AMEA Genetik Ehtiyatlar İnstitutu Türkiyə ilə əməkdaşlıq qurur

AMEA Genetik Ehtiyatlar İnstitutu Türkiyə ilə əməkdaşlıq qurur

Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin Nazilli Pambıqçılıq Tədqiqat İnstitutunun (NPTİ) üç eksperti may ayında 5 günlük Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olublar.

AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, məqsəd AMEA GEİ ilə NPTİ arasında qarşılıqlı elmi əməkdaşlığın qurulması və bu əməkdaşlıq çərçivəsində elmi-tədqiqat məqsədilə bir sıra pambıq sortlarının mübadiləsini həyata keçirməkdən ibarətdir. Səfər “İslam Ölkələri üçün Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi tərəfindən İslam Əməkdaşlığı Təşkilatına Üzv Ölkələrdə Pambıqçılıq Sektorunun İnkişafı Proqramı” çərçivəsində baş tutub. Səfər zamanı türkiyəli mütəxəssislər (NPTİ) yerli mütəxəssislərlə (GEİ) birgə Anchoronlar tərəfindən yaradılan pambıq sortları toxumlarını GEİ dayaq məntəqələrinin sahələrində əkiblər. Həmçinin GEİ tərəfindən yaradılan sortların Türkiyə şəraitində öyrənilməsi məqsədilə hər bir sorta aid toxum qonaqlara təqdim edilib.

Səfər müddətində NPTİ-nin mütəxəssisləri tərəfindən GEİ, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssislərinin iştirakı ilə “Pambıq sortları və effektiv becərilmə texnologiyaları” mövzusunda təlim kursu keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə