Prezident mükafatçısı olan gənc Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi oldu

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə Elvin Namiq oğlu Aslanov təyin edilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, Elvin Aslanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetində magistr pilləsini başa vurub.

Qeyd edək ki, Elvin Aslanov 2008-ci ildən Azərbaycan Tələbələr Birliyinin sədridir. 2013-cü ildən Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədr müavinidir.

Bir çox yerli və beynəlxalq tədbirlərin iştirakçısıdır, eyni zamanda, bəzi tədbirlərdə ekspert və təlimçi kimi çıxış edib.

İctimai fəaliyyət sahəsində xüsusi fərqləndiyi üçün 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən Gənclər üçün Prezident Mükafatı ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...