AXCP sədri Əli Kərimlinin müşaviri və digər 4 nəfərin cinayət işi üzrə məhkəmədə zərərçəkənlər ifadə verib
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs, 1994-cü il təvəllüdlü Qədir Azadlı ifadə verib. O, təqsirləndirilən şəxslərdən Mirzə Ağayevi tanıdığını bildirib. Q.Azadlı M.Ağayevin onların sürücüsü işlədiyini söyləyib. O, hadisə zamanı gördükləri barəsində ətraflı məlumat verib.
Sonra digər zərərçəkmiş, 1961-ci il təvəllüdlü Ruqiyə Məmmədova ifadə verib. O, təqsirləndirilən şəxslərdən M.Ağayevi 1995-ci ildən tanıdığını və həyat yoldaşı ilə dost olduğunu söyləyib. Onun sözlərinə görə, onlar birlikdə bizneslə məşğul olublar və M.Ağayev 2005-ci ildən 2009-cu ilin iyun ayınadək Ruqiyə Məmmədovagilin sürücüsü işləyib. R.Məmmədova hadisə baş verən gün işdə olduğunu bildirib. O, hadisə baş verən gün evə bir neçə dəfə zəng etdiyini, lakin heç kəsin cavab vermədiyini söyləyib: "Bir neçə dəfə zəng edəndən sonra Qədir özü mənə zəng edib, evin soyulduğunu bildirdi. Tez evə gəldim. Görüm ki, evdən 200 min dollar və qızıl zinət əşyalarını aparıblar. Tez polisə zəng elədim". R.Məmmədova təqsirləndirilən şəxslərdən oğurlanmış pulları qaytarmalarını tələb edib.
Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Təqsirləndirilən Hüseyn Qurbanov ibtidai istintaqa verdiyi ifadənin bəzi hissələrini təsdiqlədiyini bildirib. O, evə oğurluq məqsədi ilə girdiyini söyləyib: "Qabil Məmmədrzayevlə Mirzə Ağayevi tanımıram. Biz üç nəfər öz aramızda danışıb evə girmişik. Plana görə, Racu Mehrəliyev həyətdə gözləməli, Elnurla mən evə girməli idik. Belə də elədik. Lakin biz evdən 200 min dollar və qızıl aparmamışıq. Bunlar yalandan yazılıb ora. Bizim apardığımız 10 min dollar və videokamera olub. Həmin pulun 2000 dollarını mən, qalanını isə Elnurla Racu götürüb".
H. Qurbanovun ibtidai istintaqa verdiyi ifadə elə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan olunub. Həmin ifadədə H.Qurbanov evə 15 milyon dollar üçün girdiklərini, evi onlara işarə kimi Racu Mehrəliyevin tanışı Qabil Məmmədrzayevin verdiyi söyləyib. H.Qurbanov belə ifadə vermədiyini, yazılanların yalan olduğunu bildirib.
Təqsirləndirilən E.Mirzəliyev də ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləməyib. Onun sözlərinə görə, ittihamda göstərilən 200 min dollarla bağlı qeyd də yalandır. E.Mirzəliyev Q.Məmmədrzayevi və M.Ağayevi tanımadığını, onlar barəsində ibtidai istintaqa verdiyi ifadələri təsdiqləmədiyini söyləyib.
Təqsirləndirilən M. Ağayev ifadəsində ittiham üzrə özünü təqsirli bilmədiyini söyləyib. O, Q.Məmmədrzayevi yaxından tanıdığını bildirib: "Qabil Məmmədrzayev mənim yaxın dostum olub. Onunla Rüqiyə Məmmədovanın imkanlı olması barədə söhbət eləmişəm. Lakin bu soyğunçuluq hadisəsindən xəbərim olmayıb".
M. Ağayevin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədə M.Ağayev Q.Məmmədrzayevin evinin bankda girovda olması və külli miqdarda borcu olması barədə danışıb. İfadədə o da göstərilir ki, Q.Məmmədrzayev M.Ağayevə oğurlanan pulun 10 min dollarını verəcəyini söyləyib.
Proses sentyabrın 17-də davam etdiriləcək.
İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min dollar və qızıl-zinət əşyaları aparıblar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB