Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Əhali ilə aktiv görüşlər aylığı" çərçivəsində rayon sakinləri ilə görüşlər davam edir. Bu qəbildən növbəti görüş rayonun ən qədim qəsəbəsi olan Bibiheybət qəsəbə sakinləri ilə keçirilib.
Səbail RİH-dən SİA-ya verilən məlumata görə, bu görüşün də əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər, ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.
Səbail RİH-nin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi bu görüş Bibiheybət qəsəbəsində yaşayan sakinlər və burada məskunlaşmış məcburi köçkünlər, ağsaqqallar və gənclərin nümayəndələrinin, Bibiheybət məscidi ziyarətgahının din xadimlərinin, bələdiyyə üzvlərinin və təsərrüfat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Ənənəvi olaraq açıq mikrofon formatında təşkil olunan görüşü açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə əldə olunan müvəffəqiyyətlər barədə danışıb.
O qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək: "Bu işlər çərçivəsində qəsəbədə də bir sıra sosial layihələr həyata keçirilib. Keçən ay ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Ali Neft məktəbinin yeni kampusunun açılışı olub, Yeni Salyan yolu küçəsində KİV nümayəndələri üçün yeni yaşayış binasının inşası başa çatıb, "Şıx" sanatoriyası əsaslı təmir olunaraq istifadəyə verilib. Son 1 ildə cənab Prezidentin tapşırığına əsasən Bibiheybət qəsəbəsindəki dağ yamacında salınmış "Ekoloji park"da 100 minə yaxın yeni ağac əkilib".
Tədbirdə çıxış edən tanınmış alimlər, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının və Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə, 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova, Qafqaz Müsəlmanları İdarəsi Səbail-Qaradağ rayonları üzrə qazisi, "Bibiheybət məscid ziyarətgahı" kompleksinin rəhbəri Hacı Rahib Babayev, qəsəbə sakinləri Cabir Məmmədov, Fazil Babayev və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində xalq təsərrüfatının bütün sahələrindəki əldə olunan sosial-iqtisadi inkişafdan, əhalinin sosial vəziyyətinin yüksəldilməsinə, regionların inkişafına və tikinti sektorunun inkişafına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbir və idman yarışlarından danışıblar.
Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunub, ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənərək Prezidentə minnətdarlıq bildirilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB