Sərsəng su anbarının durumu Avropa Parlamentində müzakirə olundu

Sərsəng su anbarının durumu Avropa Parlamentində müzakirə olundu

Mayın 31-də Avropa Parlamentində Sərsəng su anbarı ilə bağlı tədbir keçirilmişdir. Avropa Parlamentinin üzvləri cənab İvo Vayql, cənab Tamaş Mesiriç və cənab Fabio Kastaldonun ev sahibliyi etdiyi tədbirdə Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında olan Sərsəng su anbarının ətraf rayonların əhalisi üçün yarada biləcəyi humanitar fəlakətə xüsusi diqqət yetirilmişdir.

“Dağlıq Qarabağ münaqişəsi: Sərsəng bu “dondurulmuş münaqişənin” buzlarını əridə bilərmi?” başlığı altında keçirilən tədbirə ekspert qismində Britaniya Kral Kollecinin təmsilçisi xanım Trasey Cerman, Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri xanım Marina Naqayi, LİNKS təşkilatının direktoru cənab Denis Sammut və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi cənab Torsten Ahren qatılmışdır. Tədbirə ev sahibliyi edən avroparlamentarilərin dəvəti əsasında Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri cənab Cavanşir Feyziyev tədbirdə xüsusi qonaq statusu ilə iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan İvo Vayql Sərsəng su anbarının Ermənistanın nəzarəti altında olduğunu, gərəkli texniki baxışların və təmirin həyata keçirilmədiyini bildirmiş və bunun doğurduğu risklərdən danışmışdır. O, bölgədə yaşayan Azərbaycan əhalisi üçün böyük təhlükələrin olduğunu narahatlıqla qeyd etmişdir.

Daha sonra çıxış edən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi cənab Torsten Ahren Sərsəng su anbarının əhalinin təsərrüfat fəaliyyətinin dəstəklənməsi məqsədi ilə tikildiyini, lakin hazırda Ermənistan tərəfindən su anbarının bir təzyiq vasitəsi kimi istifadə edildiyini, bunun isə qəti şəkildə qəbuledilməz olduğunu diqqətə çatdırmışdır. Bu halın ortadan qalxması üçün münaqişə tərəfləri arasında əlaqələrin yaradılmasının vacibliyinə diqqət çəkən Aİ rəsmisi, bu istiqamətdə İttifaqın hərtərəfli dəstək verməyə hazır olduğunu ifadə etmişdir.

Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri xanım Marina Naqayi öz çıxışında Dağlıq Qarabağ münaqişəsini dünyada mövcud olan ən mürəkkəb münaqişələrdən biri kimi səciyyələndirmişdir. Lakin bunun humanitar məsələlərdə tərəflərin ortaq məxrəcə gəlməsinə əngəl yaratmamalı olduğunu bildirmişdir. Natiq köhnəlmiş texnologiyalarla istismar olunan Sərsəng su anbarının bölgədə baş verəcək hər hansı bir zəlzələyə qarşı dayanıqsız olduğunu və ciddi humanitar fəlakətlərə səbəb ola biləcəyini diqqətə çatdırmışdır.

Britaniya Kral Kollecinin təmsilçisi xanım Treysi Cerman öz çıxışında Sərsənglə bağlı problemin ciddi olduğunu vurğulayaraq, məsələnin humanitar fəlakətə səbəb olmaq potensialı haqda hər kəsin düşünməli olduğunu bildirmişdi. Xanım Cerman təkcə münaqişə tərəflərinin deyil, regionda maraqlı olan tərəflərin və bütün əsas beynəlxalq təşkilatların məsələnin həlli üçün çalışmalı olduğunu xüsusi vurğulamışdır. Onun fikrincə ancaq bu yolla sözügedən problemin fəlakətə çevrilməsi riski önlənə bilər.

LİNKS təşkilatının direktoru cənab Denis Sammut münaqişənin geosiyasi reallıqlarını önə çəkərək, diqqəti bu münaqişədən və onun nəticələrindən əziyyət çəkən insanların üzləşdiyi humanitar problemlərə yönəltməyin vacibliyini qeyd etmişdir. Cənab Sammut qeyd etmişdir ki, Sərsəng problemi Dağlıq Qarabağ münaqişəsi nəticəsində ortaya çıxan məsələdir və bu məsələyə görə 100 minlərlə insan əziyyət çəkir. Ekspertin fikrincə, Sərsəng probleminin həlli istiqamətində atılacaq addımlar bütövlükdə həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “etimad yaradırıcı” addımlar kimi səciyyələndirilə bilər.

Dinləmələrdə iştirak edən Ermənistan təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin yalnız ATƏT-in Minsk qrupu səlahiyyətlərinə aid olduğunu önə çəkərək mövzunun Avropa Parlamentinin gündəminə çıxarılmasının məqsədəuyğun olmadığını bildirmişlər. Ermənistan səfirliyinin müşavirinin tədbirlə bağlı iradlarına cavab olaraq cənab İvo Vayql münaqişənin həlli ilə yalnız Minsk qrupunun məşğul olmasının iddia edilməsini doğru hesab etmədiyini bildirmişdir. O qeyd etmişdir ki, Minsk qrupu münaqişə ilə bağlı mövcud olan bütün sualların cavabı deyildir və beynəlxalq ictimaiyyət, xüsusilə Avropa təsisatları bu münaqişəyə və onun doğurduğu nəticələrə daha çox diqqət ayırmalıdır.

Daha sonra çıxış edən Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri cənab Cavanşir Feyziyev işğal nəticəsində Sərsəng su anbarının Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsi, bunun Dağlıq Qarabağ və ətraf bölgələr üçün yaratdığı problemlər haqda tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Öz çıxışında millət vəkili Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarının bu problemdən ən çox zərər çəkən bölgələr olduğunu, bu rayonlarda əhalinin içməli və təsərrüfat suyundan məhrum edildiyini, nəticədə dinc əhalinin əsas gəlir sahələri olan kənd təsərrüfatı ilə məşğul ola bilmədiklərini, bütün bunların isə regionun sosial-iqtisadi inkişafına mənfi təsir göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Millət vəkili Sərsəng su anbarında hər hansı bir təbii fəlakət və ya subyektiv səbəblərdən qəza baş verəcəyi təqdirdə sözügedən 6 regionun və təxminən yarım milyon əhalinin su altında qalacağına xüsusi diqqət çəkərək, beynəlxalq təşkilatları humanitar fəlakət təhlükəsinə laqeyd qalmamağa çağırdı. Cənab Feyziyev Ermənistanın Sərsəng su anbarından azərbaycanlılara qarşı silah kimi istifadə etməsinin heç bir beynəlxalq hüquq prinsiplərinə və etik normalara sığmadığını da diqqətə çatdırdı. O, Ermənistanın Azərbaycan tərəfinə heç bir xəbərdarlıq etmədən bol yağıntılı dövrlərdə Sərsəngdən böyük həcmdə su buraxmaqla daşqınlara, yayda isə suyun önünü kəsməklə quraqlığa səbəb olduğunu bildirdi. Cavanşir Feyziyev həmçinin Sərsəng rezervuarından buraxılan su ilə axıdılan partlayıcı maddələrin təsərrüfatda işləyən insanların, hətta bəzən uşaqların da ölümünə və yaralanmasına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. C. Feyziyev 2016-cı ilin yanvar ayında AŞPA tərəfindən Sərsəng su anbarı ilə bağlı işğalçı qüvvələrin həmin ərazidən dərhal çıxarılmasını tələb edən Qətnamənin qəbul edildiyini xatırladaraq sözügedən Qətnamənin Ermənistan tərəfindən bu günədək icra edilmədiyini xatırlatmışdır. Millət vəkili vəziyyətin dözülməz xarakter aldığını vurğulayaraq, beynəlxalq ictimaiyyəti, xüsusilə də Aİ və Avropa Parlamentini bu humanitar fəlakətin aradan qaldırılması üçün daha fəal rol oynamağa və Ermənistana qarşı müvafiq təzyiq tədbirləri görməyə çağırmışdır.

İclasın yekununda tədbirin təşkilatçıları və münaqişə üzrə tanınmış ekspertlər məsələnin daimi olaraq diqqət mərkəzində saxlanılmasının və ən qısa müddətdə Sərsəng probleminin həlli üçün konkret təkliflər hazırlanmasının vacibliyini vurğulamışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə