“Vətənin müdafiəsinə hazıram!”

“Vətənin müdafiəsinə hazıram!”

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, 16 iyun 2017-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirmişdir ki, hərbi sahədə həyata keçirilən islahatlar nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu statusunu qazanıb və ötən ilin aprel ayında düşmən təxribatının qarşısının alınması zamanı bunu sübut edib.

Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu prosesindəki rolundan danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov qeyd edib ki, bugün hərbi sahədə islahatlar uğurla davam etdirilir.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi sahəsində həyata keçirilmiş işlərin müsbət nəticələr verdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli çıxışında gənclərin mübariz ruhda yetişdirildiyini və onların işğal altında olan torpaqlarımızın azad edilməsi üçün daim hazır olduqlarını qeyd edib.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və İsmayıllı rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə