"Alimentlə bağlı dəyişiklik nikahların pozulması hallarını azalda bilər” ARAŞDIRMA
Bildiyiniz kimi Milli Məclisin iyunun 30-da keçirilən son növbədənkənar iclasında "İcra haqqında" qanuna dəyişiklik qəbul edilib. Qanunun 13-cü maddəsinə (İcra sənədlərinin icraya yönəldilməsi müddətləri) təklif edilən yeni bəndə əsasən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönəldiləcək. Yeni dəyişiklik hansı problemlərin qarşısını alacaq? SİA məsələyə aydınlıq gətirməyə çalışıb.
“Yeni təklif valideyn məsuliyyətinin artmasına səbəb olacaq”
Hüquqşünas Vüqar Səfərli bildirib ki, əvvəllər alimentlərin ödənilməsi digər məsələlərdə olduğu kimi, qətnamə qəbul olunduqdan və ya qanun qüvvəyə mindikdən sonra icra olunurdu: “Bu, həm aliment alan yəni uşağın, həm də onun himayəsində uşaq saxlayan valideynin hüquqlarının pozulmasına gətirib çıxarırdı. Belə ki, bunun nəticəsində alimentin gecikdirilməsi, icra mərhələsinin yubadılması kimi problemlər yaranırdı. Əslində uşağın həyat səviyyəsinin təmin olunması, saxlanması məhkəmə qətnaməsinin və onun qüvvəyə minməsini gözləyən məsələ deyil. Bu baxımdan da düşünürəm ki, Mili Məclisin son iclasında “İcra haqqında” qanuna edilən dəyişiklik çox müsbətdir və alimentin icra olunmasında qətnamənin qanun qüvvəyə minməmişdən öncə dərhal icraya yönəldilməsi məsələsi valideynin özündə məsuliyyətin artmasına səbəb olacaq”.
“Bununla nikahların pozulması halları azala bilər”
Hüquqşünasın sözlərinə görə, yeni dəyişiklik hətta nikahların pozulması hallarının azalmasına da səbəb ola bilər: “Ümumiyyətlə, ailə quran, rəsmi nikaha girən ər və arvadın sonradan yola getməməsi, bir-birinin sözünü qəbul etməməsi, davranış qaydalarının pozulması və digərləri cütlüklərin ilə institutuna önəm verməməsindən irəli gəlir. Hər kəsə məlumdur ki, hazırda nikahın pozulması artan xətlə davam edir. Təəssüfedici hal olsa da, bu özünün statistikada da göstərir. Nikahların pozulması hallarında əsas məsələlərdən biri əmlak, aliment məsələsidir. Bu baxımdan hesab edirəm ki, qanuna edilən dəyişiklik müsbət haldır və güman edirəm ki, yeni qərar nikah pozulma hallarının azalmasına gətirib çıxaracaq. Qanun özündə daha çox uşağı saxlamaq öhdəliyini ehtiva edir. Azərbaycanda uşaq hüquqları ən yüksək statusa malikdir və bu status dövlət tərəfindən qorunur. Bunu nikahı pozmaq istəyən valideynlər də dərk etsə, yaxşı olar”.
“Şikayətlərin əksər hissəsi məhz alimentlərlə bağlıdır”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova söyləyib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən qərarlar iki cür - dərhal icra olunan və icra olunan qaydada yerinə yetirilir: “Aliment məsələsi bundan öncə icra olunanlar sırasında idi və o müddət ərzində alimentdən yayınma halları var idi. Bundan öncə alimentin ödənilməsi ilə bağlı məsuliyyət məsələsi olsa da, lakin bununla bağlı kifayət qədər məsuliyyətə cəlb olunma olmadığı üçün alimentlər bağlı problem gündəmdə qalmışdı. Bilirsiniz ki, Ədliyyə Nazirliyinin qaynar xəttinə daxil olan, eləcə də digər şikayətlərin əksər hissəsi məhz alimentlərlə bağlıdır. Əvvəllər məhkəmə qaydasında alimentlərlə bağlı dərhal icra etmə tələbi olmadığı üçün bəzi hallarda məhkəmələrdə buna o qədər ciddi baxmırdılar. Lakin yeni qərara əsasən məhkəmə qərarı qəbul olunduqdan və icraçıya istiqamətləndikdən dərhal sonra artıq problemlə bağlı dərhal tədbirlər görüləcək. Bu baxımdan məsələni yüksək qiymətləndirir və düşünürəm ki, yeni qərar ölkəmizdə əsas problemlərdən olan alimentin ödənilməməsi məsələsinə öz müsbət təsirini göstərəcək”.
“İcra haqqında” qanuna edilən dəyişiklik alimentin ödənilməməsindən yaranan fəsadların qarşısını alacaq”
Birlik sədri qeyd edib ki, “İcra haqqında” qanuna edilən dəyişiklik eyni zamanda alimentin ödənilməməsindən yaranan fəsadların qarşısını alacaq: “Alimentin ödənilməməsi nəticəsində bir çox hallarda analar uşaqlarına baxa bilmir ki, bunun da nəticəsində zorakılıq halları, uşaqların atılması və digər məsələlərə yol açır. Bu baxımdan düşünürəm ki, yeni dəyişiklik sadalanan problemlərin sayını da azalda bilər”.
Qeyd edək ki, bir müddət öncə alimentlərin alınması haqqında qərarların dərhal icraya yönəldilməsi ilə bağlı Mülki Prosessual Məcəlləyə də dəyişiklik edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB