Dmitri Medvedev: “Azərbaycanla Rusiya arasında qarşıdakı onilliklər üçün əməkdaşlığın təməlini yaradan çox mühüm sənəd imzalanıb”
"Bu gün müstəqil dövlətlər olan Rusiya ilə Azərbaycanın münasibətləri tarixində həqiqətən çox əlamətdar gündür. Bu gün biz ölkələrimiz arasında mövcud olan mürəkkəb məsələlərdən sonuncusunu qapadıq". Bu sözləri Rusiya prezidenti Dmitri Medvedev keçirdiyi mətbuat konfransında deyib.
SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə Rusiya prezidenti bu sənədin Azərbaycan üçün sərhədin müəyyən edilməsi barədə ilk saziş, ilk müqavilə olduğunu bildirib. Əlavə edib ki, bu, gələcək münasibətlərimiz üçün xüsusi əhəmiyyət kəsb edir.
"Azərbaycan Prezidenti indicə bu münasibətləri iki strateji tərəfdaşın səmimi dostluq münasibətləri kimi səciyyələndirdi. Təbii ki, mən bu fikrə tamamilə şərikəm. Münasibətlərimizin mahiyyətini kooperasiyamızın praktiki olaraq bütün sahələrində izləmək mümkündür. İndi mən həm iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik mövzularına dair əməkdaşlıq, regional, humanitar əlaqələr barədə danışa bilərdim. Lakin mən bu münasibətlərin xüsusi xarakterini hər şeydən yaxşı səciyyələndirən cəmi bir misal gətirəcəyəm. Bildiyiniz kimi, bu il Rusiya Federasiyasına fəlakət üz vermişdir. Çoxlu yaşayış məntəqəsi yanmış, insanlar zərər çəkmiş, həlak olmuş, çoxlu evi alov bürümüşdü. Bu məqamda azərbaycanlı həmkarlarımız da bizə dost əlini uzatmış, bizim bir sıra yaşayış məntəqələrində yanğınların söndürülməsində iştirak etmişlər. Bu, həqiqətən çox vacibdir. Xüsusən ona görə ki, bu cür fəlakətlər adətən, gözlənilmədən baş verir və çox vaxt sürəkli xarakter daşıyır", - deyə D.Medvedev qeyd edib.
Gələcəkdə hər şeyin yaxşı olacağına inandığını bildirən Rusiya prezidenti əlavə edib ki, bizim çox perspektivli layihələrimiz var. Bu gün sərhədyanı Samur çayının su ehtiyatlarından birgə istifadə edilməsi barədə də müqavilə imzalanıb. Bu ehtiyatlar bizim müştərək sərvətimizdir və biz sadəcə olaraq, onlardan daha yaxşı istifadə etməyin yolları barədə fikirləşməliyik. Energetika sahəsində əməkdaşlıq, əlbəttə, ən mühüm istiqamətdir. Lakin bu, yeganə istiqamət deyildir. Biz razılığa gəldik ki, bu məsələyə bəlkə də ayrıca bir görüş, dövlət başçılarının ayrıca bir zirvə toplantısını həsr etmək, bütün istiqamətlərdə vəziyyəti ölçüb-biçmək lazımdır. Xüsusən ona görə ki, artıq əlaqələr vardır. Bu əlaqələr, o cümlədən qaz sferasında əməkdaşlıq sahəsində kifayət qədər fəal inkişaf etməyə başlayıb. Neft, ticarət, elektrik energetikası sahələrində əməkdaşlıq da elə istiqamətlərdir ki, biz onlara həqiqətən daha artıq diqqət yetiririk.
Regional məsələlərin həmişə gündəlikdə olduğunu qeyd edən D.Medvedev ümidvar olduğunu bildirib ki, mətbuat konfransının gedişində bu cür suallar veriləcəkdir. "Biz son zamanlar daha bir ümumi məkanda əldə edilmiş müsbət nə varsa hamısını qoruyub saxlamağın zəruri olmasından danışdıq. Bu, Xəzər məkanıdır. Ümid edirəm ki, irəlidə bu əməkdaşlığı dərinləşdirmək üçün imkanımız olacaqdır", - Rusiya prezidenti bildirib.
Beləliklə, bu, həqiqətən əlamətdar səfərdir. Həm formal baxımdan əlamətdardır, çünki ölkələrimiz arasında qarşıdakı onilliklər üçün əməkdaşlığın təməlini yaradan çox mühüm sənəd imzalanıb. Həm də qeyri-formal mənada, şəxsi ünsiyyət baxımından əlamətdardır, çünki bu cür ünsiyyət olmadan mehriban münasibətləri inkişaf etdirmək mümkün deyildir. Biz çox görüşürük, çox ünsiyyət saxlayırıq. Bizim çox mehriban yoldaşlıq münasibətlərimiz vardır və ümid edirəm ki, bundan sonra da belə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB