Müsüslü-Qarabucaq mənzilində dəmir yolu əsaslı təmir olunur

Müsüslü-Qarabucaq mənzilində dəmir yolu əsaslı təmir olunur

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi həyata keçirilir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu gündən etibarən isə Müsüslü-Qarabucaq mənzilində 5,5 km dəmir yolunun əsaslı təmirinə start verilib.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri üç gün müddətinə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 289 km dəmir yolu əsaslı təmir olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə