Gültəkin Hacıbəyli: “ATƏT-in Minsk qrupu öz məsuliyyətini daha dərindən dərk edərək ermənilərə ciddi iradlar bildirməlidir” - MÜNASİBƏT

Gültəkin Hacıbəyli: “ATƏT-in Minsk qrupu öz məsuliyyətini daha dərindən dərk edərək ermənilərə ciddi iradlar bildirməlidir” - MÜNASİBƏT

"ATƏT-in Minsk qrupunun həmsədrləri ermənilərə daha ciddi iradlar bildirməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli deyib. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll yolu ilə bağlı mandat ATƏT-in Minsk qrupundadır və məsuliyyət daha çox bu foramtın üzərinə düşür: "AŞPA-da dəfələrlə bu məsələni qaldırırıq. Dağlıq Qarabağ münaqişəsinin həll yolu ilə bağlı mandat ATƏT-in Minsk qrupundadır və məsuliyyət daha çox formatın üzərinə düşür. Bu zəmində olanlar öz məsuliyyətini dərindən dərk edərək ermənilərə daha ciddi iradlar bildirməlidirlər. Təəssüf ki, hələlik bunun şahidi olmuruq. Ancaq məsələlərin beynəlxalq ictimayyətə çatdırılması istiqamətində addımlarımızı atmaqda davam edirik".

 

G.Hacıbəyli həmçinin son zamanlar təmas xəttində Ermənistan silahlı qüvvələrinin mütamədi olaraq atəşkəs rejimini pozması faktoruna da münasibət bildirib: "Ermənistanın bu addımı onun bütün davranışlarının təcəssümüdür. Bu işğalçı və aqressiv dövlətin hüquqa, insanlığa zidd davranışdır. Təbii ki, bu davranışları yalnız qınamaq olar".

 

Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfərini müsbət qiymətləndirən millət vəkili hesab edir ki, səfər zamanı Rusiya ilə Ermənistan arasında imzalanan hərbi müqavilədə olan müəyyən qaranlıq məqamlara aydınlıq gətirildi: "Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri zəruridir, çünki Rusiya Azərbaycanın ən böyük qonşusudur. Rusiya Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Xüsusən də son dövrlərdə. İrəvanda hərbi müqavilə imzalandı. Düşünürəm ki, bu səfərdə müəyyən qaranlıq məqamlara aydınlıq gətirildi, Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivlərinə stimul verdi. Fikir mübadiləsi və münasibətlərin inkişafı baxımından səmərəli səfərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə