Naxçıvan – İslam Mədəniyyətinin Paytaxtı 2018 - Pakistan mətbuatında
Pakistanın dailyparliamenttimes.com saytında, “Parliament Times” qəzetində və qəzetin internet versiyasında Naxçıvan – İslam Mədəniyyətinin Paytaxtı 2018 adlı məqalə dərc olunub.
SİA-ya verilən məlumata görə, məqalədə İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı seçildiyi bildirilir, Naxçıvan Muxtar Respublikasının tarixi keçmişinə, iqtisadi nailiyyətlərinə və xüsusilə turizm potensialına geniş yer verilir.
Məqalədə Azərbaycanın tərkib hissəsi olan muxtar respublikanın özünün Konstitusiyası, Ali Məclisi, Nazirlər Kabineti və Ali Məhkəməsinin mövcud olduğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 deputatın seçildiyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin muxtar respublikanın ali vəzifəli şəxsi olduğu vurğulanır. Bu diyarın 4500-5000 illik tarixi ilə şərq sivilizasiyasının beşiyi olmaqla yanaşı, dünyanın ticarət, sənətkarlıq, elm və mədəni mərkəzlərindən biri olduğu bildirilir.
Naxçıvan Muxtar Respublikasının tarixinə yer verən müəllif Naxçıvanın vaxtıilə əsası Şəmsəddin Eldəniz tərəfindən qoyulmuş Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu, həmin dövrdə də Azərbaycanın iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olan Naxçıvanın dünya şöhrəti qazandığı qeyd olunur. Məqalədə 1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra təcavüzkar Ermənistanın Naxçıvanı ilhaq etmək siyasəti yeritməyə və dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar həyata keçirməyə başladığı, lakin Naxçıvan əhalisinin bu bölgənin Azərbaycanın tərkibində qalması üçün böyük əzm göstərdiyi vurğulanır. 1921-ci ilin 16 martında imzalanmış Moskva müqaviləsi və həmin ilin 13 oktyabrında imzalanmış Qars müqaviləsinin Naxçıvanın gələcək taleyinin həll edilməsində əhəmiyyətli rol oynadığı, nəticədə Naxçıvan Muxtar Diyarının əsasında 1924-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının təsis edilyi diqqətə çatdırılır.
Hazırda üç tərəfdən işğalçı Ermənistan tərəfindən əhatə olunmuş Naxçıvan MR-nın ərazisinin blokada vəziyyətində olduğu, lakin blokadanın ağır şərtlərinə baxmayaraq, muxtar respublikada əhəmiyyətli inkişafın nəzərə çarpdığı, iqtisadi irəliləyişin səviyyəsinə görə muxtar respublikanın Azərbaycan bölgələri arasında ilk yerlərdən birini tutduğu qeyd olunur. Yeni istehsal sahələrinin sayının artması və müəssisələrin genişləndirilməsi nəticəsində Muxtar Respublikada təxminən 400 adda yerli məhsulun istehsal olunduğu bildirilir.
Naxçıvanın turizm potensialına geniş yer verən müəllif Naxçıvanın özünün arxeoloji abidələri və İslam memarlıq əsərləri ilə məşhur olduğu, burada bir çox qədim məktəblərə, tarixi məscidlərə, saraylara, məqbərələrə, sənətkarlıq və folklor nümunələrinə, muzeylərə rast gəlmək olduğunu, həmçinin, eyni zamanda, çoxlu sayda müasir memarlıq əsərlərinin də mövcud olduğunu qeyd edir. Naxçıvan MR-da 200-dən çox mineral bulaq, 400-ə yaxın böyük və kiçik çayların olduğunu, bölgədə turizmin mövcud yerli infrastruktur, mədəni irs, tarixi və təbii abidələr əsasında qurulduğu, həttta ərazinin relyefi və iqlim şəraitinin də nəzərə alındığı, xammala ehtiyac olmadan və ətraf mühitə heç bir zərər vurmadan həyata keçirildiyi, bu baxımdan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR çox zəngin turizm potensialına malik olduğu bildirilir.
Naxçıvan MR-da mövcud olan 1162 tarixi-mədəni abidədən 58-nin dünya, 455-nin ölkə, 649-u isə yerli əhəmiyyətə malik olduğu, Naxçıvan özünün dini ibadət yerlərinə görə də məşhurluğu ilə seçildiyi, bunlardan Qurani-Kərimin “Kəhf” surəsində xatırlanan Əshabi-Kəhf mağarasının önəmli yerlərdən birini təşkil etdiyi diqqətə çatdırılır. Bu dini-mədəni abidə kompleksini ziyarət etmək istəyənlər üçün hər cür şəraitin yaradıldığı, hər il on minlərlə insanın buranı və eyni zamanda Naxçıvanın cənubunda yerləşən “Köhnə qala” ərazisində Nuh Peyğəmbərin türbəsini də ziyarət etdiyi qeyd olunur. Muzeylər diyarı kimi də adlandırılan Naxçıvan Muxtar Respublikasında həmçinin, kitabxanaların sayının da 235-ə çatdığı bildirilir. Dünyada mövcud olan 11 iqlim zonasından 7-nə Naxçıvan MR-da rast gəlindiyi, bölgənin zəngin bitki və heyvanat aləminin, coğrafi mövqeyinin təamlı Naxçıvan mətbəxinə təsir edən əsas amillərdən olduğu bildirilir. Təbii resurslarla zəngin olan Naxçıvan MR eyni zamanda təbii müalicə obyektləri ilə də məşhur olduğu, bronxial astma, xroniki bronxit, astma komponenti mövcud olan xroniki bronxit allergiyası, astmaöncəsi xəstəliklər Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzində keyfiyyətlə müalicə edildiyi, Darıdağ arsen termal suları isə dəri xəstəliklərinin müalicəsi üçün çox effetktiv olduğu, həzm sistemi xəstəlikləri isə Naxçıvanın digər mərkəzi olan Badamlı Fizioterapiya Mərkəzində şəfalı Badamlı suyu vasitəsilə əsaslı müalicə edildiyi qeyd olunur.
Məqalədə həmçinin, 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İslam Həmrəyliyi İli elan olunduğu, 54 müsəlman ölkəsini təmsil edən idmançıların iştirakı ilə 4-cü İslam Həmrəyliyi Oyunları Bakıda uğurla keçirildiyi ifadə edilərək, Azərbaycanın əhəmiyyətli mədəni, tarixi və siyasi mərkəzlərindən biri kimi Naxçıvanın ölkənin bütün sahələrində önəmli rol oynamaqla yanaşı eyni zamanda Azərbaycanın İslam Dünyası ilə mədəni bağlarının qurulmasında özünəməxsus əhəmiyyətə malik olduğu bildirilir və üzümüzə gələn 2018-ci ildə də Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi İslam Həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcəyi diqqətə çatdırılır.
Məqalənin ingilis dili variantına aşağıdakı linklərə keçid etmək vasitəsilə tanış olmaq olar.
http://www.dailyparliamenttimes.com/nakhchivan-capital-islamic-culture-2018/
http://dailyparliamenttimes.com/epaper/main.php?action=epaper&id=main&page=6&dt=04-07-2017
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB