Hansı çimərliklərdə çimə bilərik? AÇIQLAMA

Hansı çimərliklərdə çimə bilərik? AÇIQLAMA

“Çimərlik mövsümü ilə əlaqədar aparılan monitorinqin nəticələri açıqlanıb. Nəticələrə görə, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində vətəndaşların çimməsi məqsədə uyğun sayılmır”. Bu barədə SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Onun sözlərinə görə, artıq 7-8 ildir ki, aparılan monitorinqlərin nəticələrinə görə “Sahil” və “Şıx” çimərliklərində çimmək qadağan edilir və bununla bağlı verilən 83 saylı qərar qüvvədə saxlanılır: “Buna səbəb isə həmin ərazilərdə yaşayış məntəqələrində məişət çirkab suları heç bir zərərsizləşdirilmə prosesi keçmədən dənizə axıdılır ki bu da öz nəticəsini göstərir. Yəni o ərazilərdən götürülən dəniz suyunda bağırsaq çöpləri normadan dəfələrlə çoxdur”.

Şöbə müdiri qeyd edib ki, çimmək qadağan edilən çimərliklərdən biri də Suraxanı rayonu ərazisindəki “Duzlu göl”dür: ““Duzlu göl”lə bağlı 2016-cı ildə Respublikanın Baş Dövlət Sanitar həkiminin müvafiq qərarı var idi. Bu qərar əsasında həmin ərazilərdə vətəndaşların müalicəvi effekt qəbulu kimi həmin göldən istifadəsi qəbul edilib. Həmin qərar bu il də qüvvədə qalır. Belə ki, Göl istifadəyə əsla yararlı sayılmır. Buna səbəb isə gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır. Göl ətrafındakı antisanitariya vəziyyəti də xəstəlik mənbəyi hesab edilir”.

Z. Kazımov söyləyib ki, Sumqayıt şəhəri ərazisində Sumqayıt Baş Dövlət Sanitar həkimin həmin ərazilərdə vətəndaşların çimməsini qadağan edən qərarı da qüvvədə saxlanılıb.

Şöbə müdiri vətəndaşların çimə biləcəyi çimərlikləri də açıqlayıb.

Z. Kazımov qeyd edib ki, aparılan monitorinqin nəticələrinə görə, vətəndaşlar Abşeron yarımadası və digər 4 inzibati rayon - Suraxanı, Xəzər, Binəqədi və Sabunçu ərazisində yerləşən çimərliklərdən tam səmərəli şəkildə istifadə edə bilərlər: “Respublikanın şimal və cənub rayonlarında isə dəniz suyu standartlara cavab verdiyi üçün vətəndaşlar həmin ərazilərdə tam şəkildə istirahət edə bilərlər”.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyunun 15-də başlayır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə