Bakıda növbəti “Formula-1” həyəcanı REPORTAJ

Bakıda növbəti “Formula-1” həyəcanı REPORTAJ

Artıq bütün dünyanın gözü Azərbaycandadır. Çünki bir neçə gündən sonra ölkəmizdə “Formula-1” yarışları keçiriləcək. Azərbaycan ev sahibliyi etdiyi digər beynəlxalq idman yarışları kimi “Formul-1”ə də yüksək səviyyədə hazırlaşıb. Ölkəmizə turist axını var. Bəs görəsən yerli sakinlər və şəhərimizə gələn qonaqlar bu haqda nə düşünür? SİA bununla bağlı reportaj hazırlayıb.

Yarışlara həm yerli, həm də əcnəbi sakinlərin yüksək maraq göstərdiyini deyən “Formula 1”in bilet satış məntəqəsinin nümayəndəsi Teymur Abdullayev qeyd edib ki, builki sürət yarışı ötənilki ilə müqayisədə daha geniş auditoriyaya malikdir: “Bilet satışı həftənin günlərinə görə dəyişir. Adi günlərdə 20-30 bilet satılırsa, şənbə-bazar günləri bilet satışı 50-yə çatır. Bundan əlavə, gün ərzindən yüzlərlə insan satış məntəqəsinə yaxınlaşaraq, yarışlarla maraqlanır. Yarışlara hazırlıq səviyyəsi də çox yüksəkdir. Gün ərzində məntəqəyə yaxınlaşanlar arasında həm yerli həm də əcnəbi vətəndaşlar olur. Lakin ölkəmizə gələn turistlərin çox hissəsinin “Formula 1” yarışlarına maraq göstərdiyi açıq aydın görünür”.

Bakı sakini Züleyxa Paşayeva ölkəmizdə beynəlxalq yarışların keçirilməsini yüksək qiymətləndirdiyini dilə gətirib: “Ümumilikdə Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin bütün sahələrdə inkişafına şərait yaradır. Ölkəmiz bütün dünyada tanınmaqla yanaşı, Azərbaycana gələn turistlərin sayı artır. Bundan başqa “Formula 1” kimi yarışlar ölkə iqtisadiyyatına təsir etməklə yanaşı, Azərbaycanın dünyada imicinin artmasına kömək olur. “Formula 1”ə maraq göstərirəm, amma xəstəliyimlə əlaqədar yarışları canlı şəkildə izləyə bilmirəm”.

Ölkəmizə “Formula 1” yarışlarını izləmək üçün gələn rusiyalı turist Maksim yarışların Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib: “Azərbaycana həyat yoldaşımla birlikdə “Formula 1” yarışlarını izləmək üçün gəlmişik. “Formula 1” in azarkeşiyəm Bundan öncə “Formula 1” in Rusiya, Fransa, İtaliya Qran-prisini canlı şəkildə izləmişəm. Ötən il Azərbaycanda keçirilən “Formula 1”i izləmədiyim üçün bu il sürət yarışının Monakodan sonra şəhər trasında neçə keçirildiyini öz gözlərimlə görmək üçün şəhərinizə gəlmişəm. Əminəm ki, yarışlar yüksək səviyyədə keçiriləcək”.

Azərbaycanın gündən-günə inkişaf etdiyini deyən Bakı sakini Zakir Rəhimli qeyd edib ki, belə şəraitdə beynəlxalq yarışların məhz ölkəmizdə keçirilməsinin böyük faydası var: “Ötən ay ölkəmizdə IV İslam Həmrəylik Oyunları keçirildiyinə nəzər salsaq, belə yarışların Azərbaycana nə dərəcədə fayda gətirdiyini açıq şəkildə görmək mümkündür. Belə yarışlar həm ölkəmizi tanıdır, həm şəhərimizə gələn turistlərin sayını çoxaldır, həm də Azərbaycanın beynəlxalq aləmdəki imicini daha da yüksəldir. “Formula 1” də ölkəmiz üçün vacib yarışlardan biridir. Aldığım məlumata görə, 60-dan çox ölkə bu yarışları izləyəcək. Bunun özü də mühümdür. Çünki, yarışları izləyənlər şəhərimizin gözəlliyini gördükdə ölkəmizlə maraqlanacaq, bu da nəticə etibarilə Azərbaycana turist axınına təsir edəcək. Ümumiyyətlə “Formula 1” yarışları ən çox maraq kəsb edən idman növüdür. İnsanlar bu növə maraq göstərir. Mən də bu yarışları diqqətlə izləyir və hansı ölkənin birinci olacağını səbirsizliklə gözləyirəm”.

Bakı sakini Süleyman Süleymanov bildirib ki, dünyanın ən diqqətçəkən yarışı olan “Formula 1”in Azərbaycanda keçirilməsi ölkəmizin inkişafından xəbər verir: “Artıq ikinci dəfədir ki, ölkəmiz “Formula 1”ə ev sahibliyi edir. Bu yarışlar turistlərin sayı ilə yanaşı, iş yerlərinin açılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə yarışlar həm də ölkəmizin tanınması istiqamətində böyük əhəmiyyət kəsb edir. Ümumilikdə “Formula 1” yarışının azarkeşiyəm. Yalnız ötən il hərbi xidmətdə olduğum üçün yarışları izləyə bilməmişdim. Yarışların başlanmasını səbirsizliklə gözləyirəm”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, “Formula 1”in Bakı mərhələsi 23-25 iyun tarixlərində baş tutacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə