Milli Məclisdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Mənim səsim-mənim hüquqlarım: parlamentdə müzakirə” adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdən əvvəl Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.
Dəyirmi masada MM-in vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, deputatlar və uşaqlar iştirak edib.
Tədbirdə ilk çıxış edən Milli Məclkisin sədrinin müavini B. Muradova bildirib ki, Azərbaycan dövləti uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirməkdədir: “Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Azərbaycan bütün insan hüquqlarına, onun tərkib hissəsi olan uşaq hüquqlarına çox hörmətlə, diqqətlə yanaşır. Dövlətimizin əsas siyasəti uşaqların təhsilinin, sağlamlığının təmin edilməsi, uşaqlar üçün bərabər imkanların yaradılmasıdır və bunun üçün bütün addımlar atılır”.
Daha sonra çıxış edən Hicran Hüseynova uşaqlara qarşı dövlət qayğısından danışaraq hər il uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirildiyini deyib. Komitə sədri uşaqların hüquqlarının müdafiəsi sahəsində valideyn məsuliyyəti ilə bağlı problemlərin həllindən də danışıb.
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə