Bahar Muradova: "Beynəlxalq Böhran Qrupu bu hesabatı ilə Azərbaycanda "böhran" yaratmaq məqsədinə xidmət edən bir mövqe sərgiləyib"-MÜSAHİBƏ
-ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri Azərbaycana nə vəd edir?
-ATƏT-in Minsk qrupu regiona növbəti səfəri zamanı Dağlıq Qarabağ münaqişənin həll ediləcəyini düşünməsəm də, Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana və Azərbaycana səfərindən sonra ATƏT-in Minsk qrupu həmsədrlərin bölgəyə səfərinin vacib olduğunu düşünürəm. Onların bölgəyə səfəri Dağlıq Qarabağ məsələsinin danışıqlar prosesinə və onun bundan sonrakı perspektivinə aydınlıq gətirilməsi üçün əhəmiyyəti ola bilər. Nəzərə alsaq ki, hal-hazırda Birləşmiş Millətlər Təşkilatının Assambleyasının gündəliyində Azərbaycan tərəfindən təqdim olunan qətnamə layihəsi müzakirə edilərək səsverməyə qoyulması gözlənilir. Eləcə də, Ermənistan tərəfi buna cavab olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı şantajsayağı məlumat yaymaqla məşğuldur. O mənada düşünürəm ki, bu səfər zamanı həmsədrlərin həmin qətnamədə göstərilən məsələləri daha yaxşı aydınlaşdırmaq üçün əraziyə faktaydınlaşdırıcı missiyasının göndərilməsi ilə bağlı aparacaqları iş əhəmiyyətli ola bilər. Eyni zamanda bununla da vəziyyətə dair həmsədr ölkələrin bütünlüklə və ayrı-ayrı mövqelərin nədən ibarət olmasının növbəti dəfə səslənməsi əhəmiyyətli ola bilər.
-Ermənistan tərəfi təmas xəttində atəşkəsi mütəmadi olaraq pozmaqla nə məqsəd güdür?
Təmas xəttində atəşkəsin mütəmadi olaraq pozulması hiddət doğuran məsələdir. Bu hər gün baş verən hadisədir. Nəzər yetirsəniz, Rusiya prezidentinin Ermənistan səfəri zamanı iki dövlət arasında imzalanan hərbi müqavilədən sonra bu daha kəskin xarakter alıb. Ermənistanın qeyri-səmimi hərbi bəyanatları ilə atəşkəsin pozulması hallarının intensivliyi üst-üstə düşür. Ermənistan tərəfindən təmas xəttində atəşkəsin mütəmadi olaraq pozulması rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyinin möhkəmlənməsindən xəbər verən bir amil kimi dəyərləndirmək lazımdır. Eləcə də hal-hazırda atəşkəs elan olunsa da atəşkəs mövcud deyil. Hər gün cəbhədə ermənilər tərəfindən Azərbaycan mövqeləri atəşə tutulur. Dinc insanların və əsgərlərin şəhid olması faktları göz qarşısına qoyur. Bu mənada düşünürəm ki, bölgəyə səfər edən ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndələri də bu məsələyə münasibət bildirməlidirlər. Ermənistanın danışıqlar prosesinə və prosesdə qarşıya qoyulan hədəflərə çatdırılmasını şübhə altına qoyan məqamlara açıqlama gətirməlidirlər.
-ATƏT-in növbəti sessiyasında Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi yenidən gündəmə gətiriləcəkmi?
- Dağlıq Qarabağ münaqişəsi nə qədər ki həll olunmayıb, nə qədər ki Ermənistan danışıqlar prosesini sürətləndirmək və razılığa gəlmək istiqamətində addımlar atmayıb, biz Ermənistanın işğalçı və qeyri-konstruktiv mövqedə dayandıqlarını bütün beynəlxalq təşkilatların gündəmində saxlayacağıq. Eyni zamanda bu mövqe ATƏT Parlament Assambleyasında keçərli olacaq. Elə bu dövr ərzində baş verən hadisələrlə bağlı mütləq ATƏT-in PA iclaslarında toxunulacaq. Azərbaycan tərəfidə rəsmi İrəvanaın qərərsiz mövqeyini daha ciddi diqqətə çatdırmaq üçün və diqqəti daha kəskin şəkildə yönəltmək üçün lazım olan bütün addımları atacaq.
-Azərbaycanın beynəlxalq təşkilatlarda haqq səsinin eşidilməməsinin arxasında nə gizlənir?
- Beynəlxalq ictimaiyyətə və təşkilatlara, güclərə Ermənistana göstərməli olduqları təzyiqlər barəsində biz fikirlərimizi bildiririk. Bunu beynəlxalq qurumlar bəzən ya eşitməzliyə vurur və yaxud da Ermənistanın mövqeyindən çıxış etməklə bir növ vəziyyəti balanslaşdırmağa çalışılırlar. Bu faktdır ki, Ermənistan öz təcavüzkar siyasətini aparmaqda təkcə özünə güvənmir. Müttəfiqi olduğu digər ölkələrın əlində alətə çevrildiyi beynəlxalq dairələr var. Onlar öz maraqları üçün Ermənistandan alət kimi istifadə edirlər və dünya erməni maraqlarının reallaşdırılması istiqamətində konkret olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı gedən müzakirələrdə ona dəstək verə bilən təcavüzkar siyasət imicinin ifşa olunmasına yönələn səyləri zərərsizləşdirmək istiqamətində işlər aparır. Bu faktdır və bunu biz birinci dəfə görmürük. Bunun ən müxtəlif səbəbləri var. ATƏT-də biz bununla bağlı öz fikirlərimizi dəfələrlə bəyan etmişik. Amma bu bizi ruhdan salmamalıdır. Biz haqlı, ədalətli olduğumuz halda haqqa və ədalətə qarşı yönələn addımları ifşa etmək və Azərbaycan həqiqətlərini dünyada daha açıq və kəskin şəkildə ifadə etmək, Dağlıq Qarabağ probleminin həlli üçün lazımı olan beynəlxalq təşkilatlardan dəstəyi almaq istiqamətində səylərimizi artırmalıyıq. Bu bizim bir nömrəli vəzifəmizdir.
-Beynəlxalq Böhran Qrupunun növbəti hesabatı açıqlanıb. Azərbaycan azad olmayan ölkələr sırasına daxil edilib. Bu hesabatda sıramız düzgündür?
Bir sıra Beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ikili yox, bir sıra sifətlə yanaşmasının dəfələrlə şahidi olmuşuq. Bu dəfədə Beynəlxalq Böhran Qrupunun növbəti hesabatı belə bir yanaşmanın sübutudur. Düşünürəm ki, böhran qrupu bu hesabatı ilə Azərbaycanda "böhran" yaratmaq məqsədinə xidmət edən bir mövqe sərgiləyib. Azərbaycanda yaşayan, Azərbaycanda gedən proseslərin yaxından bilən beynəlxalq arenada bunu izləyən dairələr bilir ki, bu belə deyil. Burada ən müxtəlif səbəblər var. Tutduğu yolla Azərbaycanın inkişafı, Azərbaycanın demokratikləşməsi və vətəndaş cəmiyyətinin qurulması yolu ilə gedir və bu yolda Azərbaycana qarşı təzyiqlər və ədalətsiz münasibətlər olacaq. Bu bizi öz siyasətimizdə bədgüman olmağa gətirib çıxarmamalı və Azərbaycanda gedən proseslərin doğru-düzgünlüyünə şübhə yaratmamalıdır. Biz düzgün yoldayıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB