Səbail rayonunda A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü qeyd olunub

Səbail rayonunda A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü qeyd olunub

Səbail rayonunda Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 218-ci ildönümü qeyd edilib.

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 218-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

Səbail RİH-dən SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları tərəfindən ilk öncə A.S.Puşkinin heykəli önünə gül dəstələri və tər çiçəklər qoyulub.
Səbail rayon ictimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin, "Sodrujestvo" Cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika "Sodrujestvo" cəmiyyətinin sədri Tatyana Kərimova açıb.
O, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.
Tədbirdə çıxış Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər.
Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olan A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunub. Puşkinin məhz Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış ediblər.

Qeyd edək ki, ölməz şairin şerləri Azərbaycan, rus, alman, fransız və ingilis dillərində səsləndirilib, məktəblilər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə