“Reket” mətbuat və dilənçi “jurnalist”lər - LAYİHƏ

“Reket” mətbuat və dilənçi “jurnalist”lər - LAYİHƏ

Məlum olduğu kimi, Azərbaycanda 4000-ə yaxın media vasitəsi qeydiyyatdan keçdiyi halda ortalıqda normal fəaliyyət göstərən və dövrü çap olunan maksimum 50 ciddi mətbuat vasitəsi var. Bəs qalanları nə işlə məşğuldur? Bu yazıda buna aydınlıq gətirməyə çalışacağıq.

Hazırda Azərbaycanda yüzlərlə qəzet var ki, qeydiyyatdan keçib, ildə 1-2 dəfə 4 səhifə həcmində bir-iki yüz tirajla çap olunur, redaksiyası, avadanlığı belə yoxdur, amma bu qəzetin "işçilərinin" sayı "New-York Times"-in əməkdaşlarından çoxdur.

Bəzi məlumatlara görə, Azərbaycanda 60-70 min nəfər cibində jurnalist vəsiqəsi gəzdirir, jurnalistika ilə məşğul olanların sayı isə uzağı 3 min nəfər olar. İş o yerə çatıb ki, yol polisindən canını qurtarmaq üçün əksər avtomobil sahibləri jurnalist vəsiqəsi əldə etməyə çalışırlar.

Bu çoxsaylı "dilənçi" ordusu ölkənin bölgələrinə daraşıb, pul toplamağa çalışırlar. Bunun üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsulları təxminən belə təsnifatlaşdırmaq olar:

1. Şantaj və ya hədə qorxu yolu ilə;

2. Yalvar-yapışla çay pulu və yol pulu istəməklə;

3. "Diplom" və "Fəxri Fərmanlar" verməklə;

4. Tərifli yazı hazırlamaq vədi ilə;

5. Özlərini dövlət orqanının əməkdaşı kimi təqdim etməklə.

Jurnalistikadan, mətbuatdan və ictimai-siyasi proseslərdən xəbəri olmayan adamlar indi olublar baş redaktor və sağa-sola vəsiqə paylamaqla məşğuldurlar. Adını yaza bilməyən gözəgəlimli qız uşaqlarının cibinə vəsiqə qoyub rayonlara dilənməyə göndərən bu "baş redaktorları" ciddi cəzalandırmaq lazımdır. Bu mətbuatın ən böyük problemidir. Qalan problemlər bundan sonra öz-özünə həll olunacaq.

Xoruz səsi eşitməmiş adlar qoyulan "qəzetlər" mətbuatın və jurnalistlərin adını batırmaqla, onlara cəmiyyətin nifrətini qazandırmaqla məşğul olmaqda davam edirlər. Ölkədə kimi dindirirsən, deyir jurnalistəm. Adam artıq peşəsini təqdim etməyə də utanır. Yüz and-aman elə ki, mən ciddi jurnalistika ilə məşğulam, mənim belə-belə əməllərlə işim yoxdur, kimdi sənə inanan? Jurnalist imici artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir. Adını yaza bilməyən gözəgəlimli qız uşaqlarının cibinə vəsiqə qoyub ölkənin əyalət şəhərlərinə dilənməyə göndərən bu "baş redaktorları" təcili həbs etmək lazımdır. Bu mətbuatın əsas problemlərindən biridir. Çünki, mətbuatın cəmiyyətin "gözündən düşməsi" sonda oxucu qıtlığı yaradır, gəlirləri azaldır, KİV-in təsir gücünü azaldır. Bu problem həll olunsa, qalan problemlər bundan sonra öz-özünə həll olunacaq.

Print-media cəmiyyətdə o vaxt nüfuz qazanacaq ki, peşəkarlardan ibarət heyətə mailk ciddi qəzet-jurnallar maddi və mənəvi asılılıqdan qurtaracaq və sırf oxucu auditoriyasına, reklam bazarına hesablanmış rəqabətə girişəcək. O zaman bu mətbuat vasitələrinin hansının özünü doğruldacağı məlum olacaq. Yoxsa, "xoruz səsi eşitməmiş" adlar qoyulan "qəzetlər" mətbuatın və jurnalistlərin adını batırmaqla, onlara cəmiyyətin nifrətini qazandırmaqla məşğul olmaqda davam edəcəklər.

Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə