Nəsimi rayon sakinləri ilə görüş keçirilib

Nəsimi rayon sakinləri ilə görüş keçirilib

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinləri ilə görüş keçirilib. Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, görüşdə çıxış edən Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu görüşün əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər, ölkədə keçirilən beynəlxalq tədbirlər və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Nəsimi rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat verməkdir. Bununla yanaşı vətəndaşların müraciətlərini dinləmək və irəli sürülən təklifləri həyata keçirməkdir.

İcra başçısı qeyd edib ki, dünyada davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf edir:"Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub. Bütün bunlar dövlətin həyata keçirdiyi, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasından sonra əldə olunan neft gəlirlərinin qeyri-neft sənayesinin inkişafına yönəldilməsi ilə səciyyələnən hərtərəfli inkişaf konsepsiyasının nəticəsidir.

Qloballaşan dünyanın tələblərinə cavab verən ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin nəticəsidir ki, bu gün təhsil infrastrukturu mühitində uğurlu addımlar atılıb, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, əhalinin məşğulluğunun artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlərdə yeni-yeni nailiyyətlər əldə edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı sayəsində respublikamızda bir sıra beynəlxalq tədbirlər keçirilib, uğurlu layihələrə imza atılıb".

Asif Əsgərov həmçinin bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir.

İcra başçısı onu da əlavə edib ki, ölkə başçısının tapşırıqlarına əsasən Nəsimi rayonunda yerli resurs və imkanlardan istifadə edilərək Nəsimi rayonunu paytaxtımızın ən gözəl guşələrindən birinə çevirmək istiqamətində bir sıra layihələr həyata keçirilir. Nəsimi rayonunda “Abad həyət” layihələri, yenidən əsaslı təmir edilən parklar məhz sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün şəraitin yaradılmasına xidmət edir.

Görüşdə çıxış edənlər Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində bütün sahələrdə əldə olunan müvəffəqiyyətlər, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, Forumlar, idman yarışları, xüsusilə Bakı – 2017 IV İslam Həmrəylik Oyunları barədə danışıblar.

Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunub, ölkə başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə