Ramazanda necə qidalanmalıyıq? MÜTƏXƏSSİS RƏYİ

Ramazanda necə qidalanmalıyıq? MÜTƏXƏSSİS RƏYİ

Artıq Ramazan ayının demək olar ki, yarısını arxada qoymuşuq. Lakin on bir ayın sultanı Ramazan ayının ilin isti fəslinə düşməsi və havaların gündən–günə isinməsi bəzi insanların oruc tutmasını çətinləşdirir. Belə olan halda oruc tutanlar necə qidalanmalıdır ki sağlamlıqlarına ziyan dəyməsin?

Bu haqda SİA-ya açıqlama verən həkim Sadiq Salamov bildirib ki, oruc tutanların imsak zamanı bol su içməlidirlər: “Havaların isinməsi insanların oruc tutmasını çətinləşdirir. Bu baxımdan imsak zamanı insanların çalışdıqları qədər bol çiy su içməlidirlər. Bundan başqa insanların susuzluqlarını yatırmaq üçün ayran və kefirdən istifadə edə bilərlər. Səhər yeməyində bir qədər yüngül yeməklərə üstünlük verilməlidir. Misal üçün tərəvəz salatları imsak üçün məsləhət görülən yeməklər sırasındadır. Yağsız kəsmik, bir qədər az yağlı xama da qəbul etmək olar. İmsak vaxtı şirniyyat və qızardılmış yeməklərin yeyilməsi məsləhət görülmür. Hətta yağ, pendir və şirin çay qəbul edənlərin də susuzluğa dözməsi çox çətin olur. İmsakda baldan uzaq durmaq lazımdır. Səhər 1 stəkan suya bir qaşıq alma sirkəsi töküb içsək susuzluğun qarşısını ala bilərik”.

Həkimin sözlərinə görə, imsak vaxtı adi çay əvəzinə bitki tərkibli çayların içilməsi məsləhət görüləndir: “İmsak vaxtı məkkə gülü çayı susuzluğu yatırır. Bundan başqa səhər nanə, limon və yaşıl çay qarışığından da dəmləyib istifadə etmək olar”.

S. Sadiq söyləyib ki, iftar zamanı 17 saat ac qalan mədəni ağır yükə salmaq düzgün deyil: “İftar yeməyindən insanlar ilk növbədə 1-2 stəkan çiy su içməlidirlər. Daha sonra yaxşı olardı ki, zeytun və ya tərəvəz salatlarından istifadə olunsun. Üzərindən 15-20 dəqiqə keçdikdən sonra isə isti yeməklərin qəbul edilməsi düzgün sayılır. İsti yeməklərdən də ilk növbədə şorba içilməli, sonra isə digər yeməklər qəbul edilə bilər. Ümumilikdə isə Ramazan ayında yağlı, qızardılmış, ağır xəmir yeməkləri yemək, eləcə də ağ çörəkdən istifadə məsləhət görülmür. İftar zamanı kəpəkli, çovdar çörəyindən istifadə daha məsləhətlidir”.

İftar zamanı duza qoyulmuş şorabalardan istifadəni düzgün hesab etməyən həkim qeyd edib ki, iftar vaxtı şirniyyatların, çərəzlərin, eləcə də duzlu pendirin qəbulu məsləhət görülmür: “Sadalanan qidaların hamısı susuzluq yaratdığı üçün Ramazan ayında onlardan istifadə düzgün hesab edilmir. İftar zamanı da bitki çaylarından istifadə məsləhət görülür. Nanə-yarpız dəmləmələri məsləhət görülür. Lakin çaydan iftar zamanı istifadə etmək düzgün deyil. Çay iftardan bir saat sonra qəbul edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə