DMX yanında İŞ üzvlüyünə seçki keçirilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa və onun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, iyunun 30-da saat 11.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında bu qurumun yanında İctimai Şura üzvlüyünə seçki keçirilib.

DMX-nin mətbuat xidmətindən bildiriblər ki, seçkidə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri böyük fəallıq göstəriblər. Seçki gününə 10 gün qalanadək DMX-də bərabər əsaslarla qeyri-hökumət təşkilatlarının nümayəndələri kimi qeydiyyatdan keçmiş 60 təmsilçidən 54 nəfər seçici qismində səsvermədə iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılıb və səslər komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermənin nəticəsinə görə, seçicilər tərəfindən namizədlərdən Camalov Şahin Vəkilağa oğluna 4 səs, Zeynalova Mehriban Heydərəli qızına 7 səs, Bağırov Kənan Sabir oğluna 31 səs, Dadaşova Şərqiyə Ənvər qızına 34 səs, Məmmədova Kəmalə Natiq qızına 47 səs, Kətanov Məmməd Teymur oğluna 29 səs, Məmmədov Sahib Məlik oğluna 29 səs, Allahverənov Azər Kərim oğluna 51 səs və Qədirova Arzu Əfqan qızına 39 səs verilib. Xatırladaq ki, 70 bülleten çap olunub və 54-ü istifadə edilib. Etibarsız hesab edilən bülleten olmayıb.

Yeni formalaşdırılan Şuranın tərkibi yeddi üzvdən ibarət olacaq. Beləliklə, səsvermə nəticəsində səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Kəmalə Məmmədova, “Təkamül və İnteqrasiya” beynəlxalq İctimai Birliyinin sədri Arzu Qədirova, “Regional Gender Mərkəzi” İctimai Birliyinin üzvü Şərqiyə Dadaşova, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü Kənan Bağırov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri seçiliblər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti yanında ilk İctimai Şura 2015-ci il mayın 20-də keçirilmiş seçkidə formalaşıb. Beş üzvdən ibarət Şuranın müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar normativ hüquqi aktlardan irəli gələn prosedura əsasən yeni seçkilərin keçirilməsi ilə bağlı elan verilib və vətəndaş cəmiyyəti institutları təyin edilmiş müddətdə öz namizədlərini təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə