“Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusuna həsr olunan milli seminar başlayıb-TƏDBİR

Bu gün "Kibertəhlükəsizliyə hərtərəfli yanaşma" mövzusuna həsr olunan milli seminar başlayıb. SİA-nın məlumatına görə, ATƏT-in Bakı Ofisi tərəfindən keçirilən praktiki seminar kibercinayətkarlıq haqqında beynəlxalq sazişin həyata keçirilməsində Azərbaycana kömək etmək məqsədi daşıyır. İki gün davam edəcək tədbirdə dövlət orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcəklər. Praktiki seminarın məqsədi kibertəhlükəsizliyə dair ardıcıl siyasət qəbul etməklə kibercinayətkarlıq haqqında Avropa Şurası Konvensiyasının həyata keçirilməsində Azərbaycan hokümətinə kömək etməkdir. Tədbirdə çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel qeyd edib ki, praktik seminarda əsas diqqət beynəlxalq təcrübə və hüquqi çərçivələr, təhlükələr və meyllər, kibertəhlükəsizlik sahəsində vətəndaş cəmiyyətinin iştirakı, eləcə də bu işdə hökümətlə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq məsələlərinə yönəlib: "Bu seminar ATƏT-ə üzv olan ölkələrin bu öhdəliyi yerinə yetirliməsini dəstəkləmək üçün göstərilən səylərin tərkib hissəsidir. Ümidvaram ki, seminar şəxsi məlumat və özəl qorunma ilə əlaqədar hüquq və azadlıqlarının mühafizəsində Azərbaycana köməklik göstərəcək. Bu da öz növbəsində kibercinayətkarlıq haqqında konvensiyanı yerinı yetirməyə imkan yaradacaq".

 

B.Cankorelin sözlərinə görə, konvensiyanın həyat keçirilməsi cinayət qanunvericiliyinin təkmilləşdirilməsi, prosedurların yenidən həyata keçirilməsi, cinayət qanunvericiliyinin təkmilləşdirilməsi, daha effektiv hüquq-mühafizə tədbirlərinin həyata keçirilməsi və internet xidməti provayderləri ilə daha yaxşı əməkdaşlığın qurulması kimi bəzi dəyişiklikləri tələb edə bilər.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquqi və İnsan Resursları İdarəsinin rəhbəri Bəxtiyar Məmmədov isə çıxışında kibertəhlükəsizlik istiqamətində Azərbaycanın beynəlxalq təşkilatlarla imzaladığı müqavilələr və bu istiqamətdə görülən işlər barəsində danışıb.

 

ATƏT Katibliyinin Terrorizmlə Mübarizə şöbəsinin nümayəndəsi Nemanya Malişeviç kiberməkandan irəli gələn müasir təhlükələrə qarşı mübarizənin daha effektli şəkildə aparılmasından danışıb. Onun sözlərinə görə, kibercinayətkarların məqsəd və səbəbləri müxtəlif olsa da, eyni üsullardan istifadə edirlər: "Onlar bir-birindən öyrənir və tez-tez birgə işləyir. Onlar sıx işlədiyi halda, beynəlxalq ictimayyətin birgə mübarizə yolları yoxdur. Təəssüf ki, resurs və təcrübələrdən istifadə zamanı tez-tez bölünür və ya fəaliyyətdə olan ədalət və hüquqi çərçivələrlə uyğunluq təşkil etmir".

 

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Kərim Kərimov isə bildirib ki, son illər Azərbaycanda kibercinayətkarlıq hallarının artma tendensiyası müşahidə olunur. O, bu cür cinayətlərin qarşısının alınması istiqamətində mütəmadi işlərin aparıldığını söyləyib.

 

Qeyd edək ki, Azərbaycan kibercinayətkarlığa qarşı vahid siyasət və beynəlxalq əməkdaşlığa təşviq edən konvensiyanı 2010-cu ilin iyulun 1-də ratifikasiya edib.

Bütün xəbərlər Facebook səhifəmizdə