Gömrük xidmətləri qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlıdır

Gömrük xidmətləri qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlıdır

Naxçıvan şəhərində Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüş keçirilib.

SİA-nın verdiyi məlumata görə, görüş iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Sonra Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev bildirib ki, son illər iki ölkə arasında gömrük sahəsində qarşılıqlı əməkdaşlığın artırılması üçün mühüm işlər görülüb.

Birgə əməkdaşlıq nəticəsində hüquqpozma hallarının azaldığını qeyd edən Türkiyə Respublikası Gömrük və Ticarət Nazirliyi Gömrüklərin Mühafizəsi İdarəsinin rəisi Abudallah Soylu isə bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Görüşdə hüquqpozmalara qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq, qaçaqmalçılıqla birgə mübarizə, məlumat mübadiləsi, risk analizi, seminar və kursların təşkili və digər məsələlər müzakirə olunub, bu sahədə işlərin icrası üçün məsul şəxslər müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə