Azay Quliyev: "QHT-lərin Dağlıq Qarabağla bağlı həyata keçirdiyi layihələr Ermənistanın təcavüzkarlığını ifşa edir"- MÜSAHİBƏ

Azay Quliyev: "QHT-lərin Dağlıq Qarabağla bağlı həyata keçirdiyi layihələr Ermənistanın təcavüzkarlığını ifşa edir"- MÜSAHİBƏ

Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin SİA-ya müsahibəsi

 

- Azay müəllim, QHT-lərin vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin sürətləndirilməsində rolunu yetərli hesab etmək olarmı?

 

- Ümumi şəkildə QHT-lər bir institut olaraq artıq formalaşıbdır. Əvvəlki illərə nisbətən bu gün ölkəmizdə QHT sektoru öz missiyasını daha aydın şəkildə dərk edir, müxtəlif problemlərin üzə çıxmasında, ictimailəşməsində, hökumətin diqqətinə çatdırılmasında və həllində öndə gedən sıralardadır. QHT-lər xüsusi təşəbbüs və ideya ilə çıxış etmək iqtidarındadır. Bu gün QHT sektoru nümayəndələri Azərbaycanı istənilən beynəlxalq forumlarda layiqincə təmsil etmək təcrübəsi qazanıb və bütün bunlar faktlardadır. Bunun da əsas səbəblərindən biri QHT-lərə yönələn dövlət siyasətinin çox uğurlu şəkildə həyata keçirilməsidir. Cənab Prezidentin bu istiqamətdə atdığı addımlar, 27 iyul 2007-ci il tarixdə təsdiq etdiyi QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının qəbulu bütün sahələrdə əldə olunan uğura çox böyük töhfə verdi. Ümumiyyətlə, QHT sektoru yeni bir mərhələyə qədəm qoyubdur. Bu da, şübhəsiz ki, dövlətin və vətəndaş cəmiyyətinin inkişafına və güclənməsinə təsir edir. Bu, bir faktdır və bunu dana bilmərik. Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu və gücü artan xətt üzrə davam etməkdədir və bu sahədə dinamika çox ciddi şəkildə izlənilir. QHT -lər bundan sonra da gərək bu dinamikanı saxlasınlar.

 

- Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə yardımı alan QHT-lər layihə üzrə vəsaitlərin xərclənməsini düzgün həyata keçirirmi?

 

- QHT-nin böyük əksəriyyəti bunu düzgün şəkildə həyata keçirir. Bunu müxtəlif istiqamətlərdə aparılan monitorinqlərdə təsdiq edir. Ayrılan vəsaitin şəffaflıq baxımından xərclənməsini izləyirik və vəsaiti ayıran zaman birdəfəlik deyil, hissə-hissə ayırırıq. Ödənişlər arası olan məsafədə də hesabatlar alırıq. Bütün hesabatlar yerindəcə araşdırılır və ondan sonra həmin layihələrin icra olunması haqqında akt tərtib olunur. Buna görə də bütün layihələrə tam şəkildə nəzarət edə bilirik. Bütövlükdə, əksər QHT-lərin bu baxımdan fəaliyyətindən razıyam. Layihələri üzrə götürdükləri öhdəliklər həyata keçirə biliblər. Amma bununla yanaşı, elə QHT var ki, təəssüf ki, ona göstərilən etimadı doğrultmur, müqavilə öhdəliklərini bir sıra hallarda pozurlar. Bunula bağlı da çox sərt qərarlarımız olubdur. Bu qərarlardan sonra problemlər aradan qaldırılıb və bərpa olunubdur. Səhvə yol verən təşkilatlar növbəti müsabiqələrdə bizdən qrant almaq hüququndan məhrum olublar. Bununla yanaşı, kifayət qədər təcrübəli və layihə həyata keçirmək bacarığına malik olan QHT-lərimiz də var.

 

- Bu layihələrin həyata keçirilməsi hansı müsbət yeniliklər gətirir?

 

- Müsbət yenilikləri sadalasaq, ilk növbədə, bu gün QHT sektorunda olan inkişafı qeyd etməliyik. Eyni zamanda, ayrı-ayrı sahələr üzrə QHT-lərin həyata keçirdiyi layihələrin konkret nəticələrini qeyd etməliyik. Birinci yerdə Azərbaycan QHT-lərinin Dağlıq Qarabağla bağlı həyata keçirdiyi çox müsbət və vacib layihələri qeyd etmək istərdim. Bu layihələrin ümumi məqsədi və məzmunu Ermənistanın təcavüzkarlığını ifşa edir. Bura saytlar, kitablar, braşurlar və digər təbliğat vasitələri daxildir. İndiyə qədər hər hansı donor tərəfindən bu layihələr dəstəklənməyib. Xarici donorlar Azərbaycanın ümummilli, ərazi bütövlüyünün bərpası, Ermənistanın təcavüzkarlığının beynəlxalq ictimaiyyətə çatdırılması məsələlərində heç bir QHT-yə yardım etməyiblər. Ona görə də cənab Prezident bu konsepsiyanı imzalayan zaman xüsusi olaraq, dövlət tərəfindən ayrılacaq maliyyə yardımlarının istiqamətləri müəyyənləşdirilmişdir və bu istiqamətlərdə birinci beş yerdə Azərbaycan həqiqətləri ilə bağlı mövzu durur. Əvvəllər bu sahədə boşluq çox dərin idi, amma indi möhtərəm Prezidentimizin sayəsində Dağlıq Qarabağla bağlı fəaliyyətimiz çox bariz şəkildə göz önündədir. Ümumiyyətlə, digər sahələrdə QHT-lərin fəaliyyəti həmin sahəyə ictimai diqqəti artırmağa, dövlətin həmin sahədəki problemləri daha aydın şəkildə təhlil etməsinə və həllinə müəyyən mənada köməklik edir. Təhsil, səhiyyə, mədəniyyət, ekologiyayla bağlı bir çox məsələlər var ki, layihələr çərçivəsində müəyyən qüsurları aşkarlayıb dövlətin diqqətinə çatdırmışıq və dövlət də bununla bağlı məlum qərarlar qəbul edib. Bütün bunlarla yanaşı, bir problemimiz var ki, ayırdığımız vəsait azdır. Maliyyə imkanlarımız az olduğu üçün kiçik qrantlar verə bilirik. Elə sahələr var ki ora 50.000, 100.000 min manat civarında vəsait ayrılmalıdır və nəticədə sahəvi bir problemin həllinin şahidi olmalıyıq. Qarşıdan gələn illərdə dövlət tərəfindən QHT-yə ayrılan vəsaitin həcmi o həddə çatacaqdır ki, çatışmazlığı tam şəkildə aradan qaldıracağıq.

 

- Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi faktının dünya birliyinə və beynəlxalq təşkilatlara çatdırılmasında QHT-lər nə dərəcədə fəaldır?

 

- Bu fəallıq kifayət qədər çoxalıbdır. Əvvəllər QHT-yə kənardan yardım olmadığı üçün bu kimi problemlərdən yaxından iştirak edə bilmirdilər və xarici donorlar da "öz işinizdir" deyib buna məhəl qoymurdular. Amma indi isə, dövlət tərəfindən dəstək şurasının yaradılması və büdcənin ayrılması artıq bu sahədə vəziyyəti tamamilə dəyişibdir. Hər müsabiqədə ən çox vəsaiti Dağlıq Qarabağın işğalına, ölkədə vətənpərvərlik ruhunun artırılmasına ayırırıq. Bu baxımdan artıq QHT-lər əldə etdikləri daxili potensiyanı asanlıqla reallaşdıra bilirlər və Dövlət Dəstəyi Şurası da bu istiqamətdə bütün ağlabatan təklifləri və təşəbbüsləri dəstəkləyir. Ona görə də kifayət qədər fəallıq, artım, təşəbbüskarlıq var. Hesab edirəm ki, QHT-lər cənab Prezidentimizin bu sahədə apardığı işə bir ictimai dəstəkdir və ümummilli proqramın həllində hamının birgə fəaliyyətinin koordinasiya olunmasıdır. Gələcəkdə də QHT-lər torpaqlarımızın işğalını məsələsinə daha çox diqqət ayıracaqdır və torpaqlarımız işğaldan azad olunanadək prioritet mövzu kimi gündəliyimizdə daim yer alacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə