar. Bu cərimə onu növbəti səhv addımdan çəkindirəcək. Bu məsələnin özü də mürəkkəbdir. Bəziləri anlamalıdırlar ki, adi vətəndaşlar iri məmurlardan daha çox müdafiəyə möhtacdırlar. Media sadə vətəndaşların hüquqlarını qorumalıdır. Əgər biz Avropaya inteqrasiya oluruqsa, bu, bizim təfəkkürümüzdə möhkəm oturmalıdır.

 

- Bir media eksperti kimi Mətbuat Şurasının və digər jurnalist təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bunların mətbuatın inkişafında və problemlərinin həllində rolu nə dərəcədə ola bilər?

- Bu məsələdə iki tərəf var. Bir bötüvlükdə cəmiyyət var, bir də jurnalistlər və onların təşkilatları. Cəmiyyət nə qədər fəal olsa biz bu qurumların fəaliyyətinə daha dolğun və obyektiv qiymət verə bilərik. Biz totalitar bir sistemdən çıxmışıq. Yəni, "evdə yeməmişik, qonşuda görməmişik" ki, bu ictimai təşkilatlar necə olmalıdır. Bu baxımdan müyyən qədər təcrübəsizlik var. Arzu edərdik ki, həmin qurumlar öz fəaliyyətlərini gücləndirsinlər. Mətbuat Şurası üzvləri cəmiyyətin strateji hədəflərini görmək və ölkəmizin dünyaya inteqrasiyasına kömək etmək baxımından öz düşüncələrini ortaya qoymalıdır. Bu məsələlər geniş auditoriyalarda müzakirə olunmalıdır, fikirlər ortaya qoyulmalıdır və çıxış yolları birgə axtarılmalıdır. Müsahibə Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə